Qətərdə Azərbaycan mədəniyyətinin təntənəsi

 

   Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin tədbirlərlə davam edib. Tədbirlərdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə geniş nümayəndə heyəti iştirak edir. Qətərdə səfərdə olan «Mədəniyyət» qəzetinin baş redaktoru İntiqam Hümbətovun verdiyi məlumata görə, iyunun 2-də Doha şəhərində Qətər Milli Teatrının binasında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

  

   Mərasimdə çıxış edən Qətərin mədəniyyət naziri Həməd bin Abd əl-Aziz əl-Kavari Azərbaycanın qədim və zəngin mədəniyyətinə heyran olduğunu vurğulayıb. Nazir Bakıya bir neçə dəfə gəldiyini və ölkəmizin mədəniyyəti, incəsənəti ilə tanış olmaq imkanı əldə etdiyini nəzərə çatdırıb. İki ölkə arasında əlaqələrin uzun illər zəif olmasından təəssüflənən nazir ötən il Azərbaycanda keçirilən Qətər Mədəniyyəti Günlərini xatırlayıb. Böyük maraqla qarşılanan bu tədbirdən sonra ölkələr arasındakı əlaqələrin daha da inkişaf etdiyini deyib. Azərbaycanla Qətərin coğrafi baxımdan yaxın olmaları ilə yanaşı mədəniyyətlərinin də ortaq köklər üzərində qurulduğunu vurğulayıb. Qətərli nazir 2009-cu ildə Bakının İslam Mədəniyyəti paytaxtı olduğunu xatırladaraq Azərbaycanın dünya mədəniyyəti, eləcə də müsəlman dünyasının mədəni xəzinəsinə böyük töhfələr verdiyini söyləyib. Nazir ümidvar olduğunu bildirib ki, Azərbaycan Mədəniyyəti Günləri iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət edəcək.

   Tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev 2009-cu ildə Azərbaycanın paytaxtının İslam Mədəniyyəti Paytaxtı elan olunması ilə bağlı ölkəmizdə bir sıra tədbirlərin, o cümlədən Qətər Mədəniyyəti Günlərinin keçirildiyini bildirib. «Həmin tədbirlərdə azərbaycanlılar Qətər mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandılar. Sevindirici haldır ki, bu gün qətərlilər Azərbaycanın mədəniyyəti ilə tanış olurlar».

   Nazir 2010-cu ildə Qətərin paytaxtı Dohanın İslam Mədəniyyəti Paytaxtı elan edildiyini, Bakını məhz Doha şəhərinin əvəz etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd edib ki, Doha ərəb dünyasının ən gözəl, mədəni cəhətdən zəngin, inkişaf etmiş şəhərlərindən biridir: «Çox sevindirici haldır ki, burada olduğumuz müddətdə qətərlilərin Azərbaycan mədəniyyətinə sevgisini və marağını hiss edirik».

   Nazir iki ölkə arasında siyasi və mədəni əlaqələrin inkişafında ölkə başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hər iki ölkənin birinci xanımlarının mədəni dəyərlərə yüksək qiymət verməsi mədəniyyət sahəsində əməkdaşlığın inkişafına əlavə töhfədir. Nazir nitqinin sonunda yüksək qonaqpərvərliyə görə Qətər dövlətinin rəhbərliyinə Azərbaycanın mədəniyyət xadimlərinin təşəkkürünü çatdırıb.

   Açılış mərasimində Azərbaycanın Qətərdəki səfiri Eldar Səlimov, Milli Məclisin deputatları Aqil Abbas, Qənirə Paşayeva və digər qonaqlar iştirak edib.

   Mərasimdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının quruluşunda Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası qətərli tamaşaçılara təqdim olunub. Baş rolları Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimovun ifa etdiyi opera sürəkli alqışlarla qarşılanıb. Tamaşadan sonra hər iki ölkənin nazirləri səhnə arxasında Azərbaycan incəsənət ustaları ilə görüşüblər. Qətərli nazir bir daha Azərbaycan incəsənətinə öz heyranlığını bildirib və yüksək peşəkarlıqlarına görə incəsənət ustalarına təşəkkür edib. Bakıda olarkən “Leyli və Məcnun” operasına tamaşa etdiyini deyən nazir Azərbaycan Mədəniyyəti Günlərinin proqramına salınmasını da şəxsən xahiş etdiyini bildirib.

