Amerika gündəliyi

 

   (Əvvəli ötən sayımızda)

  

   9 may 2010-cu il

  

   Biz «Beynəlxalq ev»ə çatanda qələbəlik idi. Ukrayna nümayəndə heyəti də buradaydı. Onlarla salamlaşıb «Yoldaşlar, bu gün 9 may - Qələbə günüdür» dedim. Sovetsayağı “ura” səsləri zalı bürüdü. Amerikalılar buna xeyli təəccübləndilər. Hiss etdik ki, bu tarix onlar üçün maraqlı deyil.

   «Beynəlxalq ev»də qısa müddətə dayandıqdan sonra proqrama uyğun olaraq Şimali Karolinanın qədim şəhəri olan Çarlstona yola düşdük. Çarlston Atlantik okeanı sahilində yerləşir və turizm potensialı ilə məşhurdur.

   Üç saat yarım yol getməli idik. Yolboyu müxtəlif mövzularda söhbətlər edirdik.

   Tərcüməçi-müşayiətçimiz Kənan yenə vətəndaşlıq missiyasını yerinə yetirdi, ingilis dilində Azərbaycan, Qarabağ haqqında danışdı.

   Bu yerdə Kənan haqqında bir qədər geniş məlumat vermək istəyirəm. Amerikada yüksək təhsil almış bu qarayanız, təvazökar, təmkinli və savadlı Azərbaycan oğlunun doğma Vətənə, torpağa nə qədər bağlı olduğunu gördüm. Əslən naxçıvanlıdır, zəhmətkeş bir ailədə böyüyüb. Onun əcnəbilərlə apardığı söhbətlərdə Qarabağ məsələsi əsas mövzu idi. Güclü analitik qabiliyyəti ilə fikirlərini həmsöhbətlərinə qəbul etdirməyi bacarırdı. Səfərboyu dəfələrlə yəqin etdim ki, Kənan tərcüməçiliklə yanaşı, həm də Azərbaycanı təbliğ edən gənc bir siyasətçidir.

   Nəhayət, Çarlston şəhərinə çatdıq. Burada təmizlik və səliqə-sahman yerində olsa da, bəzi yerlərdə ağac yarpaqlarının küçələrdə tökülüb qaldığını, bəzi küçələrdə isə tin-bucağa boş, birdəfəlik istifadə olunan stəkanların atıldığını gördüm. Şəhərdə böyük tut ağacını görmək isə bizim üçün xoş sürpriz oldu. Bu il tut nübarını Çarlstonda yeyəsi olduq. Tutun meyvəsi yetişmiş olsa da, şirin deyildi. Heyif deyil, bizim tutlarımız...

   Gözümə küçənin o tayında böyük bir at sataşdı. Heç birimiz həyatımız boyu bu boyda at görməmişdik. Hündürlüyü iki metrə yaxın idi. Bir cavan qız atı şampunla yuyurdu. At isə heç tərpənmirdi, elə bil heykəl idi.

   Hamımızı maraq bürüdü. Ata yaxınlaşıb yüyənindən yapışdım. Qızın gülümsər çöhrəsindəki ifadədən heç bir etiraz olmadığını görüb, atı tumarladım. Hamı atın yanında şəkil çəkdirdi. Sonra öyrəndik ki, bura at furqonlarının dayanacaq məntəqəsi imiş. Dünyanın hər yerindən gələn turist qrupları növbə ilə furqonlara minir və gəzintiyə yollanırdılar. Biz də gəzintiyə çıxmaq qərarına gəldik. Furqonumuz yola düşdü. Elçin müəllimlə birinci sırada oturduğumuzdan furqonçunun düz yanında idik. Bizimlə bir sırada qoca ər və arvad oturmuşdular. Yəqin ki, hansısa ölkədən gəlmişdilər.

   Furqonların hərəkətində böyük növbə vardı. Bizim furqondan qabaqda turistlərlə dolu 3 furqon dayanmışdı. Bələdçi şəhər haqqında atlara və qatırlara göstərilən xidmət haqqında danışırdı. Qeyd etdi ki, hər reysdən sonra qoşqu heyvanlarına 10 dəqiqə fasilə verilir və onlar çimizdirilir.

