Rəfiq Zəka Xəndan
- şair, ədəbiyyatşünas, filosof
Rəfiq Zəka Xəndan Azərbaycan ədəbiyyatında
fərqli dəst-xətti ilə seçilən sənətkarlardan
idi. İstedadlı şair,
ədəbiyyatşünas-alim və filosof
R.Z.Xəndan XX əsr Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli nümayəndəsi Cəfər Xəndanın
oğludur.
Rəfiq Zəka Xəndan 1939-cu il iyunun 16-da Bakı şəhərində doğulub. 1962-ci ildə «Çağlayan» adlı ilk şeir kitabı nəşr olunub. «Axırı yaxşı olar» (1968), «Mənim əziz vəhşiciyim» (1970) musiqili komediyalarının, eyni zamanda, «Füzuli» və «Söyüdlər ağlamaz» operalarının mətnlərini yazıb. Zəngin yaradıcılıq yolu keçən şair respublikanın Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı adlarına layiq görülüb.
Yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyət də göstərən R.Z.Xəndan, fəlsəfə üzrə doktorluq işi müdafiə etmişdi, Mədəniyyət və İncəsənət Universitetində estetikadan dərs deyirdi.
R.Z.Xəndan heca və əruz vəznlərində əsərlər yazıb. Əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. 30-dək kitabı nəşr olunub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Onun yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda görkəmli sənət adamları - yazıçılar, şairlər və alimlər maraqlı fikirlər söyləyib.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazırdı: «Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Onun şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlistlik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil».
Onun adı türk dünyasında tanınıb və sevilib. Dəfələrlə Türkiyənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib. Ötən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatı səhifələrində azərbaycanlı şair və yazıçıları haqqında maraqlı yazılar dərc etdirib. Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə, böyük qürurla söz açılıb.
R.Z.Xəndan həm də bir alim kimi diqqət mərkəzində olub. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilirdi. Türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini tərcümə edib.
R.Z.Xəndan həm də nəğməkar-şair idi. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələyib. Bu mahnılardan «Ana Kür», «Səadət», «Qarabağım» bu gün də müğənnilərin repertuarında geniş yer alır.
Xalq şairi Hüseyn Arif onun haqqında demişdi: «Rəfiq Zəkanın şeirlərində həzin bir musiqi dolaşır».
Bu, doğrudan da belə idi. Onun şeirlərində
maraqlı ritm, həzin, kövrək məlahət var.
Rəfiq Zəka Xəndan
yaradıcılığında ayrılıq nisgili, yurd, vətən həsrəti və birlik, bütövlük arzusu, yanğısı görünür. Soy-kökə,
türklüyə böyük
məhəbbət və
bağlılıq duyulur:
Ey Zəka, millətimin mən quluyam,
Millətimin qayğılarıyla doluyam.
Nə qədər
bizlər üçün
duyğuluyam,
O qədər yadlar
üçün qorxuluyam.
Savalan Fərəcov
Mədəniyyət.- 2010.- 18 iyun.-
S. 14.