«Mən həmişə
teatr haqqında fikirləşmək istəmişəm»
Özünü sənətdən kənarda
görməyən aktyor Şövqü
Hüseynov belə deyir
Onun mənsub olduğu aktyor nəsli çox
çaxnaşmalı bir vaxtda
sənətə gəldi. Bəlkə də həmin illərdə
səhnədə olmaq istəyini dilə
gətirməyin özü belə cəsarət
tələb edirdi. Amma
Yaradan hər kəsin öz
qismətini onun bu dünyaya gəlişi ilə qoşa
yazır, deyirlər. Bu səbəbdən
də onlar sənətlə bərabər
çox incə mətləbin gərəksiz
bilindiyi zamanda - ötən
əsrin 90-cı illərinin əvvəllərində sənətə
gəldilər.
Bəxtləri onda gətirdi ki, həmin darmacalda itib-batmamaq, sənətdə azmamaq üçün Yaradan onların qismətinə Cənnət Səlimovanın timsalında mədəniyyət təəssübkeşini çıxardı. Sənətdə ideyaları tükənməyən Cənnət xanım tələbələrini bir yerə yığıb teatr yaratdı və onları əsl sənətə xidmət amalından yayınmağa qoymadı. Həmin 90-cı illərdə Cənnət Səlimovanın yaratdığı Bakı Kamera Teatrının əməkdaşları 2009-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları kimi fəaliyyətlərini davam etdirirlər. Bizim müsahibimiz də onlardan biri, respublikanın Əməkdar artisti Şövqü Hüseynovdur.
- Şövqü, artıq bir ildir ki, birləşmiş kollektivdə, həm də yaradıcılıq üçün çox əlverişli mühitdə çalışırsınız. Özünüzü burada necə hiss edirsiniz?
- Aktyora yaxşı səhnə, yaxşı əsər, yaxşı tərəf-müqabil lazımdır ki, qabiliyyətini göstərə bilsin. Bütün dediklərim də bu teatrda var. Biz Gənc Tamaşaçılar Teatrına gələndə teatrın direktoru Mübariz Həmidovdan ta qapıçıyadək hər kəsdən mehribanlıq gördük. Cənnət xanım əvvəlki tamaşaları bərpa edəndə ayrı-seçkilik qoymadı. Düzdür, bəzi aktyorlar kənarda qalacaqlarından narahat idilər. Amma Cənnət xanımı tanıyanlar bilir ki, onun üçün «mənimki-səninki» söhbəti yoxdur, yalnız istedadlı aktyor var. Aktyor istedadlı da olmasa, Cənnət xanım onunla işləyib, zəhmət çəkib istədiyini ondan alacaq. Məsələn, «Şeyx Sənan» tamaşası bərpa olunanda bütün teatr işə cəlb edildi. Bununla da tamaşa yalnız uddu, təkcə baş rolların ifaçıları dəyişmədi. Biz həmin tamaşanı Bakı Kamera Teatrında bir ilə hazırlamışdıq, burada bir aya bərpa etdik. Cavid dünyasına baş vurmaq üçün isə bir ay çox azdır.
Bəziləri elə güman edirdilər ki, birləşmədən sonra Gənc Tamaşaçılar Teatrının repertuarı elə Bakı Kamera Teatrının köhnə tamaşalarının bərpası üzərində qurulacaq. Amma bu mövsümdə teatrda bir neçə yeni tamaşa hazırlanıb...
- Siz necə, başqa rejissorların tamaşalarında məşğulsunuz?
- Hələ yox... Düzü, hazırda elə tamaşalar hazırlanır ki, orada daha çox gənc aktyorlara uyğun rollar var. Yəqin ki, məni münasib obrazda görmürlər. Mən həmişə aktyor olmaq istəmişəm də, istəyirəm də. Yeni tamaşam olsa da, olmasa da!.. Mənim üçün məşq prosesi tamaşanı oynamaqdan daha maraqlıdır. Məşhur rejissor Anatoli Efrosun bir kitabı var: «Məşq - məhəbbətim mənim».
- Belə demək olar ki, tamaşa, premyera sizinçün maraqlı deyil?
- Premyerada həmişə bir qədər kədərlənirəm. Elə bil neçə aydan bəri birlikdə olduğum əziz bir adamımı itirirəm, onunla ünsiyyətim qurtarır, o da uzaq bir səfərə çıxır.
- Amma teatr, kinodan fərqli olaraq, birdəfəlik bitmir. Aktyor hər tamaşada öz rolunu bir qədər də ətə-qana gətirir, onu daha da dolğunlaşdırır...
- Elədir, amma aktyor həmin əzizini hər gün yox, bayramdan-bayrama görür.
- Kino demişkən, kino ilə bağlı hansı işləriniz var? Düzdür, səsinizi dublyajda eşidirik, hətta bir serialda da sizi iki-üç bölümdə gördük...
- Mən dram və kino aktyoru fakültəsində oxuyanda heç kino təcrübəm olmamışdı. Buna görə də kino, çəkiliş meydanı mənim üçün maraqlı və qapalı aləm idi. İlk dəfə Oqtay Mirqasımov məni «Günaydın, mələyim» filmində kiçik bir epizoda çəkdi. Onun sayəsində çəkiliş prosesinin iştirakçısı oldum. Bu filmə qədər dublyajda, bir dəfə bizim filmlərin səsləndirilməsində iştirak etmişdim, reklama çəkilmişdim. Sonra ANS kanalında «Qaydasız döyüş» serialına dəvət aldım. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən «Aktrisa» filmində artıq əvvəlki kinoobrazlarımdan daha böyük bir rolu oynamışam. Ayaz Salayevin «Piramida» filmində də kiçik rola çəkilmişəm. ANS kanalı məni yeni bir serialda baş rola dəvət edib, çəkilişlər hələ davam edir.
