Muzeylərimiz - tarixi sərvətimiz

 

   Azərbaycanda ən qədim zamanlarda müxtəlif sənət sahələri meydana gəlib, zaman keçdikcə inkişaf edərək daha da təkmilləşib. Arxeoloji qazıntılar zamanı üzə çıxarılmış məişət və bəzək əşyaları, kiçik heykəltəraşlıq fiqurları qədim insanın yaratdığı sənət nümunələridir. Ölkəmizdə tarixən dulusçuluq, zərgərlik, daş, ağac, sümük, dəri emalı, xalça və parça toxumaq kimi sənət növləri mövcud olub. VII əsrdən başlayaraq Azərbaycanda dəmir, mis, gümüş, qızıl və s. metallardan da məişət əşyaları, habelə bəzək şeyləri hazırlanıb.

  

   Orta əsrlərdə Azərbaycanda toxuculuq sənəti inkişaf etməyə başlayıb. Xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Azərbaycan miniatür sənəti də orta əsrlərdə yaranıb. Azərbaycan rəssamlarının klassik Şərq şairlərinin əsərlərinə çəkdikləri illüstrasiyalar, habelə müstəqil miniatürlər dünya miqyasında məşhurdur. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI əsrin əvvəllərində Təbrizdə öz sarayında yaratdığı kitabxana sənət mərkəzinə çevrilmişdi. Kitabxananın nəzdində bədii emalatxana yaradılmış və burada Sultan Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları fəaliyyət göstərirdi.

   Müxtəlif dövrlərdə Azərbaycanda ayrı-ayrı hökmdarların, zəngin adamların sarayları, məscid və ibadət yerləri də qiymətli sənət nümunələri ilə bəzədilib. Bunların arasında nadir xalçalar, rəsm əsərləri, heykəltəraşlıq nümunələri, qiymətli materiallardan hazırlanmış bəzək əşyaları, silahlar, müxtəlif hədiyyələr və s. olub. Azərbaycanda yaradılmış sənət nümunələrindən seçmələr 1872-ci ildə Moskvada, 1918-ci ildə Peterburqda Ümumrusiya sərgilərində, 1873-cü ildə Vyanada, 1924-cü ildə Parisdə ümumdünya sərgilərində nümayiş etdirilib. Bununla yanaşı bir sıra nadir sənət nümunələrimiz zaman-zaman dünyanı dolaşıb, ayrı-ayrı ölkələrin muzeylərinin fondlarını zənginləşdirib. Bu əşyaların bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə qarət edilərək Azərbaycandan aparılıb. Bu gün xalqımızın yaratdığı müxtəlif sənət nümunələri Londonun Viktoriya və Albert, Britaniya muzeylərini, Nyu-Yorkun Metropoliten muzeyini, Moskvanın Tarix və Şərq xalqları sənəti muzeylərini, Silah palatasını, Parisdə Luvr muzeyini, İstanbulda Topqapı sarayını, Vyananın, Romanın, Berlinin, Tehranın, Sankt-Peterburqun muzeylərini bəzəyir. Əlbəttə, bu nümunələrin ölkədən aparılmasının əsas səbəblərindən biri də o vaxtlar burada onları toplayan və qoruyan mərkəzin - muzeyin olmaması ilə bağlıdır.

   XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycanda muzey yaradılması üçün təşəbbüslər olub. İlk əvvəllər Bakı, Şamaxı və Naxçıvan şəhərlərində ayrı-ayrı şəxslər antik şeyləri, tarixi əhəmiyyətə malik digər əşyaları toplayıb, öz kolleksiyalarını ara-sıra nümayiş etdiriblər. XIX əsrin sonunda görkəmli maarifçi Həsən bəy Zərdabi Azərbaycanın xalq tətbiqi sənəti ilə bağlı muzey yaradılması ideyasını irəli sürmüş, bununla əlaqədar mətbuatda çıxış etmişdi.

   1890-cı illərdə yazıçı Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində işləyərkən burada diyarşünaslıq muzeyi təşkil etmişdi. Muzeydə əsasən tarix və etnoqrafiyaya aid, habelə tədrislə bağlı materiallar toplanmışdı. XX əsrin əvvəllərində Bakıda Xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyət göstərib. Həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyəti Bakı şöbəsinin nəzdində muzey yaradılmışdı. Tədris məqsədilə yaradılan bu muzeylərdə dərs vəsaitləri, tədris-metodiki ədəbiyyat toplanır, muzey əşyaları əyani vəsait kimi müvafiq bölmələrdə nümayiş etdirilirdi.

