Azərbaycanın turizm imicini yüksəltmək üçün çox görülməlidir

 

   Azərbaycanda turizm sahəsində sürətli inkişaf tempi ilə yanaşı, bir sıra problemlər də mövcuddur. Onların həlli yönündə dövlət tərəfindən müəyyən işlər görülür. Amma turizm daha çox özəl sektor olduğundan çətinliklərin aradan qaldırılması üçün biznes qurumlarının özlərinin bu sahədə fəallığına ehtiyac var. Azərbaycan Marketinq Cəmiyyətinin İdarə Heyətinin sədri Rəhim Hüseynovla söhbətimiz də bu barədədir:

  

   - Bu yaxınlarda ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edildi. Eyni zamanda, «Turizm haqqında» yeni qanun layihəsi hazırlanır. Bir mütəxəssis kimi bu sənədlərdə hansı maddələrin yer almasını istərdiniz?

   - Hazırda ölkəmizin turizm sektorunda bir nömrəli problem kadr hazırlığı ilə bağlıdır. Vəsait qoyub çox müasir obyektlər tikmək olar. Amma onu idarə edəcək insanlar yoxdursa, bütün bu yatırımlar ölü kapitala çevrilər. Ona görə də ilk növbədə bu obyektləri idarə edə bilən kadrların hazırlanması vacibdir. Azərbaycanda bir sıra sahələrin inkişaf etdirilməsi məqsədilə dövlət proqramları qəbul edilib. Ümid edirəm ki, qəbul edilən proqramyeni qanun ölkəmizdə turizmin inkişafına yeni təkan verəcək. Amma onu da qeyd edim ki, bu öz-özünə başa gələn deyil. Bütün prosesləri insanlar idarə edir. Ona görə də lazımdır ki, adamları Azərbaycanda turizmin gələcəyinə inansınlar və bu sahəyə investisiya qoysunlar. Bu baxımdan, əgər məsələnin bir tərəfi kadr problemidirsə, digər tərəfi sistemli formada həyata keçirilən təbliğat-təşviqat işləridir.

   Müasir istirahət nə deməkdir və hansı istirahət növləri var? Bu mövzuda ölkə daxilində təbliğat qurulmalıdır. Turizmin inkişafı təkcə yerli əhali üçün hesablanmır. Burada fəaliyyət göstərən turizm məkanları yalnız ölkə insanına qulluq etsə, onlar biznes cəhətdən özlərini heç vaxt doğrulda bilməzlər. Mütləq kənardan gəlib Amerika dolları, Avropa avrosu xərcləyən insanlar lazımdır. Təbii ki, ilkin şərtlərdən biri Azərbaycanın turizm ölkəsi imicinin yaradılmasıdır. Bu imici yüksəltmək üçün çox işlər görülməlidir. Eyni zamanda, Azərbaycanın stabil, təhlükəsiz, turistlər üçün cəlbedici diyar olması barədə dünyaya mesaj verilməlidir. Bu baxımdan dünyada ən çox izlənən televiziyalarda davamlı olaraq ölkəmiz haqqında reklam çarxlarının yayınlanmasının böyük əhəmiyyəti var. Eyni zamanda, bu reklam çarxlarının yerləşdirilməsi zamanı televiziya reytinqləri və hədəf qrupları nəzərə alınmalıdır.

   - Ölkəmizdə turizm sahəsi üzrə kadr problemini həll etmək üçün bir çox işlər görülür. Turizm İnstitutunun yaradılması, Mingəçevir Turizm Kollecinin fəaliyyəti, müxtəlif istiqamətlər üzrə kursların təşkili buna misaldır. Daha hansı tədbirlərin görülməsi bu problemin həllində yardımçı ola bilər?

   - Düşünürəm ki, valideynlər arasında da təbliğat aparılmalıdır. Onları inandırmaq lazımdır ki, Azərbaycanda turizm çox perspektivli və gəlirli sahədir. Valideynlər övladlarını bu sahəyə yönəltməklə onların gələcəyinə yaşıl işıq yandırmış olarlar. Bu məqsədlə orta məktəblərin sonuncu siniflərində ixtisasseçmə mərhələsi müəyyənləşməlidir. Digər tərəfdən, turizm sahəsini inkişaf etdirmək üçün təkcə ali təhsilli mütəxəssislər deyil, orta təhsilli kadrlara da geniş ehtiyac var. Buna görə də orta texniki turizm təhsili verə biləcək məktəblərin sayı artırılmalıdır. Turizm elə bir sahədir ki, burada orta texniki təhsillə çox böyük uğur qazanmaq olar.

   - Azərbaycanın turizm sektorunda hazırda daha çox yaşanan problemlərdən biriturizm şirkətləri ilə istirahət məkanlarının anlaşa bilməməsidir. Əksər turizm məkanlarının rəhbərləri hesab edirlər ki, özləri özlərini tanıda bilərlər və bunun üçün turizm şirkətlərinin xidmətinə ehtiyac yoxdur. Necə hesab edirsiniz, bəlkə hotel və istirahət məkanlarının rəhbərləri üçün də kursların təşkilinə ehtiyac var?

   - Bu məsələdə hər hansı inzibati metodların tətbiqinin əhəmiyyəti yoxdur. Bu, sırf biznes məsələsidir. Əgər hotel rəhbərləri turizm şirkətləri ilə işləmirsə, bunun kökü araşdırılmalıdır. Yəqin ki, hardasa turizm şirkətləri ilə işləmək onlara sərf etmir. İknci tərəfdən, əgər hotelin kifayət qədər müştərisi varsı, onun turizm şirkəti ilə işləməsinə nə ehtiyac var? Burada sosial element axtarmaq işin xeyrinə olmazdı. Bu gün ölkəmizdə - həm Bakıda, həm də regionlarda - hər il onlarla hotel tikilir, amma bu, kifayət deyil. Biz bu mərhələni keçməliyik. Azərbaycanda hotel sahəsində inhisarçılıq yoxdur. Ölkədə bu sahədə nominal bir bazar var. Amma yenə də təkrar edirəm ki, yerləşdirmə yerlərinin sayı lazım olan həddə çatmayıb. Yalnız istənilən saya nail olduğumuz halda hotel rəhbərləri ilə turizm şirkətləri arasında normal münasibətləri formalaşacaq. Bu məsəni sırf biznesin öhdəsinə buraxmaq lazımdır. Burada qeyri-iqtisadi mexanizm keçməyəcək. Bu gün Azərbaycanı bütün dünyada əsasən neft ölkəsi kimi tanıyırlar. Ona görə də çalışmalıyıq ki, ölkəmizi insanların hər cür rahatlıq tapa biləcəyi turizm məkanı kimidaha geniş şəkildə tanıdaq.

 

 

 Fəxriyyə Abdullayeva

 

 Mədəniyyət.- 2010.- 18 iyun.- S. 9.