92 il
öncə başlanan yol...
26 iyun tariximizin əlamətdar
səhifələrindən biri - Azərbaycan
Milli Ordusunun
yarandığı gündür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk Milli Ordu
hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə
qərar qəbul edib.
Milli Ordunun yaranması Azərbaycan xalqının milli dövlətçilik və özünütəsdiq tarixinin önəmli mərhələsi idi. Məhz güclü ordu 1918-ci il mayın 28-də elan edilən istiqlalın bütün ölkə ərazisində qələbəsini təmin edə bilərdi. Bu qələbədə Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə verdi.
1918-ci il iyunun əvvəlində Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Xalq Komissarları Soveti” əksəriyyəti ermənilərdən ibarət olan 20 minə yaxın döyüşçü ilə Cümhuriyyətə qarşı savaşa başlamışdı. Məqsəd milli hökumətin Tiflisdən Gəncəyə köçməsinə mane olmaq idi. Belə bir vəziyyətdə Türkiyə (Osmanlı) ordusunun 5-ci (Qafqaz) diviziyası Mürsəl paşanın rəhbərliyi ilə Gümrü-Dilican-Ağstafa yolunu döyüşlə keçərək Gəncəyə gəlib çıxdı və Azərbaycan hökumətinin şəhərə gəlməsini təmin etdi.
İyunun 16-da milli hökumət Gəncəyə köçdü. Osmanlının 5-ci diviziyası və general Əliağa Şıxlinskinin başçılıq etdiyi Azərbaycan (müsəlman) milli korpusu əsasında Qafqaz-İslam Ordusu təşkil edildi. Nuru paşanın rəhbərlik etdiyi orduya türklərdən və azərbaycanlılardan ibarət 18 min əsgər və zabit daxil idi.
İyunun 26-da isə Cümhuriyyət hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etdi - Azərbaycan Milli Ordusunun təməli qoyuldu. İki həftə davam edən qanlı döyüşlər Azərbaycan və Osmanlı qoşunlarının qələbəsilə nəticələndi. Göyçay və Şamaxı ətrafında Bakı Soveti qoşunlarına ağır zərbə vuruldu, Bakı istiqamətində yürüş başlandı. İyulun sonunda S.Şaumyanın rəhbərlik etdiyi “Bakı Soveti» istefa verməyə məcbur oldu. Avqustun 1-də Bakıda eser, menşevik və daşnaklardan ibarət "Sentrokaspi" diktaturası adlanan mürtəce bir qurum yaradıldı.
Avqustun 11-də Cümhuriyyət hökuməti ölkədə ümumi hərbi səfərbərlik elan etdi. Sentyabrın 15-də Bakı üzərinə həlledici hücum başlandı. Şəhər böyük müqavimət hesabına alındı və Azərbaycan hökuməti sentyabrın 17-də Bakı şəhərinə köçdü. 1918-ci ilin iyun-sentyabrında gedən döyüşlərdə Azərbaycan və Türkiyə (Osmanlı) qoşunları ümumilikdə 4 min əsgər və zabit şəhid vermiş, o cümlədən 1130 türk hərbçisi Azərbaycanın istiqlalı uğrunda həlak olmuşdu.
Lakin türk ordu hissələri tezliklə Azərbaycanı tərk etməyə məcbur oldu. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros müqaviləsinə görə, I Dünya müharibəsində məğlub sayılan Osmanlı qoşunları Bakını tərk etməli, şəhərə qalib Antanta blokunu təmsil edən ingilis qoşunları daxil olmalı idi. Cümhuriyyət hökumətinin bu qərarı qəbul etməkdən başqa çarəsi yox idi.
Noyabrın 17-də general Tomsonun hərbi dəstələri Bakıya daxil oldu. Dekabrın 7-də Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başladı. Dekabrın 28-də ingilislər milli hökuməti rəsmən tanıdıqlarını elan etdilər. 1918-ci ilin dekabrında həmçinin Cümhuriyyətin Hərbi Nazirliyi rəsmən fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski onun müavini təyin edildilər.
