O, fantaziyası
tükənməyən sənətkar idi...
Bu il bahar
yaman gecikdi, yayın
adamı bezdirən cırhacırı isə tez
gəldi. Elə baharın gəlişini
gözləməkdən səbirsizləndiyimiz günlərin
birində ANS kanalında «100-cü baxış» proqramına dəvət
olunmuşdum. Əvvəldən fikirləşmişdim
ki, çəkilişdən sonra mütləq Mailə xanıma baş çəkəcəyəm. Necə
ola bilər ki, həmişə
müəllimin, fəxr etdiyin insanın iş yerinə gələsən, ona Allahın salamını da
verməyəsən?..
Çəkilişdən sonra Mailə xanımı görmək istəyəndə dedilər ki, «Zərif çərşənbə»nin çəkilişləri ilə əlaqədar Türkiyədədir. Müəlliməmi görə bilmədiyimə heyifsiləndim. Mayın 3-də baş tutmayan görüşdən təəssüflənərkən nə biləydim ki, düz 40 gündən sonra Mailə xanım elə uzaq səfərə çıxacaq ki, həmin ayrılığın təəssüfü adamı sarsıdacaq.
Onun gedişi ilə Azərbaycan radio-televiziya jurnalistikası öz mogikanlarından birini itirdi. Əməkdar jurnalist Mailə
Muradxanlı bizim milli teleməkanda bir sima, yaradıcılığı
hər zaman yüksələn xətt
üzrə inkişaf
edən, fantaziyası
tükənmyən sənətkar
idi.
Onu lap uşaqlıqdan
tanıyırdım. Qismət elə
gətirmişdi ki, Mailə xanımdan çox illər sonra bir zaman
onun təhsil aldığı 187 saylı
məktəbdə oxuyurdum.
Məktəbimizdə keçirilən bütün sanballı tədbirlərdə Mailə
xanım fəxri qonaq qismində iştirak edərdi. Hər dəfə bu gülərüz, sadə
xanımla rastlaşanda
nə vaxtsa onun kimi yaxşı
jurnalist olmaq istəyi içimdə özümlə bərabər
böyüyərdi.
Sonra da bir zaman Mailə xanımın tələbəsi
olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində
oxudum. Mailə xanıma dərs
demiş müəllimlər
məni fərasətdə
ona oxşadanda üzə vurmasam da, qürurlanırdım.
Orta məktəbdən
fərqli olaraq, burada bir üstünlüyüm
var idi: artıq Mailə xanım fakültəmizdə
saathesabı dərs deyirdi və müəllimlərimiz məni
onun özünə tərifləyirdilər.
Beləcə, aramızdakı ana-balalıq
qədər yaş fərqi müəllim-tələbə,
həmkar münasibətinin
içində əridi,
bizi doğmalaşdırdı.
Mailə xanımın təşəbbüsü
ilə respublika radiosunda çalışmağa
başladığım illərdə
isə onu jurnalistikanın mətbəxindən
tanıdım.
Bildim ki, şux qamətli, xoş təbəssümü üzündən
heç zaman əksik olmayan bu xanım Azərbaycan
radiosunda təbii reportajın təməlini
qoyanlardan biridir.
Bildim ki, illər boyu Azərbaycan televiziyasında çalışan
neçə-neçə yetənəkli
jurnalist onun rəhbərlik etdiyi Ədəbiyyat və incəsənət verilişləri
baş redaksiyasında
peşəkar kimi püxtələşib. Şəxsən şahid oldum ki, Mailə xanım işçinin arxasında durmağı da bacarır, onu düzgün istiqamətləndirməyi də,
yaxşı materialı,
verilişi müdafiə
etməyi də.
Redaksiyada hər kəs
bilirdi ki, Mailə xanımın insan kimi çox
sevdiyi işçilər
də var, sadəcə, mövcudluğuna
tablaşdıqları da.
Amma iş proqrama gələndə, verilişə qonorar yazılması məqamı
çatanda kimsə həmin şəxsi münasibəti hiss etməzdi:
yaxşı yaxşı
qiymətini alırdı,
pis də öz qiymətini.
