İnformasiya
texnologiyalarının tətbiqi təhsildə ən effektiv vasitədir
Təhsil
sistemində müasir informasiya
kommunikasiya texnologiyalarının (İKT)
tətbiqi bu gün informasiya cəmiyyətinin zəruri tələblərindən,
ehtiyaclarındandır. Tam əminliklə
demək olar ki, bu gün qloballaşan
dünyada ölkələrin rəqabət
qabiliyyəti xeyli dərəcədə onlarn İKT-dən səmərəli istifadəsi
ilə şərtlənir. Bu baxımdan təhsil
sahəsinin informasiyalaşdırılması sürətli inkişaf dövrünü
yaşayır. Müstəqil ekspertlərin rəyinə
görə, Azərbaycanın təhsil sistemi
bu gün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
sürətinə və çoxşaxəliliyinə görə
digər sahələri üstələyir. «2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı»nın tətbiqinə start
verilməsindən sonra bu
sahədə əldə edilən aralıq nəticələr
yalnız müsbət qiymətləndirilə bilər.
İlk nəticələr və yeni dövlət proqramı
Xatırladaq ki, təhsil sahəsinin geniş şəkildə informasiyalaşdırılması prosesinə 2004-cü il avqustun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)» ilə başlanıb. Həmin proqram çərçivəsində ölkə məktəblərinin kompyuter avadanlıqları ilə təchizatı genişləndi. Hazırda V-XI siniflərdə hər 29 şagirdə bir kompyuter düşür ki, bu göstəricilər də dünya standartlarına çox yaxındır. Bundan əlavə, sözügedən proqram çərçivəsində müəllimlər üçün treninqlər keçirildi, kimya, fizika, biologiya və Azərbaycan tarixi fənləri üzrə elektron tədris vəsaitləri hazırlandı.
Ötən müddətdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində həyata keçirilən müxtəlif layihələr və tədbirlər təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına nə dərəcədə şərait yaradıb?
Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsilin idarə olunmasının məlumat sistemi (TİMS) şöbəsinin müdiri İsmayıl Sadıqovun bildirdiyinə görə, İKT-nin tətbiqi tədris prosesini xeyli canlandırır, təhsilin və biliyin səviyyəsi artırılır, dərslər şagirdlər üçün daha maraqlı və başadüşülən edilir, təhsildə idarəetmənin effektivliyi və şəffaflığı artır, müəllim, şagird və valideyn arasında rahat ünsiyyət forması yaranır: «2004-cü ildə Azərbaycan keçmiş SSRİ məkanında məktəblərin kompyuterləşdirilməsinə görə, sonuncu yerlərdən birini tuturdu. Amma statistikaya nəzər yetirsək, son bir neçə ildə şagirdlər arasında kompyuterdən istifadə problemi, demək olar ki yoxdur. Hətta ən zəif oxuyan şagird də kompyuterdən sərbəst formada istifadə edir».
Dövlət Proqramı çərçivəsində 2008-2009-cu illərdə Məlumat və Resurs Mərkəzi yaradılıb, 20 məktəbin iştirakı ilə «Elektron Məktəb» pilot layihəsinə başlanılıb, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub, Milli Təhsil Portalı (www.edu.az) hazırlanıb və s. Bundan əlavə, proqram çərçivəsində 5800 nəfər inzibati-idarəetmə, 25180 nəfər pedaqoji təlimlərə, 800 nəfər isə heyət təlimlərinə cəlb olunub. Təhsil naziri Misir Mərdanovun bildirdiyinə görə, Dövlət Proqramı çərçivəsində 2010-cu ildə Azərbaycan Təhsil Şəbəkəsinə əlavə 400 təhsil müəssisəsinin qoşulması, onların yüksək sürətli internetlə təmin edilməsi, 2000 nəfər inzibati-idarəetmə, 2000 nəfər «Elektron Məktəb» və 23000 nəfər pedaqoqun təlimlərə cəlb olunması planlaşdırılıb.
Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov Azərbaycanın təhsil sektorunda informasiyalaşdırmanın sistemli olaraq həyata keçirilməsini ən mühüm nailiyyət hesab edir. Dövlət Proqramı çərçivəsində təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi, elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi, təhsil sistemində idarəetmənin informasiyalaşdırılması, kadr potensialının gücləndirilməsi və bu fəaliyyətləri həyata keçirmək üçün zəruri normativ hüquqi bazanın yaradılması nəzərdə tutulub. S.Məmmədov qeyd edir ki, Dövlət Proqramının icrasından keçən müddətdə bir sıra vacib nəticələr əldə edilib: «İnformasiya texnologiyaları hər bir uşağın maraqlandığı sahədir. Bizim məqsədimiz bu marağı stimullaşdırmaq və şagirdləri informasiya texnologiyalarından tədrisdə istifadəsi üçün şərait yaratmaqdır. Bu məqsədə çatmaq üçün Təhsil Nazirliyi «İntel» korporasiyası ilə birlikdə «1 şagird-1 kompyuter» layihəsi həyata keçirir. Layihənin məqsədi şagirdə həm məktəbdə, həm də evdə daimi olaraq informasiya texnologiyalarına çıxışı təmin etməkdir».
