“Notre
Dame de Paris”
Bakıda
Ötən həftə Heydər Əliyev Sarayında Viktor Hüqonun
“Noterdamlı qozbel” romanının motivləri
əsasında yazılmış eyniadlı müziklin
ilk nümayişi keçirilib.
Müzikli mədəniyyət
və turizm naziri Əbülfəs
Qarayev, Litvanın Azərbaycandakı səfiri
Vyatautas Nauduzas, eləcə
də Azərbaycanda səfərdə olan
Vatikanın mədəniyyət məsələləri
üzrə Papa Şurasının sədri,
arxiyepiskop Canfranko Ravazi izləyib.
Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tamaşanın Azərbaycan və Litva arasında həyata keçirilən “Mədəniyyət paytaxları dialoqu” layihəsi çərçivəsində hazırlandığını deyib.
Litvanın ölkəmizdəki səfiri Vyatautas Nauduzas Azərbaycan, Litva və Polşa musiqiçilərinin ifasında səslənən tamaşadan məmnunluğunu dilə gətirib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanan müziklin bəstəkarı Riçard Koççantedir. Müzikl ilk dəfə 1998-ci ildə Parisdə səhnəyə qoyulub və tezliklə ilin ən uğurlu əsəri olaraq «Ginnesin rekordlar kitabı»na düşüb. Azərbaycanda səhnələşdirilən müziklin rejissoru Ramunas Marcinkus (Litva), xoreoqraf Paulina Andrzajevska (Polşa), vokal üzrə məşqçi Rauf Babayev (Azərbaycan), prodüsserlər Andrisu Brokas və Egmontas Bjezskasdır (Litva). Məhəbbət və nifrət, ehtiras və iztirab, sədaqət və xəyanət əhvalatı olan “Notre Dame de Paris” müziklində Azərbaycan və Litva vokalçıları çıxış ediblər. Müzikldə Esmeralda rolunu Nailə Zeynalova, Kvazimoda rolunu İlham Nəzərov, Frollo rolunu Viktoras Malinauskas, Feb rolunu Elnur Hüseynov, Flör de Lis rolunu Səbinə Babayeva, Lopen rolunu Jeronimas Milius və Qrenquar rolunu Meskela Povilas canlandırıb. Səhnə əsərində rəqsləri Polşa Balet Məktəbinin yetirmələri ifa ediblər.
Azərbaycan və Litvanın birgə layihəsi olan müziklın Litvada da nümayişi nəzərdə tutulur.
Səbinə
Mədəniyyət.-
2010.- 23 iyun.- S. 4.