Amerika gündəliyi
(Əvvəli ötən
sayımızda)
10 may 2010-cu il
Şarlot şəhərinin Mərkəzi İctimai
Kitabxanasında bir sıra maraqlı faktlarla tanış
olduq. Yerli sakinlər və tələbələr
kitabxanadan pulsuz istifadə edirlər. Başqa
qraflıqlarda və qəsəbələrdə yaşayanlar
kitabxanaya üzv olmaq üçün il ərzində
45 dollar pul ödəyib oxucu kartı əldə etməlidirlər.
Öyrəndim ki, son bir ildə kitabxanadan istifadə
edənlərin sayı xeyli çoxalıb. Bunun səbəbini iqtisadi böhranla izah etdilər -
sadə amerikalılar kitabı pulla almaqdansa, onu kitabxanada
oxumağa üstünlük verirlər. Kitablar
üç həftə müddətinə evə verilir.
Bu müddət iki dəfə yenidən
uzadıla bilər. Ensiklopediyalar,
lüğətlər evdə istifadə üçün
verilmir. Kitabxana populyar kinofilmlərin DVD
disklərinin prokatı ilə də məşğul olur.
Maklenburq İctimai Kitabxanasının da
maraqlı tarixi var. Bu kitabxananın ilk fondunu 1904-cü ildə
Endrü Karnegi adlı şəxs şəhərə
bağışlayıb, o həmçinin kitabxananın
inkişafı üçün böyük vəsait sərf
edib. Hazırda Vaşinqtonda Karnegi Fondu fəaliyyət
göstərir. Fond ABŞ-da
kitabxanaların inkişafına yardım edir.
Kitabxananın tarix şöbəsində
şəhərin telefon məlumat kitablarından, köhnə
qəzetlərdən Şimali Karolina ştatının əhalisinin
uçot-qeydiyyat sənədlərinədək bir çox
materiallar saxlanılır. Burada ştat əhalisinin
şəcərə tarixinə dair kitab da var. Şimali
Karolina ştatında yaşayan hər bir şəxs bu kitabda
öz şəcərə tarixini tapa bilər. Kitabxanadakı kataloqlar mikrosxemlərdə
yığılır, burada 10 mindən çox belə
mikrosxem saxlanılır.
Maklenburq İctimai Kitabxanası səyyar
xidmət də göstərir. Bu xidmətdən
müəllimlər, uşaqlar, yaşlı insanlar, əlillər
və imkansızlar daha çox istifadə edirlər. Səyyar xidmət poçt vasitəsilə də
aparılır. Kitablar və ya onların
surətləri poçt vasitəsi ilə oxucuya göndərilir
və poçtla da geri alınır. Bu
xidmət üçün oxucular tərəfindən haqq
ödənilmir. Bütün poçt xərclərini
kitabxana ödəyir. Ümumilikdə 153
min nəfərə səyyar kitabxana xidməti göstərilir.
Kitabxanada savadsızlığın ləğv edilməsi
istiqamətində də iş aparılır. Burada
yazıb-oxumağı öyrənmək istəyənlər
üçün pulsuz kurslar təşkil edilir. Gözdən əlillərə pulsuz kitabxana xidməti
göstərilir.
Maklenburq İctimai Kitabxanasının rəhbəri
Çarlz Brovnla görüşümüz kitabxananın iclas
zalında baş tutdu. Brovn bizə kitabxana
haqqında məlumat verərək bildirdi ki, Şimali
Karolinada kitabxanalar yerli gəlir vergiləri hesabına maliyyələşdirilir.
Bəzi böyük mədəni layihələri
kilsələr maliyyələşdirir. Ştatın
qanunlarına görə, inşa edilən hər binanın
ümumi smeta dəyərinin bir faizi mədəniyyət məsələlərinin
maliyyələşdirilməsi üçün nəzərdə
tutulmuş xüsusi hesaba köçürülür. Bu məbləğ köçürülmədən
heç bir tikintiyə icazə verilmir.
Maklenburq İctimai Kitabxanasının illik
büdcəsi 36 milyon dollardır. İqtisadi
böhranla əlaqədar şəhər büdcəsində
bir sıra sahələr üzrə ixtisarlar edilsə də,
bu azalma kitabxananın büdcəsinə təsir etməyib.
