Mədəniyyət
xalqları yaxınlaşdırır, barış və
sülhə xidmət edir
Gürcüstan Mədəniyyəti Günlərinin
açılış mərasimi keçirildi
İyunun 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanda Gürcüstan
Mədəniyyəti Günlərinin açılış mərasimi
keçirildi.
Tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev əlamətdar gün münasibətilə bütün iştirakçıları təbrik edərək vurğuladı ki, belə tədbirlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək. Ə.Vəliyev qeyd etdi ki, xalqlarımız müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələr genişlənib: “Ötən il Azərbaycanın Gürcüstanda, bu il isə Gürcüstanın Azərbaycanda keçirilən mədəniyyət günləri bu dostluğun ən yaxşı nümunəsidir”.
Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışan nazir müavini qeyd etdi ki, Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik siyasi, iqtisadi, mədəni əlaqələr bu gün də uğurla davam etdirilir.
Tədbirdə çıxış edən Gürcüstanın mədəniyyət, abidələrin qorunması və idman nazirinin müavini Marine Çoqoşvili bildirdi ki, mədəniyyət bu gün xalqları yaxınlaşdırmaq, gərginlik, çarpışma səbəblərinin aradan qaldırılması, barış və sülh prinsiplərini bərqərar etmək üçün səmərəli vasitədir: “Azərbaycan və gürcü xalqı arasında dostluğun tarixi qədimdir. Bu gün biz bunun şahidiyik. Ümidvaram ki, bu kimi tədbirlər iki ölkə arasında gələcəkdə də davam etdiriləcək”.
Mərasimdə Azərbaycanın Əməkdar artisti Manana Caparidzeyə Gürcüstan prezidenti Mixeil Saakaşvilinin sərəncamı ilə layiq görüldüyü “Şöhrət” ordeni təqdim edildi. Səhnəyə dəvət olunan M.Çaparidze bu mükafata görə öz təşəkkürünü bildirdi.
Sonra Azərbaycanda Gürcüstan Mədəniyyəti Günlərinin açılışı elan olundu.
Tədbir İ.Suxişvili və N.Ramişvili adına Gürcüstan Dövlət Akademik Rəqs ansamblının rəngarəng konsert proqramı ilə davam etdirildi.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 23 iyun.- S. 3.