UNESCO-nun
faktaraşdırıcı missiyası Şəkidə olub
Şəki şəhərinin
davamlı inkişafı üçün mədəni
ehtiyatların səfərbər olunması üzrə
UNESCO-nun sektorlararası layihəsinin həyata keçirilməsi
planlaşdırılır. Bu məqsədlə
UNESCO-nun eksperti, fransalı Patrisio Jeretikin rəhbərliyi ilə
ilkin faktaraşdırıcı missiya bugünlərdə
Şəkidə səfərdə olub.
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadənin sözlərinə görə, səfər çərçivəsində nümayəndə heyəti mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr, turizm və mədəni irs şöbələrinin nümayəndələri ilə görüşlər keçirib: «Heyətə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. UNESCO-nun nümayəndəsinə bildirilib ki, Şəki ilə bağlı nazirlik tərəfindən konkret strategiya müəyyənləşib. Şəkinin sənətkarlıq paytaxtı elan edilməsi, məhz mədəniyyət və iqtisadiyyatın bir-birinə bağlılığını və orda yaşayan əhalinin sosial şəraitinin, eyni zamanda, mədəniyyət potensialının müəyyən edilməsinə yönələn bir layihədir».
Sonra missiya Şəkiyə yola düşüb.
V.Eyvazzadənin sözlərinə görə, Şəkiyə
səfərdə UNESCO-nun Moskva bürosunun rəhbəri
Lübava Moreva da iştirak edib: «Səfər mədəniyyətlə
yanaşı elm, təhsil, turizm və digər bu kimi sahələri
də əhatə edib. Çünki UNESCO missiyasının
digər məqsədi Şəkinin real potensialını,
imkanlarını, Şəkidə olan mədəniyyət
müəssisələrinin hazırkı vəziyyətini, mədəniyyət
və turizm sahələrində olan perspektiv iş planlarını,
mövcud layihələr, bu layihələr arasında şəbəkələşməni
və digər bu kimi məsələləri müəyyən
etmək idi».
Səfər çərçivəsində qonaqlar
Şəki İcra Hakimiyyətinin başçısı
Murad Cabbarlı ilə görüşüblər, Heydər Əliyev
Muzeyinə, ulu öndərin adını daşıyan parka,
şəhərin tarixi yerlərinə baş çəkiblər,
Xan sarayı, tarix-diyarşünaslıq və xalq-tətbiqi sənəti
muzeylərinə baxıblar, “Sənətkarlar evi”ndə Şəkidə
inkişaf etmiş xalq tətbiqi sənəti sahələri
ilə tanış olublar. Bundan əlavə, ekspertlər
folklor kollektivlərinin çıxışını izləyib,
Şəki Dövlət Dram Teatrında, rayonun ən
böyük istehsal müəssisələri olan “Şəki-İpək”
ASC və “Şəki-Aqroindastrit” MMC-də olublar. Heyət həmçinin
Şəki mətbəxi ilə, turizm obyektləri ilə
Qeyd edək ki, səfərin nəticələrini yekunlaşdırmaq
məqsədilə iyunun 9-da faktaraşdırıcı
missiyanın nümayəndələri ilə Mədəniyyət
və Turizm Nazirliyində yenidən görüş
keçirilib. Görüşdə Beynəlxalq əlaqələr
şöbəsi, Elm-təhsil şöbəsi, Mədəniyyət
siyasətinin qeyri-maddi irs sektorunun nümayəndələri
iştirak ediblər. Patrisio Jeretik səfərin nəticələri
ilə bağlı nazirliyə məlumat verib, layihə ilə
bağlı ilkin tezisləri açıqlayıb:
«Görüşdə mədəniyyət və
iqtisadiyyatın bir-birinə bağlılığının
müəyyən edilməsində bir pilot layihə kimi mədəniyyət
və turizm sahələrinin bağlılığını
müəyyən etmək, Şəkidə əl işlərinin,
sənətkarlığın inkişafına köməklik
göstərən planların hazırlanması müzakirə
olunub. Eyni zamanda, Şəkinin beynəlxalq səviyyədə
də brendləşdirilməsinə yönələn tədbirlərin
həyata keçirilməsi məsələsi irəli
sürülüb».
Nazirlik təmsilçisinin sözlərinə görə,
UNESCO bu məsələyə texniki yardım göstərərək
müəyyən proqram hazırlaya bilər. Proqram
hazırlanandan sonra iyul ayında nazirliyə təqdim olunacaq.
Payıza qədər layihənin hazırlanması prosesi
yekunlaşacaq.
Mehparə
Mədəniyyət.- 2010.- 11 iyun.-
S. 6.