“Bir əli torpaqda, bir əli haqda”

 

            İyunun 2-də Xətai rayonunun S.Vurğun adına Mərkəzi Kitabxanasında Xalq şairi Zəlimxan Yaqubla oxucuların və kitabxana işçilərinin “Bir əli torpaqda, bir əli haqda” adlı ədəbi-bədii görüşü keçirildi.

  

   “Kitabxana mənim üçün məbədgahdır” - deyən Zəlimxan Yaqub görüşə əliboş gəlməmişdi. Ürəyinin səsi, gözünün nuru ilə yazdığı kitablarını kitabxanaya təqdim edəndən sonra görüş baş tutdu. Görüşü Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Oruc Quliyev açaraq Xətai rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon kitabxanalarının kollektivləri adından Zəlimxan Yaqubu və məclisin fəxri qonağı - Almaniyada yaşayan türk alimi Nizaməddin Onku salamladı.

   Bakı Şəhər Mədəniyyət və Turizmi İdarəsinin mədəni-kütləvi işlər, kitabxana, mədəniyyət evi və muzey işi sektorunun müdiri Gülnarə Seyidova Zəlimxan Yaqub yaradıcılığından söz açdı, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin kitabxanalar üzrə direktorlar Şurasının sədri Nüşabə Ələkbərova Kitabxanalar Şurası adından respublikamızda 60 illik yubileyi təntənə ilə qeyd olunan şairə diplom təqdim etdi. Xətai rayonundakı 171 saylı məktəbin müəllimləri Mərziyyə Məmmədova və Nazilə Ömərovanın ürək dolu çıxışları alqışlarla qarşılandı.

   Şairin yaradıcılığından nümunələr söyləyən məktəbli Elnur Əliyevin çıxışı, gənc xanəndə Gülay Qədirovanın ifası görüşə xüsusi rəng qatdı.

   Türk alimi Nizaməddin Onk bu məclisdə iştirak etdiyinə görə özünü dünyanın xoşbəxt insanı saydığını, Zəlimxan Yaqub sənətinin Türkiyədən başlamış, Bolqarıstan, Yunanıstan, Avstriya, Fransa, Britaniya, İspaniyada yaşayan milyonlarla türkün arasında yayıldığını bildirdi, şairi Azərbaycanın böyük oğlu adlandırdı.

   Görüşdə şairin həyat və yaradıcılığı ilə bağlı videomaterial nümayiş olundu. Zəlimxan Yaqubun çıxışı isə alqışlarla qarşılandı. Şairin öz dilindən şeirlərini eşitmək, oxuculara xüsusi zövq verdi. Sonra o, oxucuların suallarına cavab verdi. Ömrünün 60-cı baharında oxucularının qarşısına 40 kitabla çıxan Xalq şairi Zəlimxan Yaquba sonda xatirə hədiyyəsi təqdim olundu.

  

 

   Təranə

 

   Mədəniyyət.- 2010.- 4 iyun.- S. 4.