Ölüm sevinməsin qoy!
Leyla xanım Axundzadə
son dərəcə təvazökar, səmimi və yüksək
insani keyfiyyətlərə malik insan idi. Ali təhsilini
Moskvada almışdı, 1975-ci ildə M.Lomonosov adına
Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq
şöbəsini bitirmişdi.
Əmək fəaliyyətinə
1975-ci ildə Milli Elmlər Akademiyasının Memarlıq və
İncəsənət İnstitutunda Təsviri sənət
bölməsinin böyük laborantı kimi
başlamış, 1987-ci ilədək orada
çalışmışdı. Həmin
il Azərbaycan rəngkarlığında
mənzərə janrının inkişafı haqqında dissertasiya müdafiə edərək sənətşünaslıq
namizədi elmi dərəcəsi
almışdı. 1987-ci ildən Mədəniyyət və
İncəsənət Universitetində “Təsviri incəsənət
tarixi və nəzəriyyəsi”
kafedrasında müəllim, 1991-ci ildən 2001-ci ilədək
kafedra müdiri işləmişdi.
2001-ci ildə Dövlət Rəssamlıq Akademiyası
yaradılanda həmin təhsil ocağında “Təsviri incəsənət
tarixi və nəzəriyyəsi”
kafedrasının müdiri təyin olunmuşdu, 2004-cü ildən
kafedranın professoru idi.
2006-cı ildə Mədəniyyət
və Turizm Nazirliyində İncəsənət şöbəsinin
Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifəsinə
təyin olunmuşdu və 2010-cu ilin fevralında faciəli
şəkildə dünyasını dəyişənədək
həmin vəzifədə çalışmışdı.
Leyla Axundzadə 2007-ci
ildə Əməkdar incəsənət xadimi adına layiq
görülmüşdü.
Öz sənətini, işini
sevirdi. Müasir sənətşünaslıq
elminin aktual problemləri
ilə məşğul olurdu. Onun müəllifi olduğu
“XX əsr dünya təsviri incəsənəti”
kitabı bu mövzuda
Azərbaycan dilində ilk nəşr idi. Müasir Azərbaycan incəsənətinin problemlərindən
bəhs edən, ölkəmizdə və xarici
ölkələrdə - Türkiyə, Almaniya,
İtaliya və Rusiyada
nəşr olunmuş 40-dan çox elmi məqalənin,
həmçinin incəsənət istiqaməti üzrə nəzərdə
tutulmuş çoxsaylı dərslik və
tədris proqramlarının müəllifi idi. Rəssamlıq Akademiyasında rəhbərlik
etdiyi kafedrada müəllim
həmkarları, tələbələri onu
çox sevirdi. O, bir çox istedadlı sənətşünas
mütəxəssislər yetirmişdi.
Leyla xanımı incəsənətimizin
beynəlxalq aləmdə layiqli diplomatı kimi də qəbul
etmək olardı. Bir neçə xarici dil bilirdi.
Fəal ictimaiyyətçi, ziyalı idi. Ölkəmizdə və xarici
ölkələrdə təşkil olunan
müxtəlif tədbirlərdə, sərgilərdə Azərbaycanın
haqq işini cəsarətlə
əcnəbi nümayəndələrə, xarici
diplomatlara çatdırırdı.
Türkiyədə, Fransada, Gürcüstanda, İtaliyada,
Serbiyada keçirilən Beynəlxalq
elmi simpozium və
konfransların iştirakçısı olmuşdu.
Leyla Axundzadə
müasir incəsənət sahələrinin inkişafı və
Azərbaycan incəsənətinin təbliğ olunması
işinə böyük töhfələr verib. O, 2000-ci ildə gənc rəssamları, sənətşünasları
və musiqiçiləri birləşdirən “Zamanın
qanadları” adlı yaradıcılıq assosiasiyasını
yaratmışdı. Assosiasiyanın üzvləri Almaniya, Rusiya, Fransa, Serbiya, Yunanıstan,
Norveç, Türkiyə, İtaliya
və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak ediblər.
Azərbaycanda ilk dəfə
2003-cü ildə keçirilən “Alüminium” Beynəlxalq
müasir incəsənət Biennalesinin təsisçisi və
təşkilatçısı Leyla xanım idi. Bu, təsviri sənət tariximizdə təşkil
olunan ilk möhtəşəm
beynəlxalq əhəmiyyətli layihə idi
və 2005, 2007 və 2009-cu illərdə də uğurla keçirilmişdi.
Leyla
xanım 2007 və 2009-cu illərdə dünyada
məşhur beynəlxalq mədəniyyət layihəsi olan - İtaliyada “Venesiya” Biennalesində Azərbaycan pavilyonunun təşkilatçısı və
kuratoru olmuş, Azərbaycan
incəsənətinin dünyada
tanıdılması və təbliğinə öz
töhfəsini vermişdi.
Leyla xanım
hamıya kömək etməyə
çalışırdı. Xüsusilə gənc,
istedadlı rəssamların üzə çıxmasında
müstəsna xidmətlər göstərirdi. Şəxsi mövqeyi, problemlərə
yanaşmağı ilə ətrafındakıları
özünə cəlb edirdi. İncəsənət
üçün, yeniliklər naminə fədakarlıqla
çalışan sənətin cəfakeşi, mehriban xanım idi.
Səkkiz ildən
artıq idi ki, onunla tanış idim. Leyla xanım mənim əziz müəllimim,
dərin hörmət bəslədiyim şəxs idi. O, heç
vaxt keçmiş zamanda danışmağı xoşlamırdı.
Hər zaman modern, novator gələcək layihələri barədə
danışmağı xoşlayırdı. Lakin
çox təəssüf ki,
bu gün Leyla xanım Axundzadə haqqında keçmiş zamanda
danışımağa məcburuq.
İyunun 21-i Leyla
Axundzadənin doğum günü idi. Yaşasaydı həmin
gün 57 yaşı tamam olacaqdı.
Yaxşı əməl sahibləri heç vaxt unudulmayacaq. Leyla xanım da beləcə yaxşı əməllər sahibi idi. Böyük şairin misralarında deyildiyi kimi,
Ölüm sevinməsin
qoy, ömrünü vermir bada
El qədrini canından
daha əziz bilənlər.
Şirin bir xatirə tək
qalacaqdır dünyada
Sevərək
yaşayanlar, sevilərək ölənlər!
Əsəd Quliyev,
sənətşünas,
Rəssamlar İttifaqının üzvü
Mədəniyyət.- 2010.- 23 iyun.- S.7.