Qarşılıqlı söhbət əsnasında
məlum oldu ki, amerikalı kitabxana direktorunun Azərbaycan
haqqında məlumatı demək olar ki, yoxdur. Mədəniyyət
və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova
Çarlz Brovna Azərbaycandakı təhsil sistemi, icbari təhsil,
mədəniyyətə göstərilən dövlət
qayğısı, kitabxana işi, Heydər Əliyev Fondunun mədəniyyət
sahəsində həyata keçirdiyi layihələr barədə
məlumat verdi.
Nümayəndə heyətimiz adından
ona xatirə hədiyyələri və kitabxana fonduna daxil etmək
üçün çoxlu kitablar təqdim etdik.
Görüşdə Maklenburq İctimai Kitabxanası ilə Gəncə
Mərkəzi Kitabxanasının dost kitabxanalar elan olunması
qərara alındı. Çarlz Brovn və Gəncə
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Mina Məlikova bu barədə memorandum imzaladılar.
Memoranduma əsasən, gələcəkdə
bu kitabxanalar arasında əməkdaşlıq həyata
keçiriləcək.
Dünyanın ən iri
fotoqrafı
Gün ərzində Maklenburq İctimai
Kitabxanasında əlil arabasında çox iri cüssəli
bir şəxsin gəzdiyini gördük. Ona
kitabxananın müxtəlif bölmələrində rast gəlirdik.
Yeri gəlmişkən, kitabxanada əlillərə
xidmət üçün hər cür şərait
yaradılıb. Onlar əlil arabaları ilə
bütün şöbələri gəzə bilirlər.
Günorta qısamüddətli fasilə
zamanı əlil arabasında gəzən həmin şəxslə
kitabxananın giriş qapısında yenə üz-üzə
gəldik. O, arabanı saxladı və yaxamdakı vizit
kartına baxıb "Azərbaycan" dedi. Hiss etdik ki, bizimlə
söhbətə marağı var. Adının Robert,
soyadının Radqett olduğunu bildirdi. Qeyd etdi ki, 18 il dünyanın ən məşhur xəbər
agentliklərindən biri olan Röyterdə
çalışıb. Vaşinqtonda universitetin
hüquq fakültəsini bitirib. Sovet
İttifaqı üzrə mütəxəssisdir. 53
yaşı var. Hazırda ikinci ali təhsil
alır. Ayağının birini itirdikdən
sonra kitabxanaya tez-tez gəlir. Vaxtının
çoxunu internetdə keçirir.
O, Azərbaycan haqqında məlumatı olduğunu, mərhum
Heydər Əliyevi tanıdığını söylədi.
Qeyd etdi ki, Azərbaycanda olmasa da, bizim ölkənin
zəngin neft-qaz ehtiyatlarından, Amerika ilə yaxşı
münasibətlərimizin olmasından xəbərdardır.
Söhbət zamanı qeyd etdi ki,
Qarabağ problemi, ermənilərin Azərbaycana ərazi
iddiaları barədə də məlumatlıdır. Hətta
ermənilər haqqında belə bir fikir söylədi: "Ermənilər
çox rəzil və ikiüzlüdürlər. Rusiya və Türkiyənin münasibətlərini
də tarix boyu ermənilər pozub". Sonra o, saatına
baxıb vaxtımızı çox aldığı
üçün üzr istədi. Bildirdi
ki, onu dünyada məşhur edən bədəncə
çox nəhəng olmasıdır. Onu
dünyanın "Ən nəhəng fotoqrafı" kimi
tanıyırlar. Biz Robertlə
sağollaşıb ayrıldıq.
Axşam evdə Ömər
vaxtımızın xoş keçməsi üçün
xeyli çalışdı. Onun
xanımı da bizə tez-tez çay, qəhvə təklif
edirdi. Amerika ailələrindən fərqli
olaraq bu ərəb ailəsində içkiyə meyil demək
olar ki, yox idi. Ömər qızları
haqqında danışdı. Bildirdi ki,
böyük qızı başqa şəhərdə
universitetdə, ailənin ikinci qızı isə başqa bir
ştatda kollecdə təhsil alır. Daha
sonra o, bir şəkil göstərərək onun
qardaşı olduğunu söylədi. Bildirdi ki,
qardaşı Parisdə yaşayır, diş həkimidir. İldə bir dəfə məzuniyyətə
çıxanda Amerikaya gəlir və görüşürlər.