   Bələdçi «doğrayıb tökürdü». Zalım oğlu elə bərk qışqırırdı ki, lap adamın qulağı deşilirdi. Əlac yox idi, qulaq asmalı idik.

   O, şəhərin tarixindən söhbət açdı. Bildirdi ki, çox qədim şəhər olan Çarlston yalnız turizmdən gələn gəlirlə dolanır. Mindiyimiz bu furqonlar isə ildə bir milyon dollara yaxın pul qazandırır. Rəqəm bizdə təəccüb yaratdı. Amma bu fakt idi. Məhəllələrdən birinə daxil olanda bələdçi buranın şəhərin ən bahalı məhəlləsi olduğunu və evlərin start qiymətinin bir milyon dollardan başladığını söylədi. Evlər elə də görkəmli deyildi, ikimərtəbəli taxta evlər idi. Bələdçi bildirdi ki, qədim binaların hamısını ingilislər tikiblər. Şəhərdə qırmızı kərpicdən də binalar var idi.

   5 mərtəbəli nəhəng bir binanın yanından keçəndə bələdçi onu göstərib «Bu, «Şeytan evi»dir» dedi. «Şeytan evi» deyilən bina 1830-cu illərdə ingilislər tərəfindən tikilib. Əvvəllər həbsxana kimi istifadə olunub. Binanın pəncərələrindəki barmaqlıqlar həbsxananın izlərini aydın nümayiş etdirirdi. «Şeytan evi»ni belə məşhur edən onun turizm obyekti kimi təqdim edilməsi idi. Küçələrdən keçdikcə bütün şəhərdə hər şeyin olduğu kimi saxlandığını gördük. Amma neyləsələr yenə ən qədim tarixləri cəmi iki yüz ildir.

   Bələdçi bazara oxşar yerdən keçəndə ətraf haqqında məlumat verdi. Təxminən 2,5 metr hündürlüyü olan yol nişanını göstərib “okeanda fırtına olanda bu şəhər yol işarəsinin hündürlüyü qədər suyun altında qalarmış” dedi. Sonra isə bildirdi ki, 1800 - cü illərə qədər bu ərazi okeanın ərazisi olub, su ilə örtülüymüş. Həmin illərdə Çarlston dünyanın ən məşhur qul bazarı kimi çox məşhur imiş. Nəhayət, furqondan düşdük. Bələdçi bizə yaxşı yol arzuladı.

   Proqrama uyğun olaraq, Atlantik okeanı sahillərində gəzinti nəzərdə tutulmuşdu. Təxminən 40-50 dəqiqə sonra sahilə çatdıq. Burada çox səliqəli avtomaşın dayanacağında Ömər bir saatdan çox vaxtımızın olduğunu bildirdi. Biz okeanın sahilinə, qumlu çimərliyə çıxdıq. Sahil istirahət edənlərlə dolu idi.

   Biz Atlantik okeanının sularında üzmək qərarına gəldik. Kənan və Elçin müəllimlə çimərlik paltarında okeana girdik. Mən Kür çayı sahillərində böyümüşəm, doğma Xəzərin müxtəlif yerlərində sulara baş vurmuşam. Amma Atlantik okeanının sularında bir qəribəlik var idi.

   Gəzinti vaxtı qurtardı. Biz geriyə - Şarlota qayıtdıq. «Beynəlxalq ev»də yoldaşlardan ayrılan kimi Ömər bu axşam restorana gedəcəyimizi bildirdi. Şəhərin kənarında olan italyan restoranına çatanda məlum oldu ki, burada baş aşpaz Ömərin bacısının əridir. Livandan köçüb gəlib. Az keçmiş Ömərin həyat yoldaşı və oğlu da gəldi.

   Qəlyanaltıya kələmlə göy qarışığı verdilər. Yanında da soyutma meduza. Ömər bizə zorla bu dəniz heyvanının ətindən daddırdı.

   Sonra yemək hərənin arzusuna uyğun verildi. Biz Vasiflə vermeşil yeyəsi olduq. Üstündə də qarnir əvəzi iki dənə balaca küftəyə oxşar ət. Sonda hərəyə bir stəkan buzlu kola verdilər.

   Xidmətçi gəlib, hesabı aldı. Hesablaşma hər yerdə olduğu kimi bank kartı ilə aparılırdı. Maraqlandım, hesab 100 dollar etmişdi.

