«Azərbaycanda
özümü Vətəndəki kimi hiss edirəm»
Misirin Azərbaycandakı səfiri Əbdülqadir Sabir
Mənsur: «Mədəni əlaqələrimiz dinamik şəkildə
inkişaf edir»
Misir bəşər tarixinin
başlandığı məkanlardan biridir. Erkən sivlizasiyalar, hələ də insanlar
üçün sirr olaraq qalan dünya möcüzələri,
piramidalar, sfinks, mumiya, ilk dövlətlər... Bütün
bunları Misirin tarixindən öyrənirik. Əgər
tarixə nəzərə salsaq, Azərbaycanla Misirin qədim
dövrlərdən bir sıra ortaq dəyərləri
paylaşdığını görmək olar. Bunlardan
ən başlıcası ortaq İslam mədəniyyətidir.
Hər iki ölkə İslam mədəniyyəti
tarixinə və ümumilikdə dünya mədəniyyətinə
özünəməxsus töhfələr verib. Bu ölkələrin münasibətləri, o
cümlədən mədəniyyət sahəsində əməkdaşlığı
da mühüm tarixi köklər üzərində qurulub.
Misirin Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Əbdülqadir
Sabir Mənsur ilə söhbətimizdə ölkələrimiz
arasındakı münasibətlərin ən müxtəlif məqamlarına
toxunduq. Səfir söhbətə Azərbaycan-Misir
münasibətlərinin tarixindən başladı.
- Azərbaycanla
Misir arasında əlaqələrin tarixi qədimdir. Bildiyiniz kimi, Misir bəşər
sivilizasiyasının beşiyidir. Azərbaycan
da qədim sivilizasiyaların, qədim insan məskənlərinin
olduğu məkandır.
Əgər diqqət yetirsək, azərbaycanlılarla
misirlilər arasında çoxlu oxşarlıq tapmaq olar.
Bu o deməkdir ki, qədimdə bizim aramızda
tarixi bağlılıq mövcud olub.
Tarixin gedişində tayfalar bir yerdən
digərinə axın ediblər. Azərbaycana
da müxtəlif ərazilərdən - Orta Asiyadan, Misirdən
insanlar gəlibər. Misir Osmanlı
imperiyasının tərkibinə daxil olduğu dövrdə
də bu coğrafiya ilə əlaqələrimiz olub,
xalqların mədəniyyyəti bir-birinə sintez edib. İki ölkənin insanları arasında ünsiyyət,
müəyyən dərəcədə
qaynayıb-qarışma baş verib. Hətta
bizim insanlarımızın sifət cizgiləri də sizlərə
bənzəyir. Deməli, yeganə fərq
dillərdədir. Amma deyim ki, burada da
müəyyən bənzərlik tapmaq olar. Çünki Azərbaycan dilində ərəb
dilindən alınma çoxlu sözlər var. İslam mədəniyyətinə
mənsubluq da xalqlarımız arasında bir çox bənzərlikləri
üzə çıxarır.
Ölkələrarası münasibətlərin
tarixinə gəlincə, hələ sovet dövründə
Misirlə Azərbaycan arasında mehriban dostluq əlaqələri
olub. 1958-ci ildə Misir Ərəb
Respublikasının lideri Camal Əbdül Nasir Sovet
İttifaqına, Moskvaya gəlib, sonra da xüsusi olaraq Azərbaycana
səfər edib. Azərbaycanlılar hava
limanına gedib onu qarşılayıblar.
Ölkəniz müstəqillik əldə
etdikdən sonra möhtərəm prezident Heydər Əliyev
Azərbaycanla Misir arasında əlaqələrin
inkişafına böyük önəm verib, bu əlaqələr
cənab İlham Əliyevin prezidentliyi dövründə də
inkişaf etməkdədir. Ölkələrimiz
arasında sıx əlaqələr, əməkdaşlıq
xalqlarımız arasında tarixi qədim dövrlərə
gedib çıxan münasibətlərin davamıdır.
- Azərbaycana gələnədək ölkəmiz,
xalqımız, mədəniyyətimiz, musiqimiz haqqında nə
bilirdiniz?