Ömər onun daha imkanlı olduğunu da
xüsusi vurğuladı.
Ömər istirahəti çox sevdiyini, məzuniyyət
dövründə Misirə, Türkiyəyə getdiyini
bildirdi. Ov həvəskarı olduğunu, silah
kolleksiyası topladığını dedi. Bizi
kolleksiyasından bəzi nümunələrlə tanış etdi. "Beretta"
tipli tapançasını, dörd ədəd qoşalülə
ov tüfəngini, bir ədəd karabini bizə göstərdi.
O, silahların hamısının qeydiyyat və icazə sənədinin
olduğunu vurğuladı.
11 may 2010-cu il
Səhər adi qayda üzrə "Beynəlxalq
ev"ə gəldik. Bu gün ilk
görüş Mərkəzi Piedmont İctimai Kollecinin
kitabxanasında olacaqdı. Yolboyu şəhərin
görməli yerləri ilə də tanış
olduq.
Bizi müşayiət edən xanım Liz
sürücüyə böyük bir kompleksin
qarşısında dayanmağımızı işarə
etdi. Bura nəhəng bir idman kompleksi idi.
Ətrafda ideal səliqə-sahman,
yaşıllıq vardı. Liz məlumat verdi ki, bura
Şarlot şəhər stadionudur. Stadionu
1990-cı ildə "Bank of Amerika" tikdirib. Kompleksin girişində hündür qranit abidə
ucalırdı. Abidənin üzərində
çoxlu adlar həkk olunmuşdu. Amerikalı
xanım adları bu abidə üzərinə
yazılanların Şarlotda futbolun inkişafına kömək
göstərən şəxslər və ya məşhur
futbolçular olduqlarını söylədi.
Təyin olunmuş vaxta İctimai Kollecin
kitabxanasına gəldik. Kitabxananın
üçmərtəbəli binası vardı.
Binanın girişində bar yerləşirdi. Barda
spirtli içkilər də daxil olmaqla hər cür içki
təklif olunur. Maraq üçün
öyrəndik ki, bar aylıq gəlirinin 7 faizini
kitabxananın hesabına köçürür.
Kitabxananın çıxış
qapısında yoxlama-nəzarət keçidi vardı. Onu da öyrəndik ki, kitabxana fondundakı olan
bütün kitabların cildində xüsusi qoruyucu zolaq var.
Odur ki, hər hansı bir kitabı kompyuterdə qeyd etdirmədən
kitabxanadan çıxarmaq mümkün deyil. Bizi kitabxana
ilə
Kollec kitabxanasının direktoru xanım
Cenifer Arnoldla görüşümüz maraqla keçdi.
O, tədris prosesindəki yeniliklərdən, kollecin ixtisas və
peşə istiqamətlərindən ətraflı bəhs
etdi. Qeyd etdi ki, burada əsasən iqtisadiyyat
üzrə mütəxəssislər hazırlanır. Kollecdə təhsil pulludur, qəbul zamanı imtahan
aparılmır. Tələbələrin
xeyli hissəsi kollecdə təhsilini bitirə bilmir. Yalnız çox yüksək biliyə malik olanlar
sonadək oxuya bilirlər.
Yaxınlıqda yerləşən
restoranlardan birində nahar etdikdən sonra günün ikinci
yarısında şəhərin büdcə
planlaşdırılması, yerli xərclərin istiqamətləndirilməsi
məsələlərini öyrənmək üçün
yerli Hökumət Mərkəzinə getdik. Bu mərkəz təkcə Şarlot şəhərinin
deyil, bütövlükdə Maklenburq
qraflığının idarə olunmasına rəhbərlik
edir. Şimali Karolinada yüz qraflıq
var, onlardan ən böyüyü Maklenburqdur. Maklenburq qraflığını ştatın
"vuran əli" adlandırırlar. Şimali
Karolinanın 1,6 milyona yaxın əhalisinin 900 min nəfəri
bu qraflığın ərazisində, onun da 650 mini Şarlot
şəhərində yaşayır.
(Ardı var)
Vaqif Alıyev,
Kürdəmir Rayon Mədəniyyət
və
Turizm Şöbəsinin
müdiri
Mədəniyyət.-
2010.- 18 iyun.- S. 12.