Azərbaycanda
Gürcüstan Mədəniyyəti Günləri
İyunun 22-də
Azərbaycanda Gürcüstan Mədəniyyəti
Günləri başlandı. Bu münasibətlə
Bakıya səfərə gələn Gürcüstan
nümayəndə heyəti iyunun 21-də
Azərbaycanın mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevlə görüşdü.
Nazir Əbülfəs Qarayev Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman nazirinin müavini Marine Çoqoşvilinin başçılıq etdiyi nümayəndə heyətini səmimi salamlayaraq Gürcüstan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni əməkdaşlığın genişlənməsinə mühüm töhfə olacağını vurğuladı. Nazir ötən il Gürcüstanda Azərbaycan Mədəniyyəti Günlərinin yüksək səviyyədə keçirildiyini xatırladaraq bu tədbirin də uğurla gerçəkləşəcəyinə inandığını bildirdi: «Düşünürəm ki, Azərbaycanda Gürcüstan Mədəniyyəti günləri də böyük bir hadisəyə çevriləcək. Ümid edirəm ki, siz də bu günlər ərzində Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqsınız və gələcəkdə bizimlə birgə beynəlxalq layihələr üzərində işləyəcəksiniz”.
Nazir Azərbaycan və Gürcüstan arasında mədəni əməkdaşlığın perspektivlərindən söhbət açaraq qeyd etdi ki, muzeylərə xüsusi diqqət yetirilməsi tələb olunur. Ekspozisiyaların genişləndirilməsinin və bu sahədə daha sıx mübadilənin zəruri olduğunu vurğulayan nazir bildirdi ki, Mədəniyyət Günləri çərçivəsində Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirakı ilə müvafiq altkomissiyanın ikinci iclası keçiriləcək. Nazirin sözlərinə görə, altkomissiyanın növbəti iclasında qarşıdakı dövr üçün iş planı müəyyənləşəcək.
Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlığın, dövlət başçıları səviyyəsində gözəl münasibətlərin olduğunu nəzərə çatdıran nazir əlavə etdi ki, ikitərəfli mədəni əlaqələrin genişlənməsi üçün gələcəkdə yeni-yeni layihələr həyata keçirmək, o cümlədən beynəlxalq müstəvidə əməkdaşlığın genişlənməsinə təkan vermək lazımdır: “Gələcəkdə belə tədbirlərin Gürcüstanın regionlarında keçirilməsi nəzərdə tutulub. Gələn ilin aprel ayında Bakıda keçiriləcək Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunda Gürcüstan tərəfin iştirakını da arzu edirik”.
Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Marine Çoqoşvili bütün nümayəndə heyəti adından səmimi qəbula görə təşəkkür edərək bildirdi ki, Azərbaycanda mədəniyyətə böyük hörmət bəsləyirlər və bundan irəli gələrək dolğun proqram hazırlayıblar: “Proqrama Ş.Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının, İ.Suxişvili və N.Ramişvili adına Gürcüstan Rəqs Ansamblının çıxışları daxildir. Həm azərbaycanlıların, həm də gürcülərin cazı çox sevdiklərini nəzərə alaraq, Bakıya caz ustalarımızı da gətirmişik. Biz də öz növbəmizdə gələcəkdə mədəniyyət əlaqələrimizin genişlənməsi üçün əlimizdən gələni edəcəyik”.
O, Mədəniyyət Günlərinin proqramına tanınmış rəssam Rusudan Petviaşvilinin əsərlərindən ibarət sərginin təşkilinin də daxil olduğunu bildirdi.
Qeyd edək ki, Azərbaycanda Gürcüstan Mədəniyyəti Günləri iyunun 24-dək davam edəcək.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 23 iyun.- S. 3.