Ölümsüz həyat
İyunun 12-də Xalq yazıçısı İsa
Muğannanın Yer üzünə gəlişinin 82-ci ili
tamam olur
Eşitdiyi qədim və doğma ün onun gələcək
taleyini büsbütün dəyişdi. Bağlarını
itirib dünyada sərgərdan gəzən insanlara, elə
özünə də yazığı gəldi. Axı bir
zamanlar bu dünyada ölümsüz insanlar yaşardı.
Sonuncu ölümsüz insan qeyb olanda, insan xoşbəxtliyini
həmişəlik itirdi. O zamandan çox minilliklər
keçib, lap çox... Ölümsüz insan, əbədi həyat,
həqiqət işığı insanların
yaddaşından silinib. Nə qədər çətin də
olsa, o bağları xatırlamağa və qələmə
almağa yazıçı İsa Hüseynovun -
Muğannanın qüdrəti çatdı.
- Hərdən adama elə gəlir
ki, Muğannanın 500 yaşı var. Amma sizin 82 yaşınız tamam
olur. Özünüzü hansı yaşda hiss edirsiniz?
- 70-ə yaxın...
- Bəlkə bir az da azaldaq?
- (gülür) Yox, ondan aşağı salmaq çətindir.
İki dəfə kilinik ölüm keçirmişəm.
Birində altı, birində doqquz dəqiqə. Bu xəstəliyin
mənə xeyri də oldu, zərəri də. Zərəri
bu oldu ki, səhhətimdə problemlər yarandı, uzun
müddət yaddaşım olmadı. Xeyri də bu oldu ki, belə
demək mümkündürsə, o dünyanı görüb
gəldim. Yəni ki, ölümü hiss etdim.
- Necə hiss etdiniz? Ölüm eşitdiyimiz qədər
dəhşətlidirmi?
- Əslində ölüm yoxdur. Əməlisaleh
adamın nəfəsi kəsildiyi dəqiqədən beynindən
işıq çıxıb şar şəklində
toplaşır. Onun içərisində insanın silueti
görünür. Bunu ancaq kainatın sirlərinə bələd
olan adamlar görür. Sonra o şarın işində
insanın gözünün rənginə, saçının
sayına qədər nə varsa bərpa olunur.
İki-üç gün Yerdə qalandan sonra kainata, ayrı
bir planetə doğru hərəkət başlayır...
Geriyə sayılan tarix
Bu məqamda Muğanna “Mən kainatın sirlərindən
danışmağa başlasam gərək çox uzaqlara gedəm”,
- deyib söhbətin səmtini dəyişmək istəyir.
Amma məni «uzaq planet» maraqlandırır. İsa müəllim
söhbətinə davam edir.
- Planetlərin adları Odər dilindədir. Od həqiqət,
Ər işıq deməkdir. Bu qədim türk
xalqının həm adı, həm dilinin adıdır. Yerdə
bəşəriyyətin, insan həyatının üç
tarixi məlumdur. Birinci tarix 50 min il irəli sayılan tarixdir.
Bu Odər bəşəriyyətinin tarixidir. Bəzi
xalqların günahı ucbatından atomu
parçalayıblar. İndiki dövrdə necə
parçalanma gedir, necə raketlər uçur, 50 min ilin
axırlarına yaxın da belə olub. Onda da indiki kimi
yağışlar başlayıb, su basqınından sonra kainatın
sahibləri Odər sivilizasiyasının yaddaşını
insanın beynindən siliblər. Və tarix həmin dövrdən
geri sananmağa başlayıb. İkinci tarix geri sayılaraq gəlib
çıxıb birinci ilə. Birinci ildən başlayır
üçüncü tarix. İndi 2010-cu ilə kimi gəlib
çıxmışıq. O 100 min il, bu da 2010 il. Bu bəşəriyyətin
ümumi tarixidir. Bu tarix zəngin, kəşməkəşli
və təhriflərlə doludur.
- Siz bu fikirdəsiniz ki, bir zamanlar Yer üzündə
ölümsüz insanlar yaşayırdı. Hansı
günaha batdıq ki, əbədi həyatdan məhrum olduq?
- Bu, Yerdəki dil təhrifləri ilə
bağlıdır. Dil məna deməkdir. Kainatdan alınan həqiqətlərlə
yaşamaq insana və Yer planetinə əbədiyyət verir.
Sonradan bu əbədi həyat minillik həyata çevrilib.
Sonra insan 600 il, daha sonra 400 il yaşayıb. İndi heç
yüz yaşına da çatmır.
- Dönüb yaşadığınız ömrə
baxanda ən çox nələri görürsünüz?
- Ən çox özümü, öz həyatımı
görürəm. Həyatda necə yaşamışam, o həyatın
ən xırda anlarını da xatırlayıram.
- Əsərlərində yüzlərlə obraza həyat,
tale vermisiniz, bu obrazlar nəsil-nəsil insanların dostuna,
sirdaşına, idealına çevrilib. O qəhrəmanlarla təkrar
qarşılaşmaq istərdinizmi?