Redaksiyaya təzə gəldiyim
vaxtlarda eşitmişdim
ki, bəzən veriliş zəif olanda Mailə xanım verilişin mətnindən kağız
quş düzəldir,
sonra müəllifin əyləşdiyi otağa
gəlir, qapını
açıb həmin
kağız quşu ona tərəf uçurdur, vəssəlam.
Bu, ciddi baş
redaktorun həm öz sənətinə, cavabdeh olduğu sahəyə məsuliyyəti,
həm də bir növ tənbeh
üsulu idi. Şükürlər olsun
ki, Mailə xanmla birgə çalışdığım qısa müddətdə
nə təcrübəli
həmkarlarımın yazdığı
veriliş mətni «quş»a dönüb uçdu, nə də mənim yazdığım. Amma onun mənim ilk böyük veriliş mətnimin böyründəki
qeydi ömrüm boyu unutmaram: «Müsahibini danışdırmaqdan
ötrü özünü
niyə savadsız kimi göstərirsən? Başqa üsul tap!».
Mailə xanım
Azərbaycan radiosunun,
televiziyasının inkişaf
yolunda can qoydu. Ömrünün 40 ilindən çoxunu
bu şirkətdə çalışdı, pillə-pillə
ucaldı, şöhrət
tapdı. O, yorulmazlığın,
işgüzarlığın, tükənməz enerjinin
qaynağı idi. Jurnalistika, yaradıcılıq
onun qanına hopmuşdu, az
qala həyat tərzinə çevrilmişdi.
Özü də deyirdi
ki, qızı Lalə ağlı kəsəndə adi kağız parçasına
da «veriliş» deyirmiş. Hərdən düşünürdüm ki, ay Allah, görəsən,
Mailə xanım necə vaxt tapır ki, həmişə yaraşıqlı
görünür, həmişə
işdədir, övladları
da tərbiyəli, savadlıdır. Mailə xanım
daim işləyirdi, çalışırdı. Yeri gələndə radiodan əlavə, jurnal üçün məqalə,
«Mozalan» üçün
süjet ssenarisi yazırdı, dərs deyirdi, təcrübəçi
tələbələrlə də məşğul olurdu.
1990-cı ilin 20 Yanvar
hadisələri zamanı
televiziyada partlayış
törədiləndən sonra
kişilərin çoxu
işə gəlməyə
cəsarət etmədiyi
bir vaxtda Mailə Muradxanlı şirkətin qapısını
açıb içəri
keçdi, efir boş, əhali məlumatsız qalmasın
deyə diktorluq etməyə də ərinmədi.
Şöhrətdən, öz «mən»ini
qabartmaqdan uzaq olan Mailə xanım milli teleməkana bir yenilik də gətirdi. Ömrün müdriklik çağında
çalışdığı ANS kanalında «Zərif çərşənbə» proqramında
efirə çıxıb
veriliş apardı.
Mailə xanıma qədər bizdə heç bir qadın jurnalist illərin görkəminə
çəkdiyi sığaldan
çəkinmədən, yaşanmış
illərin gözünün
içinə dik baxaraq ekrana çıxmamışdı! Qoy kimsənin
xətrinə dəyməsin,
«Zərif çərşənbə»dəki
aparıcı xanımların
ən cazibədarı
elə Mailə xanım idi.
Mailə xanımın xarakterindəki
mərdlik o qədər
idi ki, kimlərisə
illərlə yataqda incidən xəstəlik də ondan çəkindi,
öz fəna əməllərini gizli-gizli,
xəlvəti gördü.
Çünki Mailə xanım
xəstəliyindən daha
tez xəbər tutsaydı, onunla da mübarizədə qalib çıxardı.
Necə ki, illər boyu istər şəxsi, istərsə də iş həyatında qarşısına çıxan
heç bir maneəyə boyun əyməmişdi, bütün
sınaqlardan öz qətiyyəti, hünəri
ilə qalib çıxmışdı.
İnsan hər əziz
adamını itirdikcə,
həm də onunla bağlı ən xoş məqamların da xatirəyə çevrilməsi,
onunla ünsiyyətin
davam etməyəcəyi
üzündən yanıb-yaxılır.
Lap vaxtsız düşən bürkü
səni qəfil yandırıb-yaxan kimi.
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2010.- 18 iyun.-
S. 6.