- Etiraf edim ki, buraya gələnədək Azərbaycan
haqqında ətraflı məlumata malik deyildim. Azərbaycan haqqında tarix kitablarından, televiziya
proqramlarından müəyyən informasiya
almışdım. Əldə etdiyim məlumatlarda
Azərbaycanın zəngin tarixə, mədəniyyətə
malik bir ölkə olduğunu təsəvvür edirdim. Buraya gələndən, hər şeyi öz
gözlərimlə görəndən sonra buna bir daha əmin
oldum. İnsanlarınız
istiqanlıdır, adama tez qaynayıb-qarışandırlar.
Xalqınız çox qonaqpərvərdir.
- Cənab səfir, burada diplomatik fəaliyyətdə
olduğunuz müddətdə vaxt tapıb Azərbaycanın
görməli yerlərinə səfər edə bilmisinizmi?
- Əvvəlcə onu deyim ki, Azərbaycanın
gözəl paytaxtını - Bakı və onun ətraf
bölgələrini gəzmişik. Ötən il Şəkiyə səfər etmişdik. Çox gözəl yerdir. Bu
şəhər əsrarəngiz olması ilə yanaşı
insanları da çox gözəl idi. Eyni
zamanda Şəki bizim yerlərə də çox bənzəyir.
Yolüstü başqa bölgələrə də
baş çəkdik.
- Ölkələrimiz arasında mədəni əlaqələrin
bugünkü səviyyəsini necə dəyərləndirirsiniz?
Bu əlaqələri daha da inkişaf etdirmək
üçün nə etmək lazımdır?
- Qeyd etdiyim kimi, tarixi qədim dövrlərə gedib
çıxan mədəni əlaqələrimiz bu gün
dinamik şəkildə inkişaf edir. Bu əlaqələrin
bir neçə istiqaməti var. Məsələn, Bakıda
Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir
ki, orada tez-tez müxtəlif tədbirlər keçirilir.
Rəsm, folklor, mahnı, film tədbirləri
insanları bir araya gətirir. Ötən il
Misirdə Azərbaycan Mədəniyyət Günləri
keçirildi. Bundan əvvəl Azərbaycanda
Misir Mədəniyyət Günləri keçirilmişdi.
Bu çox böyük hadisə idi. Həmçinin Bakıda Misir folklor qrupunun konsertləri
keçirildi. Ölkələrimiz
arasında tələbə mübadiləsi də
mövcuddur. Azərbaycanlılar Misirə, misirlilər
isə Bakıya təhsil almağa gəlirlər. Beləliklə, ölkələrimiz arasında əlaqələr
davam edir.
- Cənab səfir, tariximiz, mədəniyyətimiz,
musiqimiz haqqında fikirlərinizi bilmək maraqlı
olardı.
- Azərbaycanın muğam musiqisi bütün
dünyada məşhurdur. Onu da qeyd edim ki, bizdə də belə
bir musiqi var. Misirdə muğam musiqi bəstələmək
üçün vasitədir: bir çox mahnıları
muğam üzərində bəstələyirlər. Bu baxımdan ölkəmizdə muğamın bir
neçə növü mövcuddur. Ötən il Bakıda Beynəlxalq Muğam Festivalı
keçirildi və orada bir misirli də iştirak edirdi. O,
müsabiqədə 3-cü yeri tutmuşdu. Mən
Bakıda gəzərkən və ya maşınla bir yerə
gedəndə radioda Misir musiqisi eşidirəm. Disk satılan mağazalarda Misir musiqisi səslənir.
Hətta restoranlarda da Misir mahnıları,
musiqisi dinlənilir. Görürəm ki,
azərbaycanlılar Misir musiqisini həvəslə dinləyirlər,
Misir ifaçıları Azərbaycanda da məşhurdurlar.
Misirdə də azərbaycanlı musiqiçiləri
məşhurdur. Məsələn, Sami
Yusifi hər kəs tanyır. Bizim ölkəmizdə
operalarda işləyən azərbaycanlı musiqiçilər
var. Azərbaycanın tarixi çox qədimdir və
özünün İslami kökə
bağlılığı ilə çox gözəldir.
Azərbaycan mədəniyyəti ərəb mədəniyyətinə
çox yaxındır.
- Siz Bakıda böyük bir dövləti
təmsil edirsiniz. Yəqin, iş
qrafikiniz kifayət qədər sıx olur. Bəs
diplomatik fəaliyyətlə yanaşı, opera
tamaşalarına, tearlara, konsertlərə getməyə vaxt
tapırsınızmı?
