Kompyuter rəssamlığı:
möcüzələr sənəti
Ötən əsrin son qərinəsində həyatımıza
sürətlə daxil olan kompyuteri bu gün yalnız
informasiya almaq və ötürmək vasitəsi hesab etmək
yanlışlıq olardı.
Bu gün kompyuterin yaradıcı
imkanlarından incəsənətin ən müxtəlif sahələrində
geniş istifadə olunmaqdadır. Artıq naşirlər kitab
tərtibatında rəssam işindən daha çox kompyuter
qrafikasına üstünlük verirlər. Etiraf edək ki, bu
texniki vasitə ilə ağlasığmaz təsvir effektlərinin
alınması və bunun həm də daha ucuz başa gəlməsi
onun yolunda “yaşıl işıq” yandırıb.
Arif Həsənov belə yaradıcılığa meyilli kompyuter qrafiklərindəndir. Hazırda «Litterpress” nəşriyyat evində çalışan Arif Həsənov ixtisasca radioverilişlər mühəndisidir, yəni peşəkar rəssamlıq təhsili almayıb. Amma uşaq vaxtlarında rəsm dərnəyində məşğul olub. Tale onu 1999-cu ildə “Təhsil” nəşriyyatına gətirəndə bəlkə də Arif Həsənov rəsm çəkmək vərdişlərinin ona bu qədər gərəkli olacağını düşünmürdü. Onun üçün çox yeni olan məkanda müasir texnika aləminə kifayət qədər bələd olan mühəndis kimi kitablara texniki dillə bədii görkəm vermək o qədər də çətin deyildi. Az sonra onun dizayner fəaliyyətindən yaradıcı axtarışlara meyillənməsi, yəqin ki, içərisindəki rənglərə olan sonsuz sevgidən qaynaqlanmışdı. Burada 2007-ci ilədək çalışdığı müddətdə yüzlərlə kitabın dizaynına, bədii tərtibatına, yeri gələndə isə onların illüstrasiyalarına özünəməxsus bədii məzmun-görüntü verməklə o, incə zövqlü kompyuter qrafiki olduğunu təsdiqləmişdi.
Arif Həsənov «Litterpress”də əvvəllər qazandığı bədii-texniki vərdişləri daha da zənginləşdirdi, daha fərqli yaradıcılıq məsələlərini həll etməyə başladı. İki dəfə çəkdiyi ekslibrislər respublika sərgisində nümayiş etdirildi, kompyuter qrafikası nümunələri isə xeyriyyə sərgilərində rəğbətlə qarşılandı. Onun Azərbaycanın müstəqilliyi, azərbaycanlıların soyqırımı və digər mövzulara həsr etdiyi ekslibrislər həm bədii həllinə, həm də düşündürücü məzmun yükünə görə diqqət çəkir. Bu işlərində olduğu kimi, onun kompyuter qrafikasının köməyilə yaratdığı texniki rəngkarlıq nümunələrində də bədii görüntünün duyğulandırıcı cizgi vasitəsilə gerçəkləşməsi çox yaddaqalandır.
Arif Həsənov bu bacarığını bütün rəssamlıq janrlarında sınayıb. Onun Həsənağa Turabov, Anar Rzayev, Baba Pünhan, Rza Təhmasib, Aysel Teymurzadə, Azər Mirzəyev və s. portretləri bu adamların məlum fotoşəkillərinin axıcı, rəvan, bəzən də ekspressiv yaxılar vasitəsilə ifadə olunmuş cəlbedici bədii görüntüləridir. Bu əsərlərində A.Həsənov bəzən görüntüyə gətirdiklərinə nəhayətsiz təxəyyülündən qaynaqlanan bədii şərhləri əlavə etdiyindən onlar həm də bir reallıqla irrealığın qovuşuğunda qərar tutmuş kimi baxılırlar. Onun “Şairlər”, «Baba Pünhan», ”Mən nə dedim ki?...”, ”Baba dünyası” və s. kompyuter qrafikası nümunələri bu qəbildəndir.
“Şairlər” lövhəsində Nizami, Nəsimi, Vahid və Baba Pünhanın portretlərini “Azərbaycan” adlı qayada heykəl görkəmi verməklə onları daş abidəyə çevirən müəllif son nəticədə çox orijinal və uzun müddət unudulmayan bir plastik görüntü yaratmağa nail olub.
Arif Həsənovun kompyuterin möcüzə yaratmaq gücündən tam istifadə etmə qabiliyyətini onun mənzərələrində daha qabarıq duymaq mümkündür. Etiraf edək ki, istər mənzərə, istərsə də digər janrlarda çəkilmiş təsvirlərdə yüksək bədii dəyərlər texnikanın köməyilə yaradılsa da, onların incə rəssam zövqü olmadan gerçəkləşdirilməsi sadəcə qeyri-mümkündür. Onun “Yay. Üç ağac”, “Payız. Meşə bulağı”, “Bataqlıq”, “Dəniz”, “Qayalıqlar”, “Köhnə ağac” adlı mənzərələrində ovsunlayıcı yaxı “oyunlarına” rast gəlmək mümkündür. Odur ki, belə lövhələr kifayət qədər duyğulandırıcı, təzadlı ovqat daşıyıcısı kimi qəbul edilir.
A.Həsənovun “Sönmüş şam” lövhəsində də özünəməxsus peşəkarlıq nümayişini müşahidə etmək mümkündür. Əriyərək “şam ömrünü” başa vuran işıq mənbəyinin qaranlıq məkanda başı üzərində son işartısının - öləziyən tüstünün ifadəli görkəmi çox təsirlidir.
Bütünlükdə isə A.Həsənovun kompyuter rəngkarlığı nümunələrini müasir texnikanın ram edilib, onun bədii-estetik dəyərlər daşıyıcılığını duyğulandırıcı görüntüyə çevirmək yönündə uğurlu addım hesab etmək olar. Əlavə edək ki, son vaxtlar Azərbaycan məkanında genişlənməkdə olan kompyuter qrafikasının fərdi duyuma malik sənətkarları yetişməkdədir və Arif Həsənov onların öncüllərindəndir.
Ziyadxan Əliyev,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.- 2010.- 9 iyun.- S.
15.