1919-cu il milli ordu quruculuğunda həlledici mərhələ oldu. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. 1919-cu ilin yayında isə, yenə I Dünya müharibəsinin nəticələrinə əsasən, ingilislər Bakını tərk etməli oldular. Şəhərin idarəçiliyi Azərbaycan hökumətinə təhvil verildi. Xalq Cümhuriyyətinin ordu quruculuğuna təcrübəli general və zabitlərin - Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov və digərlərinin böyük əməyi olmuşdu.
1919-cu ilin sonundan Azərbaycana şimaldan hərbi təhdidlər artmağa başlamışdı. "Vahid Rusiya"nı bərpa etmək iddiasında olan general Denikinin qoşunları 1919-cu ilin yazında Dağıstana soxuldu, Dərbəndi işğal edərək Azərbaycanın sərhədlərinə yaxınlaşırdı.
Eyni zamanda, Denikinlə müharibə aparan rus bolşeviklərinin də gözü Azərbaycanda idi. Bu arada Ermənistanın daşnak hökuməti Moskvada gizli danışıqlar apararaq Azərbaycandan qoparılacaq ərazi güzəştləri müqabilində Cümhuriyyət hökumətini devirməyə yardımçı olacağını bolşeviklərə vəd etmişdi.
Odur ki, 1920-ci ilin əvvəlindən Azərbaycan Milli Ordusunun əsas qüvvələri Qarabağ, Zəngəzur və Gəncə istiqamətində ermənilərlə savaşda idi, ölkənin şimal sərhədləri isə müdafiəsiz qalmışdı. Bakıda isə milli hökumət daxilində və parlamentdə böhran dərinləşirdi. Milli hökumətə müxalifətdə duran ittihadçılar Rusiya ilə hərbi ittifaqa girməyi tələb edir, Azərbaycan bolşevikləri isə “qayda-qanun yaratmaq naminə” XI rus (bolşevik) ordusunu ölkəyə çağırmağı təklif edirdilər.
1920-ci ilin aprelində XI ordu Azərbaycan sərhədlərinə yaxınlaşdı və A.Mikoyan başda olmaqla Bakı bolşevikləri "Azərbaycan xalqı adından" rus ordusunu Bakıya çağırdılar. Milli Ordunun sərhəddəki azsaylı hissələri ruslara müqavimət göstərə bilmədi. Aprelin 27-də Bakıda milli hökumət süqut etdi.
Bölgələrdə rus qoşunlarına qarşı müqavimət bir müddət davam etdi. Gəncəbasarda və Yuxarı Qarabağda Cümhuriyyətin ordu hissələri ilə rus qoşunları arasında toqquşmalar iyunun ortasınadək sürdü. Amma qüvvələr bərabər deyildi və Azərbaycanın istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyuldu. Bolşevik hökuməti 1920-ci il mayın 7-də Azərbaycanda “ordu və donanmanın yenidən təşkili” barədə dekret verdi. Milli Ordunun ləğvindən sonra 21 generaldan 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı.
* * *
Cümhuriyyət tariximizin əksər səhifələri kimi, bu tarixdən də uzun zaman xəbərsiz olmuşuq. Hətta iş elə gətirib ki, 1991-ci ildə müstəqilliyimizi bərpa edəndən sonra da həmin tarix yada düşməyib və bir neçə il "Milli Ordu günü" kimi başqa bir günü ("Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında" qanunun qəbul edildiyi 9 oktyabr 1991-ci il tarixini) qeyd etmişik.
Azərbaycan Milli Ordusunun yaranma tarixi 1998-ci ildə təqvimdə öz yerini tapdı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi...
Vüqar Orxan
Mədəniyyət.-
2010.- 25 iyun.- S. 14.