Rəssam Sürəyya
Muğanlının fərdi sərgisi
Bugünlərdə T.İsmayılov adına “Uşaq dünyası” rəsm qalereyasında Mədəniyyət
və Turizm Nazirliyinin
nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq
üzrə Elmi Metodiki
Mərkəzin təşkilatçılığı ilə
“Müasir təsviri sənətdə rəngkarlıq”
mövzusunda seminar
və istedadlı rəssam Sürəyya Muğanlının əsərlərindən
ibarət sərgi təşkil olundu.
Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Vilayət İsmayılov ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinin uğurla inkişaf etdiyini, təsviri-sənət sahəsinin inkişafı üçün mühüm işlər görüldüyünü bildirdi. Gənc rəssamların təsviri-sənət sahəsində axtarışlarının uğurla davam etdiyini deyən direktor Sürəyya Muğanlının özünəməxsus yaradıcılığı olduğunu bildirdi, istedadlı rəssamların tanınması istiqamətində bu cür sərgilərin əhəmiyyətindən danışdı.
Tədbirdə çıxış edən millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Sürəyya Muğanlını həm istedadlı rəssam kimi, həm də öz işini sevən muzey əməkdaşı kimi tanıdığını dedi. Bölgələrdə yaşayıb yaradan gənc və həvəskar rəssamların əsərlərindən ibarət sərgilərinin paytaxda təşkil olunmasını müsbət hal kimi qiymətləndirən millət vəkili Mədəniyyət və Turizm Nazirliyinə, təşkilatçılara minnətdarlığını bildirdi.
Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin Təsviri-sənət və sərgilər bölməsinin müdiri Rafiq Quliyevin “Müasir təsviri sənətdə rəngkarlıq” mövzusunda məruzəsi dinlənildi.
Sonra sərginin açılışı oldu. Fərdi sərgidə Sürəyya Muğanlının 100-ə qədər rəsm əsəri nümayiş olundu.
Ceyhun
Mədəniyyət.- 2010.- 18 iyun.-
S. 7.