Turizm mövsümünün
rəsmi açılışı oldu
AF Hotel Aqua Parkda reallaşan
tədbir geniş konsert proqramı ilə davam etdirildi
Hər il ölkəmizdə
turizm mövsümünün
açılışı təntənəli mərasimlərlə
müşayiət olunur.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə düzənlənən builki tədbir
Novxanıdakı AF Hotel Aqua
Parkda reallaşdı.
Qeyd edək ki, bu
hotel ölkəmizdə fəaliyyət
göstərən ən
böyük istirahət
mərkəzlərindən biridir. Geniş bir
ərazidə yerləşən hoteldə qonaqların istirahəti
və dincəlməsi üçün hər
cür şərait mövcuddur.
Dumduru su ilə doldurulmuş çarhovuzlar,
müxtəlif barlar, yüksək
zövqlə dizayn edilmiş
və Avropa standartlarına uyğun xidmət səviyyəsi olan qonaq evləri AF Hotelə
xüsusi gözəllik verir.
Burada ailəvi istirahət üçün
də geniş şərait var.
Mövsümün açılışından
öncə Mədəniyyət
və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri
Aydın İsmiyev jurnalistlərə açıqlama
verdi. Ölkəmizdə turizmin
inkişafının ilbəil vüsət
aldığını vurğulayan nazirlik rəsmisinin sözlərinə görə,
tikilən yeni mehmanxana
və hotellər bunun bariz sübutudur: «Düzdür, bəzi problemlərimiz var, xüsusilə xidmətin səviyyəsi
ilə bağlı çətinliklər mövcuddur.
Amma hər il ötən
ilə nəzər saldıqda daha böyük irəliləyişin olduğunu görmək mümkündür.
Buna nail olmaq üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
bir çox işlər
görülür. Bu
yaxınlarda ölkənin qərb bölgəsində turizmin inkişaf etdirilməsi
məqsədilə nazirlik tərəfindən
treninq-kurslar təşkil edilib.
Bundan başqa, Qubada Turizm İnstitutunun, cənub
bölgəsində isə Türkiyənin Mədəniyyət
və Turizm Nazirliyinin
dəstəyi ilə turizm sahəsində
çalışanların peşə
hazırlığının yüksəldilməsi, hotellərin
qəbul şöbəsi, mərtəbə və restoran-masa xidməti və aşpazlıq
üzrə müxtəlif kurslar keçirilib. Kurslarda 200-dən
yuxarı insan iştirak
edib. Turizm istirahət
mərkəzlərində bu il qiymət endirimi də
müşahidə olunur. Mehmanxana
və istirahət mərkəzlərinin rəhbərləri
bildirirlər ki, builki
mövsümdə boş yerlər olmayacaq».
Şöbə müdiri
onu da bildirdi
ki, hazırda hotel rəhbərləri ilə
qiymətlər məsələsi
müzakirə edilir:
«Çalışırıq ki, elə qiymətlər
müəyyənləşdirilsin ki, Azərbaycanda istirahət etmək hər bir insanın
marağında olsun. Ümumilikdə götürdükdə builki mövsümə turizm
infrastrukturu tamamilə hazırdır.
Artıq havalar istiləşdiyindən turizm obyektlərində də insanların
sayı artır. Bu il
mövsümün ötən illərlə
müqayisədə daha tez
başlaması da havaların erkən
istiləşməsi ilə bağlıdır. Amma bir şeyi
də təəssüflə qeyd etmək
istərdim ki, bizdə turizm
mövsümü maksimum
üç ay davam edir. Digər ölkələrdə
isə məsələn, Türkiyədə bu
müddət aprel ayının sonundan oktyabrın sonlarına qədərdir».
Qeyd edək
ki, Mədəniyyət
və Turizm Nazirliyi bu il ölkəmizə gələcək turistlərin
sayında artım proqnozlaşdırır. Bu barədə
danışan şöbə müdirinin
sözlərinə görə, dəqiq rəqəm söyləmək
mümkün olmasa da, turizm şirkətlərinin
və istirahət mərkəzlərinin rəhbərləri
ilə aparılan söhbətlər müəyyən qənaətə
gəlməyə əsas verir: «Elə
şirkətlər var ki,
Avstriyanın, Almaniyanın turizm şirkətləri
ilə 150-200 nəfərlik qrupların ölkəmizə
istirahətə gəlməsi barədə müqavilələr
bağlayıblar. Bunu
paytaxtımızın küçələrində qoyulan reklam lövhələrindən
də aydın görmək mümkündür».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2010.- 18 iyun.- S. 9.