Tərəqqi ünvanlı mədəniyyət

 

   Muzeyşünaslıq müstəqil bir elm sahəsi olaraq son illərdə respublikamızda müəyyən inkişaf yolu keçib. Muzey əşyaları vasitəsilə tariximizi, ağrılı-acılı və şanlı günlərimizi görür, gələcəyimizə daha inamla baxırıq. Məhz buna görə də tariximizin müəyyən mərhələlərini, mədəniyyətimizi, adət-ənənələrimizi və ümumən varlığımızı özündə yaşadan «cansız əşyalar» qayğı ilə toplanılır, qorunur, öyrənilir və öyrədilir. Muzeyşünaslıq işi üzrə dissertasiyalar müdafiə edilib, kitablar, çoxsaylı məqalələr işıq üzü görüb.

  

   Ötən ilin sonlarında bu siyahıya yeni bir nəşr də əlavə olunub. Bir çoxumuzun gəncliyimizin şəhəri olan Sumqayıtın 60 illiyi ərəfəsində oxuculara təqdim olunan «Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt» adlı kitab məhz şəhərin yubileyinə töhfədir və bu illərdə burada mədəniyyət sahəsində qazanılmış uğurlardan bəhs edir. Daha dəqiq desək, şəhərin mədəni həyatının salnaməsidir.

   İlk əvvəl muzey işindən söhbət açmağımız təsadüfi deyil. Müəlliflərin (layihənin rəhbəri Əməkdar mədəniyyət işçisi Olya İslamova, nəşrə hazırlayanlar Sənurə Lazımova, Mətanət Hüseynova və Naləndə Fərəcullayeva, redaktor İbrahim İlyaslı) kitabı hazırlayarkən istifadə etdikləri materiallar bir ünvanda - Sumqayıt şəhərinin Tarixi Muzeyində toplanıb. Bunlar ötən illərin qəzet-jurnalları, kitablar, fotoşəkillər, mədəniyyət işçilərinin şəxsi əşyaları, müxtəlif sənədlər, vəsiqələr, təltiflər, xatirələr, tədbir və tamaşaların afişa və proqramları, əlyazmaları və digər muzey əşyalarıdır. Bu əşyalar müxtəlif vaxtlarda muzeyin əməkdaşları tərəfindən fədakarlıqla toplanılıb, qorunub və tamaşaçıların sərəncamına verilib.

   Kitabda Sumqayıt şəhərində mədəni quruculuq, buradakı mədəniyyət ocaqlarının fəaliyyəti işıqlandırılır, bu müəssisələrin əsası qoyulandan bu günə qədər keçdiyi yol izlənilir.

   Müəlliflər bütün bunları ayrı-ayrı bölmələrdə toplayıb və hər bölməni həmin müəssisələrin adı ilə adlandırıblar: «Mədəniyyət evləri, klublar», «Musiqi və incəsənət məktəbləri», «Sumqayıt Musiqi Texnikumu», «Mədəniyyət və istirahət parkları», «Sumqayıt Şəhərinin Tarixi Muzeyi», «Sumqayıt Dövlət Rəsm Qalereyası», «Sumqayıt Dövlət Musiqili Dram Teatrı», «Mərkəzləşdirilmiş Kitabxana Sistemi».

   Kitabda muzeyin kolleksiyalarına əsaslanaraq Sumqayıtın tarixinə nəzər yetirilir, «Sumqayıt» sözünün etimologiyasından bəhs edilir, lap qədimlərdən bu ərazinin türkdilli əcdadlarımızın yaşayış məskəni olduğu vurğulanır.

   Sumqayıt gənclər şəhəridir, Sumqayıt gəncliyimizin şəhəridir. Bu fikir kitabın hər səhifəsindən qırmızı xətlə keçir.

   «Mədəniyyətin tərəqqi ünvanı - Sumqayıt» neçə illik gərgin əməyin məhsuludur, Sumqayıtın 60 illik yubileyinə layiqli töhfə olmaqla yanaşı, həm də Azərbaycan muzeyşünaslığını zənginləşdirən layiqli bir tədqiqat işidir.

  

 

   Adilxan Bayramov,

   Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki

   Mərkəzin direktor müavini,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2010.- 23 iyun.- S. 8.