Rəqslərimiz
Lüksemburqda maraqla qarşılanıb
«Azərbaycan rəqsləri
məni hədsiz dərəcədə heyrətləndirdi»
- bu fikri Lüksemburqun deputatlar palatasının sədri Loran Mozar “Azərbaycan
qartalları” rəqs və “Mahirlər” ailə ansambllarının
konsertindən sonra jurnalistlərə müsahibəsində
söyləyib.
Müasir üslubda inşa edilmiş möhtəşəm filarmoniyada lüksemburqlular ilk dəfə Azərbaycan musiqisindən ibarət konserti dinləmək imkanı əldə ediblər. Konsertin aparıcıları Azərbaycanın Lüksemburqdan uzaqlarda, Qafqazın cənubunda, Xəzər dənizinin sahilində yerləşməsi, qədim tarixə malik ölkə kimi Qərblə Şərq arasında körpü rolunu oynaması, məşhur İpək yolu üzərində yerləşməsi, Azərbaycan xalqının öz milli dəyərlərindən biri olan mədəniyyətini əsrlərdən bəri qoruyub saxlaması barədə tamaşaçılara məlumat veriblər.
Əməkdar artist Xanlar Bəşirovun Xəzər Universitetinin tələbə və məzunlarından və Mərdəkan mədəniyyət sarayı nəzdində fəaliyyət göstərən 9-14 yaşlı uşaqlardan yaratdığı “Azərbaycan qartalları”nın ifasında “Yallı”, “ Zorxana”, “Şəki”, “Çobanlar”, “Şalaxo”, “Mirzəyi” və digər rəqs nömrələri lüksemburqluların sürəkli alqışlarına səbəb olub. “Mahirlər” ansamblının da çıxışı maraqla qarşılanıb. Həsənağa Sadıqovun başçılıq etdiyi ansamblın ifasında səslənmiş misiqi nömrələri tələbkar tamaşaçıların rəğbətini qazanıb.
Lüksemburq deputatlar palatasının sədri Loran Mozar jurnalistlərə verdiyi müsahibəsində deyib: «İlk dəfə eşitdiyimiz bu konsert bir daha əyani şəkildə sübut etdi ki, Azərbaycan nəinki güclü enerji mənbəyinə, eyni zamanda, zəngin mədəniyyətə malikdir. Ölkəmdə ilk dəfə səslənən bu musiqi inanıram ki, Azərbaycan haqqında heç bir məlumata malik olmayan lüksemburqlularda müəyyən təsəvvür yarada bildi. Bir-birindən uzaq məkanda yerləşən xalqların yaxınlaşmasında mədəniyyətin rolu danılmazdır. Xalqları yaxşı tanıtmaq üçün belə tədbirləri tez-tez keçirmək məqsədəuyğundur. Biz məhz buna çalışmalıyıq”.
Katrin Berje (tamaşaçı):
- Açığını deyim ki, belə bir konserti gözləmirdim. Azərbaycanın necə də zəngin mədəniyyəti, folklor rəqsləri var imiş. Balaca uşaqların rəqsi məndə əminlik yaratdı ki, haqqında məlumatım olmadığı, yalnız adını eşitdiyim Azərbaycan istedadlar ölkəsidir.
Rəngarəngliyi
ilə bir-birindən daha maraqlı, daha önəmli olan musiqi nömrələri
həmyerlilərimə böyük
təsir bağışladığını
düşünürəm. Gələcəkdə Azərbaycan
incəsənətinin digər
sahələri ilə
də tanış olacağımıza qətiyyən
şübhə etmirəm.
Mədəniyyət.- 2010.-
9 iyun.- S. 11.