Qeyd edək ki, layihə çərçivəsində 2010-cu ilin sonunadək «İntel» Azərbaycan məktəblilərinə 1000 noutbuk, Təhsil Nazirliyi İsə dövlət proqramı çərçivəsində 3000 noutbuk təqdim edəcək.
Dövlət Proqramı çərçivəsində «Elektron məktəb» layihəsi də həyata keçirilir. Bu layihədə iştirak edən məktəblərdə İP-telefoniya, videobağlantı üçün texniki şərait yaradılıb və bu xidmətlərdən praktiki istifadə edilməkdədir. İlin sonunadək layihədə iştirak edən məktəblərin sayının 50-yə çatacağı bildirilir. Həmin məktəblər Milli Təhsil Portalının servis və xidmətlərindən istifadə edir.
Beləliklə, məktəblərdə demək olar ki, şagird təbəqəsi arasında kompyuter savadlılığı aradan qalxıb. Lakin İKT-nin təhsildə tətbiqində ortaya çıxan problem kadr məsələsidir.
Kadrların hazırlanması prosesi davam edir
Təhsil Nazirliyinin şöbə müdiri İ.Sadıqov məktəblərdə avadanlıqlar, elektron dərsliklərin olmasına baxmayaraq, bəzən kadr çatışmazlığına görə, onlardan istifadə olunmadığını deyir: «İstər Bakıda, istərsə də rayonlarda elə məktəblər var ki, verilən kompyuteri 1-2 il saxlayıb, istifadə etməyib. Təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. Lakin müəllimlərin informasiya texnologiyaları üzrə savadlılığının artırılması istiqamətində problemlər mövcuddur».
Bəs bu problemlər aradan necə qaldırılır? Ümumiyyətlə, dünya təcrübəsində
müəllimlər mütəmadi
olaraq treninqlərdən
keçir. Çünki informasiya texnologiyaları elə bir sahədir
ki, biliklər daim yenilənməli və müəllimlər
davamlı olaraq yeni praktiki biliklər
almalıdırlar. Bunu da nəzərə almaq lazımdır ki, Dövlət Proqramı çərçivəsində ilk dəfə olaraq müəllimlərin motivasiyası
kimi əhəmiyyətli
bir məsələyə
xüsusi diqqət yetirilib. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi S.Məmmədov bildirir ki, proqram çərçivəsində
İKT üzrə kadrların
hazırlanması prosesi
davam edir ki, buraya müəllimlərlə
yanaşı, laborantlar
da daxildir: «Bu gün məktəblərdə
kompyuter sinif otaqlarında çalışan
laborantların bilik problemi var. Laborantların əksəriyyəti tələblərə
cavab vermir. Bu isə məktəblərdə
İKT-nin müvəfəqiyyətli
tətbiqi üçün
müəyyən problemlər
yaradır».
Araşdırmalar göstərir ki,
əsasən yaşlı
nəslin nümayəndələri
yeni texnologiyaları qavramaqda çətinlik çəkirlər və
yaxud treninqlərdə
iştirakla bağlı
biganəlik göstərirlər.
Lakin müəllimlər treninqlərdən
keçəndən sonra
öz fənləri üzrə elektron tədris materialları hazırlaya bilirlər.
Beləliklə, bütün bunlara
baxmayaraq, informasiya texnologiyalarının Azərbaycanın
təhsil sistemində
tətbiqi prosesi qaçılmazdır.
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin İnformasiya
cəmiyyətinin inkişafı
şöbəsinin rəhbəri
Rüfət Gülməmmədov
da bu qənaətdədir
ki, İKT-nin təhsildə tətbiqi çoxlu yeniliklər meydana gətirir: «Müasir İnformasiya texnologiyalarının tətbiqi
təhsilin məzmun və fəaliyyətini də dəyişir ki, bu da
öz növbəsində
pedaqoji fəaliyyətin
forma və üsullarına
birbaşa təsir edir. Müəllimlərin yaradıcılıq qabiliyyəti inkişaf edir».