   Evə gəldik. Sananın və Ömərin yatmaq fikirləri yox idi. Onlar bizim gətirdiyimiz kitabları ortaya töküb, Azərbaycan haqqında məlumatlar almaq istəyirdilər. Odur ki, biz həvəslə bu kitablarda olan şəkilləri, xəritələri onlara izah etməyə çalışırdıq. Bu məsələdə kompyuterdə olan tərcümə proqramı karımıza gəlirdi.

  

   10 may 2010-cu il

  

   Səhər adi qayda üzrə «Beynəlxalq evə» gəldik. Proqram üzrə bir saat yarım ərzində şəhəri gəzdik. Bu gün hamımız üçün çox maraqlı olan bir tədbirə qatılacağımızdan xəbərdardıq. Bizi Şarlot şəhər Meklenburq İctimai Kitabxanası ilə tanışlıq, qarşılıqlı təcrübə mübadiləsi, oxucular və kitabxana rəhbərliyi ilə görüşlər gözləyirdi.

   Nəzərdə tutulan vaxtda biz Şarlot şəhərinin və Meklenburq qraflığının mərkəzi ictimai kitabxanası olan bu böyük müəssisəyə daxil olduq. İçəridə tünlük idi. Lakin kitabxananın sahəsinin böyüklüyü adamların çoxluğunu hiss etməyə qoymurdu. Kitabxana binası üç mərtəbədən ibarətdir. Bizi qarşılayan kitabxana meneceri olduğunu dedi və işləri haqqında məlumat verdi. Bildirdi ki, burada Amerika sistemi olan Horayzn elektron kitabxana sistemindən istifadə olunur. Kitabxananın 24 köməkçi filialı var. Bu filiallar qraflığın müxtəlif ərazilərində yerləşir. Şimali Karolinada 100-ə yaxın qraflıq var. Oxucu kartoçkaları, formulyar anlayışları ABŞ kitabxanaçılarının leksikonuna daxil deyil. Burada bütün işlər kompyuterlə görülür. Kitabların arxasındakı kodlaşdırılmış xətlərdə kitab, həmin kitabın neçə dəfə oxunması, kitabın müəllifi və sair haqqında bütün məlumatlar vardı.

   Kitabxana əməkdaşı bildirdi ki, Horzayn sistemi artıq 16 ildir ki, uğurla istifadə olunur. Sistemdə tez-tez xırda dəyişikliklər olur, əsaslı dəyişikliklər isə beş ildən bir həyata keçirilir. Kitabxanada olan 1,5 milyon kitabın çox az nüsxəsinin elektron variantı var. Bunun səbəbi amerikalıların canlı kitabı daha çox oxuması və müəssisənin bu məqsədlə maliyyə mənbələrinin az olmasıdır.

   Oxu zalında 36 kompyuter var. Kompyuterləri hər şəxs 15 dəqiqə pulsuz istifadə edə bilər. Əvvəlcədən sifarişlə isə bir saatlıq istifadə üçün kompyuter götürmək olar. Bu kompyuterlərdən çox vaxt kitabların elektron variantını oxumaq üçün yox, internet şəbəkəsində müxtəlif məlumatları axtarmaq üçün istifadə olunur. Kitabxanada bir bölmə isə iş axtaranlara, yeni biznes sahələri yaratmaq istəyənlərə kömək üçün yaradılmışdır. Burada ştatda, qraflıqda və şəhərdə olan yeni iş yerləri, biznes sahələri haqqında məlumat verilir.

   Bu bölmədə məşğulluq üzrə kitabxana menecerləri iş axtaranlara əməli köməklik göstərirlər. Xidmət pulludur. Bölmənin özünün ixtiyarında 25 kompyuter var, dövlət səviyyəsində işədüzəltmə orqanları ilə qarşılıqlı məlumat mübadiləsi aparır. Burada kompyuterlə bağlı bilikləri pulsuz öyrədirlər. Bu sahəni imkanlı şəxslər maliyyələşdirir.

  

 

   (Ardı var)

  

   Vaqif Alıyev,

   Kürdəmir Rayon Mədəniyyət və

   Turizm Şöbəsinin müdiri

 

   Mədəniyyət.- 2010.- 11 iyun.- S. 12.