- O qəhrəmanların bəzilərini həyatdan
götürmüşəm. Onları tez-tez
xatırlayıram. Qılınc Qurban adlı qəhrəmanım
“Saz”, “Tütək səsi” “Quru budaq” əsərlərimdə
və “İdeal” romanımda iştirak edir. Amma bu obraz oxucunu
bezdirmir. Həyat dəyişdikcə, bu obraz da dəyişir,
yeniləşir, özünə tənqidi yanaşır.
Taleyi dəyişmək
olmaz
- “Arx” adlı hekayəniz sizi ədəbiyyata gətirdi.
Sonra arx çaya, çay dənizə çevrildi...
- 1947-ci ildə 19 yaşımda “Arx” adlı ilk hekayəm,
1949-cu ildə “Anadil ötən yerdə” oçerkim çap
olundu. Atam haqqında oçerki gənclər günündə
Yazıçılar İttifaqında oxudum. Mehdi Hüseyn
ayağa qalxıb dedi ki, ədəbiyyata gəlməyin
münasibətilə səni təbrik edirəm. Sonra
oçerk janrından da əl çəkdim.
- N.Nərimanov adına Tibb İnstitutuna daxil olsanız
da, təhsilinizi yarımçıq qoyub kəndə
qayıtdınız. Çünki Tanrı sizi başqa bir
missiya üçün yaratmışdı.
Yazıçı olmalı idiniz və oldunuz da...
- Tamamilə doğrudur. Tale söhbəti
boş-boşuna deyil. İnsanın taleyi, alın
yazısı həqiqətdir. İnsan ana bətnindən
başlayaraq idarə olunur. Taleyi dəyişmək olmaz.
- “Yanar ürək”, “Doğma və yad adamlar”, “Tütək
səsi”, “Məşhər” əsərləriniz nəsrimizə
yeni təlatüm gətirdi. Tənqidçilər qeyd edirlər
ki, məhz bu əsərlər vasitəsilə Azərbaycan nəsri
37-ci illərin vahimələrindən xilas olaraq cəsarətlə
yeni mərhələyə qədəm qoydu. Bu sizin daxili
azadlığınızdan irəli gəlirdi, yoxsa...
- Bunu daxili azadlıq adlandırmıram. Bu ünlə, mənim
nəslimlə bağlıdır. Muğanna nəslinin
kökü Süleyman peyğəmbərə gedib
çıxır. Atəşpərəstlik yarananda
Süleyman peyğəmbər öz adını və nəslinin
adını Muğanna qoydu. Muğanna bizim muğlar, bizim
bağlar, bizim Allahlar deməkdir.
Ünə tabe olmaq bir tərəfdən
azadlığı itirmək deməkdir. Amma ikinci tərəfdən
o qədər kainatdan məlumat alırsan ki, o məlumatlar sənin
özünü daxilən azad edir. Sən özünü Odər
bəşəriyyətində hiss edirsən və o
dövrün - birinci sivlizasiyanın qayıtması
üçün çalışırsan. Bu da mənim yaradıcılığımın
ikinci dövründə yazdığım əsərlərdə
öz əksini tapıb.
- Sizi Azərbaycanın Folkneri adlandırırlar.
Dünya miqyasına çıxmağınıza nə mane
oldu?
- Mənim həddindən çox milli, Odər mədəniyyəti
ilə bağlı olmağım.
- İnsanda ən çox hansı cəhəti qiymətləndirirsiniz?
- Bir var kamil, bir də var cahil insan. Lap dünya gözəli
olsun, cahilin nəyini xoşlayım? Ağlı, dərrakəsi,
eşqi ilə vəhdətdə olan insan mənim
üçün insandır.
Qədim sivilizasiyanı
dirildən gələcəyin yazıçısı
- Ədəbiyyatımızla yanaşı, milli kinomuzun
inkişafında da böyük xidmətləriniz olub. İstərdim
bu barədə danışasınız.
- Bir zamanlar mənim əsərlərim çox ciddi tənqidlərə
məruz qaldı. Yazıçılar İttifaqı Moskvaya,
Mərkəzi Komitəyə yazdı. Oradan siyasi şöbənin
müdiri gəlib növbədənkənar plenum
çağırdı, məni möhkəm tənbeh elədilər.
Mənəvi atam adlandırdığım Mehdi Hüseyn məni
yanına çağırıb tapşırdı ki, 26-lar
haqqında ssenari yazım. Sən demə, Mərkəzi Komitədə
məni sovet yazıçısı kimi qəbul etmirmişlər.
Ona görə də Mehdi Hüseyn ona tapşırılan
ssenarini mənə tapşırıb ki, yersiz hücumlardan, təzyiqlərdən
məni qorusun. Üç şərikli müəllifin
iştirakı ilə film çəkildi. O vaxt respublikaya rəhbərlik
edən Vəli Axundov bizi qəbul elədi, filmi bəyəndiyini
dedi və Mərkəzi Komitənin adından
tapşırdı ki, Nəriman Nərimanov haqqında film
çəkək. Film çəkildi və böyük
mübahisələrə səbəb oldu. Məni Mərkəzi
Komitəyə çağırıb Hacı Zeynalabdin
Tağıyev obrazına görə danladılar, dedilər
ki, kapitalisti ideallaşdırmısan. Onu da deyim ki, respublikanın
rəhbəri Heydər Əliyev həmin iclasda iştirak etməmişdi.
Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi
iclasda mənə söz vermək istəmədi. Mən
ayağa qalxıb dedim ki, bu iclas məndən ötürü
çağırılıbsa, sözümü deməliyəm.
Bir cümlə işlətdim. Dedim ki, böyük əsər
yazılıb, böyük zəhmət çəkilib, amma
yalançı sosiologiya bizim hətta ən iri sənətkarlarımızı
da məhv edir.
İclasın səhərisi günu Heydər Əliyev
plenumun stenoqrafiyasına baxıb, birinci mənim
çıxışımı oxuyub və deyib ki, o
haqlıdır! Göstəriş verib ki, film nə qədər
gedir, o qədər kinoteatrlarda nümayiş olunsun. “Ulduzlar
sönmür” adlı bu film 40 gün bütün kinoteatrlarda
göstərildi. Sonradan bu filmi yenidən montaj elədim,
adını dəyişib “Doktor Nərimanov” qoydum. Ulu öndər
Heydər Əliyev ziyalılara, Azərbaycanın dəyərlərinə
çox böyük qiymət verirdi. Günlərin birində
məni Mərkəzi Komitəyə çağırıb
dedi ki, Nəsiminin yubileyi keçiriləcək, film çəkilməlidir,
ssenarisini sənə tapşırırıq. O ərəfədə
Rəsul Rza Hələbdən qayıtmışdı, oradan Nəsiminin
divanını və Nəsiminin edamına aid çoxlu
materiallar gətirmişdi, mən də roman yazmağa
başlamışdım. Heydər Əliyevə dedim ki,
axı mən Nəsiminin haqqında az bilirəm. Dedi ki, sənə
əlavə materiallar verəcəyik. Dediyi kimi də oldu, mənə
çoxlu əlavə materiallar verdilər, bu da mənə
kömək elədi. “Nəsimi”nin ssenarisini yazdım, film
çəkildi.
Sonra povestlərim əsasında “Tütək səsi” və
ssenarim əsasında “Nizami” filmləri də çəkildi.
- Bir müddət kinostudiyada baş redaktor vəzifəsində
işləmisiniz...
- “Azərbaycan” jurnalında nəsr şöbəsinin
müdiri idim. Mehdi Hüseyn məsləhət gördü ki,
kinostudiyaya keçim. Adil İsgəndərovla bir gündə,
bir büro iclasında təsdiq olunduq. Onu da qeyd edim ki,
kinostudiyada işlədiyim müddətdə bir çox filmlərin
- “Yeddi oğul istərəm”, “Babək”, “Dəli Kür”,
“Axırıncı aşırım” filmlərinin taleyində
həlledici rol oynamışam.
- Kinodan ədəbiyyata qayıdaq. “Məşhər”
romanından sonra “İdeal”, “Qəbiristan”, “Gurün”, “Cəhənnəm”
əsərləri barədə qısaca belə deyirsiniz - bu əsərlərin
məğzində bəşəriyyətin taleyi dayanır.
- Hər kəs bəşərin tarixindən yazır, bəşəriyyəti
bir addım irəli aparmağa xidmət eləyirsə, o
yazıçıdır.
- İkinci Dünya müharibəsinin
ağrı-acılarını böyük ustalıqla ədəbiyyatımıza
gətirdiniz. Bu gün Qarabağ dərdimiz var...
- “Qəbiristan” adlı romanım Qarabağ
mövzusundadır. “Azərbaycan” jurnalında bir qədər
ixtisarla çap olunub.
- Niyə əsərinizin adını “Qəbiristan”
qoymusunuz?
- Mən elmsiz adamların bətnində gəzdirdiyi qəbiri
və qəbiristanlığı nəzərdə tutaraq əsərimi
“Qəbiristan” adlandırmışam.
- Qədim sivlizasiyanı diriltməyə cəhd edərək
gələcəyin yazıçısı olan Muğanna
2012-ci ildə dünyanın sonu fərziyyəsinə necə
baxır?
- 2012-ci ildə Amerikada bütün xəstəliklərə
qarşı bir dərman kəşf olunacaq və bu dərman
bütün dünyaya yayılacaq. Mən özlüyümdə
bunu əbədiyyət dərmanı adlandırıram. Yeri nə
qədər su basır bassın, nə qədər tufan
qopur-qopsun, həyat davam edəcək.
- Dünya şirindi, niyə belə deyirlər?
- (gülür) Həyat şirindir, ona görə. Yeməklər
də şirindi, həyat da şirindi, insanın bir-biri ilə
ünsiyyəti, söhbəti də şirindir...
- Oxucularımız adından sizə
cansağlığı, uzun ömür və əbədi həyat
arzulayırıq.
Təranə Məmmədova
Mədəniyyət.- 2010.- 11 iyun.-
S. 5.