- Maşallah, kino
rollarınız da bir-birinin ardınca böyüyür.
- Elədir. Amma filmin çəkiliş prosesi mənim üçün çox maraqlı olduğundan böyük-kiçikliyinə baxmaram,
heç bir roldan imtina etmərəm...
- Məgər çox
sevdiyiniz teatrda rolları böyük-kiçikliyinə
görə seçirsiniz?
Bəs deyirlər, rolun böyüyü-kiçiyi
olmur...
- Yox, əslində
teatrda da fərqi yoxdur. Amma mən bilən, Şeyx Sənandan, Aydından, Yaqodan sonra rejissorlar mənə «bunu apar, onu gətir»
qədərlik rol verməzlər.
- Söz-sözü çəkdi,
gəldik mətləb
üstünə. Bu gün
Şövqü Hüseynov
səhnəyə Şeyx
Sənan kimi çıxır, sabah «Məkkəyə yol»da Qazı, o biri gün də «Xırs-quldurbasan»da Tarverdi,
Tarverdinin təsirindən
çıxmamış Aydın
kimi... Amplua söhbəti etmək
istəmirəm, amma hər halda bütün bu fərqli obrazların xarakterində Şövqü
Hüseynovdan nə var? Tamaşaçı Şeyx Sənanda
Şövqünü daha
çox görür,
yoxsa Tarverdinin cildində?
- Oynadığım hər
bir obrazda onun insan kimi
taleyi mənim üçün maraqlıdır.
Mən fikirləşmirəm ki, dünən səhnədə
Tarverdiydim, bəs bu gün kiməm?
O ki qaldı obrazlarımda məndən
nə var barədə sualınıza,
hələ ki, mənim Hüseyn Cavidi dərk edən, Mirzə Fətəli Axundovdan öyrənən vaxtımdır.
Vallah, Axundov Tarverdiyə bir obraz kimi
nə lazımdırsa,
verib. Sadəcə, Axundovun Tarverdisini
tamaşaçıya göstərmək
lazımdır. İstər-istəməz tamaşaçı obrazın
cildinə girmiş aktyoru görür. Hətta ən böyük sənətkar,
dahi aktyor nə qədər obrazla yaşasa da, yenə 50 faiz özüdür! Mən belə hesab edirəm ki, bu gün səhnədə
hadisənin necə baş verməsini yox, nə baş
verdiyini göstərməklə
müasir tamaşaçının
diqqət və rəğbətini qazanmaq
olar.
- Şövqü, sizi
tanımayan bir adam bu müsahibəni oxuyan kimi düşünəcək
ki, sizin ən böyük məhəbbətinizin ünvanı
teatrdır.
- Əslində belədir. Mən həmişə teatr haqqında fikirləşmək istəmişəm,
hətta başqa şeylər barədə
düşünməkdən qorxmuşam. Allah mənə belə şans verib ki, istədiyim hər şeyi, hər kəsi teatrda tapmışam.
- Həyat yoldaşınız
Şəbnəmi də...
- Bəli! Mənim həyat
yoldaşım mütləq
aktrisa olmalıydı.
Çünki teatrdan başqa bir yerdə olmurdum ki, kiminləsə
- Bəs teatra, sənətə necə, meyli var?
- Ülvinin üç
yaşı var, xeyli mahnı, şeir bilir, tamaşalara diqqətlə
baxır, yaddaşı
itidir, musiqi duyumu güclüdür, yaşına görə çox yaxşı səsi var. Əgər böyüyəndə aktyor
olmaq istəsə, etiraz etmərik. Əksinə,
mən çalışaram
oğluma kömək
edim ki, o, bizdən də yaxşı aktyor olsun.
- Şəbnəm xanımla eyni tamaşada çox çıxış etmisiniz?
- Yox. İndiki repertuarda Şolom
Aleyxemin «Mavi yuxular» əsərində mənim qəhrəmanımın
ilk sevgilisini oynayır.
- Hətta dünya
çapında elə
sənətçi cütlüklər
var ki, rol
alanda şərt kəsirlər ki, mənim həyat yoldaşım da mütləq filan rola çəkilməlidir,
ya da filan
tamaşada çıxış
etməlidir. Siz necə, Şəbnəm
xanıma görə rejissora ağız açarsınız? Hər
necə olsa, indi sizin teatrda
yetərincə cavan, qabiliyyətli və yaraşıqlı aktrisa var, rəqabət güclüdür...
- Yox, demərəm.
Əziz adamım üçün
minnətə getməyi
ayıb bilərəm.
Bir də ki, mən
öz ailəmin başçısıyam, sözüm
evdə keçər.
Teatrda isə hər şeyi rejissor həll edir. Vaqif Əsədov «Oliver Tvistin macəraları»nı hazırlayır.
Şəbnəm də Oliverin
xalasını oynayır.
Əgər qismət olarsa,
səhnədə də
birgə çıxışlarımız
çox olar.
Söhbətləşdi:
Gülcahan Mirməmməd
Mədəniyyət.-
2010.- 18 iyun.- S. 5.