   İyunun 2-də Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

   Azərbaycanın mədəniyyət və turizm nazirinin qətərli həmkarı ilə görüşündə iki ölkə arasında mədəni əlaqələr müzakirə olunub. Ölkəmizin Qətərdəki səfiri Eldar Səlimovun da iştirak etdiyi görüşdə növbəti iki il üçün mədəniyyət əməkdaşlığı proqramı müzakirə olunub və bununla bağlı müvafiq şəxslərə göstərişlər verilib. Ə.Qarayev qətərli həmkarını 2011-ci ildə keçiriləcək Xalça Muzeyinin yeni binasının açılış mərasiminə və Şərq Xalqlarının Simpoziumuna dəvət edib.

   Qətərin mədəniyyət naziri isə Azərbaycan klassiklərinin əsərlərinin ərəb dilinə tərcümə olunmasının və həmin əsərlərin Qətər kitabxanalarına paylanmasının vacibliyini vurğulayıb. Ə.Qarayev həmin əsərlərin tərcümə olunması üçün 2 ay ərzində onlara təqdim olunacağını deyib.

   Nazir Azərbaycan hökuməti adından gələn ilin aprelində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qətərli həmkarını dəvət edib.

   Həmin gün nazir Ə.Qarayev Qətərin dünyaca məşhur “Əl-Cəzirə” telekanalının baş direktorunun müavini Abdullah bin Tamir əl-Tani ilə görüşüb.

   Nazir ölkəmiz haqqında ətraflı məlumat verib, Azərbaycanın tarixinin, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında maraqlı olduğunu deyib. Lakin Qarabağla əlaqədar bəzi ölkələrdə dəqiq məlumatların olmadığına təəssüflənən nazir bu xəbərlərin obyektiv şəkildə işıqlandırılması istəyini dilə gətirib.

   Nazir CNN, BBC kimi kanallarda Azərbaycanın turizm potensialını nümayiş etdirən reklam çarxlarının yayımlandığını da diqqətə çatdırıb. Bu səbəbdən də “Əl-Cəzirə” kanalı ilə əməkdaşlıqda da maraqlı olduğunu qeyd edib. Söhbət əsnasında “əl-Cəzirə” kanalında Azərbaycanın turizmi ilə bağlı reklam çarxlarının da nümayiş olunması qərara alınıb.

   Digər bir qərar isə “Əl-Cəzirə” kanalının sənədli filmlər studiyası ilə nazirliyin “Salnamə” studiyası arasında əməkdaşlıqla bağlı olub. Bu əməkdaşlıq nəticəsində Azərbaycan həqiqətləri haqqında sənədli filmin çəkilməsi təklifi irəli sürülüb. Nazir 3500 işçisi olan, ərəb dünyasının CNN-i sayılan telekanalın studiyaları ilə tanış olub.

   Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ölkəmizin Qətərdəki səfirliyi adından rəsmi ziyafət verilib. Qətər rəsmilərinin, xarici ölkələrin diplomatik nümayəndələrinin iştirak etdiyi ziyafətdə çıxış edən səfir Eldar Səlimov iki ölkə arasında əlaqələrin son illər sürətlə inkişaf etdiyindən, bu əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolundan danışıb. Sonra Azərbaycan incəsənət ustalarının iştirakı ilə kiçik konsert olub.

   İyunun 3-də paytaxt Dohada Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert olub. Qədim Musiqi Alətləri Ansamblı və Dövlət Rəqs Ansamblının kollektivinin birgə konsertində Qətərin mədəniyyət naziri, digər rəsmi nümayəndələri iştirak ediblər.

 

   Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyəti Günləri bu gün başa çatacaq.

  

 

   Mədəniyyət.- 2010.- 4 iyun.- S. 3.