Bildiyimiz kimi, təhsilin
informasiyalaşdırılmasında müəllim və şagird əsas yer tutur. Təhsil naziri də bildirib ki, müəllimin marağı olmadan təhsildə İKT-nin tətbiqi haqqında danışmaq çətindir:
«Ən yaxşı informasiya sistemi yaratmaq olar, lakin əgər müəllim həmin sistemi tədris prosesi çərçivəsində
istifadə etmirsə,
o zaman hər şeyin mənası itir». Təcrübə göstərir ki,
treninqlərdən keçmiş
müəllimlər tədrisi
daha effektiv qurur.
2008-2009-cu tədris ilində
Azərbaycanda keçirilmiş
«Ən yaxşı müəllim» müsabiqəsinin
qalibi, Bakı şəhərinin Xətai
rayonundakı Ələkbər
Əliyev adına
204 saylı orta məktəbin biologiya müəllimi Almaz Həsrət informasiya texnologiyalarını tədrisə
tətbiq etməklə
bir çox yeniliklərə yiyələnib:
«Biz uzun illər tədris prosesində biliyin hazır verilməsinə üstünlük
vermişik. Lakin indi müəllim
bələdçi rolundadır.
Müəllim şagirdin mövzu
ətrafında tədqiqat
işi aparmasına, kəşflər edərək
təlimə marağının
artmasına, müstəqil
bilik qazanmasına təkan verməlidir.
Eyni zamanda, müəllim şagirdin düşünmə
fəaliyyətinin artırılmasına,
bilik mübadiləsinə,
maarifləndirilməsinə, İKT bacarıqlarına yiyələnməsinə,
tədqiqatların geniş
ictimai kütləyə
çatdırılmasına kömək etməlidir.
Bunun üçün isə müəllim daim öz üzərində işləməli, dərslərinin
tədrisində böyük
dönüş yaratmalı,
dünya standartlarına
cavab verə biləcək yeni pedaqoji yanaşmalar, yeni metodiki düşüncə
tərzinə yiyələnməlidir.
Bu işdə informasiya-kommunikasiya texnologiyalarının
rolu xüsusən vacibdir».
Müşahidələr göstərir ki,
İKT-nin tətbiqindən
sonra uşaqların dərsi qavrama qabiliyyətlərində, tədrisə
münasibətlərində müsbət dəyişikliklər
baş verir. Əvvəllər ənənəvi
dərslərə üstünlük
verdiyini deyən Almaz müəllimə nəticədə vəziyyətin
dəyişmədiyini, olduğu
kimi qaldığını
bildirir: «Durğunluq idi, inkişaf yox idi. Sinifdə əksər
uşaqların, xüsusən
də arxa partada əyləşənlərin
diqqəti dərsdən
yayınırdı. İnteraktiv təlim
üsullarından istifadə
etməklə şagirdlər,
eləcə də müəllimlərdə dərsə
dönüş yaranır».
Lakin müəllimə
bu qənaətdədir
ki, ilk növbədə
müəllim özündə
dönüş yaratmalıdır:
«Müəllim yeni metodiki tövsiyələr
əldə etsə, yeni tədris üsullarına əl atsa, interaktiv təlim üsullarından,
İKT-nin tətbiqindən
istifadə etsə, o çox şeyə nail ola bilər».
Getdikcə daha çox
müəllimin tədrisdə
İKT-ni tətbiq etdiyini deyən həmsöhbətim yeri gəldikdə onlara yardım etdiyini də bildirdi.
Qeyd edək ki, ölkənin təhsil sistemi üçün yaradılan Milli Təhsil Portalı da İKT-nin uğurlarındandır. Portalın əsas
funksiyası Azərbaycanın
təhsil sisteminin yardımçı aləti
kimi fəaliyyət göstərməkdir. Portal
faktiki olaraq indiyədək orta təhsildə sənədləşməni
elektron formata keçirir, müəllim-şagird-valideyn
münasibətlərini yeni
model əsasında qurur
və informasiya texnologiyaları vasitəsilə
tədrisin effektliliyini
təmin etmək üçün proqram təminatı və elektron tədris resurslarının tətbiqi
üçün geniş
imkanlar yaradır.
Beləliklə, proses göstərir
ki, Dövlət Proqramının başa çatacağı 2012-ci ildə
Azərbaycan təhsil
sistemi tamamilə informasiyalaşacaq və bu sahədə aparıcı ölkələrdən
geri qalmayacaq.
Mehparə
Sultanova
Yazı Azərbaycan
Respublikasının Təhsil
Nazirliyinin, Azərbaycan
Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının
birgə keçirdiyi
müsabiqəyə təqdim
edilir.
Mədəniyyət.- 2010.- 25 iyun.- S. 15.