- Bəzən gedirəm. Daha çox rəsmi
qəbullara, festivallara, müxtəlif mərasimlərə
gedirik. Lakin məhdud vaxtdan istifadə edib
teatra və konsertə də gedirəm. Məsələn,
mayın 10-da Heydər Əliyevin doğum günü
münasibətilə keçirilən qəbulda iştirak
etdim. O zaman bir neçə opera və baletdən hissələr
də nümayiş etdirildi. Bundan başqa bu
yaxınlarda Heydər Əliyev Sarayında nümayiş
etdirilən «İntizar» operasına tamaşa etdim və onu
çox bəyəndim. Mənə elə
gəlir ki, dillərin fərqli olması vacib deyil. Mədəniyyət, musiqi ilə bir-birimizi başa
düşürük.
- Ölkəmizdə olduğunuz müddətdə Azərbaycan
sizdə hansı təəssüratı yaradıb?
- Mən Azərbaycanda özümü
heç də yad bir ölkədəki kimi deyil, elə Misirdəki
kimi, ikinci vətənimdə hiss edirəm. Digər ölkələrdə çox şey fərqlidir.
Amma Azərbaycanda adət-ənənələr,
həyat tərzi bizim adət-ənənələrlə
oxşardır. Ailə ənənələri,
ailə üzvləri arasında olan münasibətlər,
ata-ana, övlad-valideyn münasibətləri eyni ilə Misirdə
olduğu kimidir. Azərbaycanlıların
toy ənənələri də bizim ənənələrə
yaxındır. Ailə üzvləri,
qohumlar, dostlar bir yerə toplaşır, mahnı oxuyur, rəqs
edirlər. Hətta masalara da demək olar
ki, eyni yeməklər düzülür. Bizdə
də toy günü gəlini və bəyi aparan
maşınlar güllərlə bəzədilir. Bir sözlə, bənzərliklər çoxdur.
Burada olduğum müddətdə iki toy mərasimində
iştirak etmişəm. Bu toylardan biri
İslam adət-ənənəsinə uyğun
keçirilirdi. Amma digər toy mərasimi
müasir ənənələrə əsaslanırdı.
Məhz ikinci toy mərasimi eynilə bizimkinə
bənzəyirdi. Lakin bizə nisbətən
sizin toylarda masalara daha çox yemək qoyulur.
- Bu fakt bəzən bizim toylarda iştirak edən əcnəbilər
tərəfindən mənfi qarşılanır. Bəs sizin fikriniz necədir?
- Bu ilk növbədə onu göstərir ki, siz
çox səxavətli və əliaçıqsınız.
Bilirsiniz, bu, ailədən, onun səxavətindən
asılıdır. Misir ailəsində də
belədir. İnsanlar qonağa qonaqərvərlik
göstərməyi xoşlayırlar. Sən onlara deyə
bilməzsən ki, az yemək
hazırlayın.
- Hansı yeməkləri xoşlayırsınız?
- Müxtəlif növ kababları bəyənirəm. Plovlarınız bizimkilərə oxşayır.
Sizin salatlarınız bizimkilərdən fərqli
olaraq təzə-tər, təravətli olur. Dolma, paxlava bizdə də var. Fərq ondadır ki,
siz dolmanı hazırlayarkən çoxlu ət qoyursunuz, biz
isə düyüdən çox istifadə edirik.
- Boş vaxtlarınızda Bakıda hansı yerləri seyr
etməyi sevirsiniz?
- Övladlarımla birlikdə gəzintiyə getməyi
xoşlayıram. Bakının çox yerlərini
gəzirik. Fəvvarələr
meydanına, Xəzər dənizi sahilindəki gözəl
parka gedirik. Ailəvi restorana gedirik. Dənizkənarı Milli Parkı sevirik. Bakıda çoxlu gözəl, yaşıl parklar
var. Bizdə belə yaşıllıqlar, parklar azdır.
- Azərbaycanı tərk edərkən
özünüzlə xatirə olaraq nə götürəcəksiniz?
- Bizim Azərbaycanda çoxlu
dostlarımız var. Məsələn, əgər mən toya
gedirəmsə, artıq bu rəsmi tədbir deyil. Bu o
deməkdir ki, bizim dostlarımız var. İnsanlar
arasındakı yaxşı əlaqələrdən,
dostluqdan gözəl nə ola bilər? Bütün bunlar hər bir səfir
üçün xatirə olaraq götürmək
yaxşı olardı.
Mehparə Sultanova
Mədəniyyət.- 2010.- 23 iyun.-
S. 5.