   Respublikamızda ilk rəsmi dövlət muzeyi - İstiqlal Muzeyi Xalq Cümhuriyyəti dövründə yaradılıb. 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılan İstiqlal Muzeyi, eyni zamanda, genişprofilli mədəniyyət müəssisəsi kimi nəzərdə tutulmuşdu. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında qılınc, qəmə, xəncər, "Quran" əlyazmaları, üzərinə ayələr yazılmış müxtəlif əşyalar, bəzək əşyaları, ayrı-ayrı dövrlərə aid pullar, xalq tətbiqi sənəti nümunələri, məişət əşyaları, əlyazmalar və s. vardı. Təhvil-təslim aktı formasında hazırlanan və «Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən «Muze İstiqlal» adına müəssislər tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait» adlanan həmin sənədi, bir tərəfdən İstiqlal Muzeyinin yaradıcıları - görkəmli sənətşünaslar Hüseyn Mirzəcamalov, Məhəmməd Ağayev, digər tərəfdən, Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, S.M.Qəniyev imzalamışdı. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq görülərkən tərtib olunmuşdu.

   Bu sənəd Azərbaycanda muzeyin təşkili və fəaliyyətini tənzimləyən ilk hüquqi sənədlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir. Burada müasir muzey işində aparıcı sənədlər - muzeyin əsasnaməsini, uçot-mühafizə üzrə təlimatı və fond-satınalma komissiyası haqqında əsasnaməni əvəz edən müddəalar yığcam şəkildə öz əksini tapıb. Sənəddə göstərilir ki, muzeyə verilən hər bir əşya milli sərvətdir, gələcəkdə əşya sahiblərinin ailə üzvləri onları geri tələb edə bilməzlər. Muzeyə hədiyyə olunmuş əşyalar geri qaytarılmır.

   Tərəflərin razılaşmasına əsasən, İstiqlal Muzeyinin təşkili və fəaliyyəti ilə bağlı bütün xərcləri Parlamentin Rəyasət Heyəti öz öhdəsinə götürmüşdü. Sənəddən görünür ki, gələcəkdə muzey üçün xüsusi binanın ayrılması, yaxud tikilməsi, muzeyin nəzdində zəngin kitabxananın yaradılması, muzeyin proqram və nizamnaməsinin hazırlanması və s. nəzərdə tutulmuşdu. Muzeyə verilmiş əşyaların qiymətləndirilməsi və uçota alınması, əşya təqdim edən şəxslərə müvafiq sənədin verilməsi, muzeyin əldə etdiyi gəlirlərdən istifadə qaydaları də sənəddə öz əksini tapmışdı.

   İstiqlal Muzeyi beş aya yaxın - 1920-ci il aprelin 28-dək mövcud olub. Bununla belə, İstiqlal Muzeyi müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tariximizdə qalıb. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra İstiqlal Muzeyi ləğv edilsə də, yeni muzeylərin təşkilində mühüm rol oynadı.

   1920-ci ilin iyununda Bakıda diyarşünaslıq dərnəyi yaradıldı. Bu dərnəyin qarşısına muzey və ekskursiyalar, habelə diyarşünaslıq laboratoriyaları təşkil etmək vəzifəsi qoyulmuşdu. Diyarşünaslıq dərnəyi həmin il iyunun 15-də Muzey-ekskursiya şöbəsi adı ilə Xalq Maarif Komissarlığının tərkibinə daxil edildi. Şöbənin ilk yığıncağında tədris xarakterli muzeyin təşkil olunması qərara alındı və bu muzey «Doğma diyarın tədris muzeyi» adlandırıldı. 1920-ci ilin iyulunda İstiqlal Muzeyinin, habelə Pedaqoji Muzeyin və bəzi məktəblərdə fəaliyyət göstərmiş diyarşünaslıq kabinetlərinin əşyaları bu muzeyə verildi. Muzey-ekskursiya şöbəsinin, habelə onun nəzdində ayrı-ayrı komissiyaların yaradılmasında, nəhayət, şöbənin Azərbaycan Dövlət Muzeyinə çevrilməsində İstiqlal Muzeyinin yaradıcıları Məhəmməd Ağayev və Hüseyn Mirzəcamalov yaxından iştirak etmişdilər. 1920-ci ilin oktyabrında müəssisə «Azərbaycan Dövlət Muzeyi» (indiki Milli Azərbaycan Tarixi Muzeyi) adlandırıldı.

  

 

   Adilxan Bayramov

 

   Mədəniyyət.- 2010.- 9 iyun.- S. 14.