Sözlə qurulan güzgü
Mirzə Cəlilin şeirləri
Həyat və yaradıcılığını mənsub olduğu xalqın, millətin müqəddəratı, dirçəlişi, istiqlalı uğrunda mübarizəyə həsr etmiş görkəmli yazıçı Cəlil Məmmədquluzadə əlinə qələm alan gündən bütün fəaliyyətini işığa doğru yönəldib. Böyük ədib «Xatiratım» adlı əsərində yazırdı: «Gözümü... birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: «Allahu əkbər! Allahu əkbər!»
Bu, zamanın, mühitin ovqatı və rəngi idi. İnsanların avamlığından, həddən ziyadə saflığından dinə, imana bağlılığından sui-istifadə edərək onların gözlərini qapamaqla aləmi olduğu kimi görməyə maneçilik törədən xurafatçılar öz xoş yaşayışları üçün minlərin həyatını qaranlığa, zülmətə döndərməkdən çəkinmirdilər. Əslində, Mirzə Cəlilin özü də sadə, fəqir, kasıb bir ailədə anadan olmuşdu. Amma ulu Yaradan onu Yer üzünə - qədim Naxçıvana, böyük Azərbaycana, bütün Şərq dünyasına mənəvi və gur işıq kimi göndərmişdi. Bu işığın şöləsi pis gözləri qamaşdırır, milli düşüncənin nəhrinə yol açır, insanları çabaladıqları qaranlıqlardan nura doğru çəkirdi.
Mübarizə həmişə çətindir. İşıqlı əməllər tikanlı yollardan, qara qüvvəli maneələrdən, qəfil zərbələrdən, qadağa və təzyiqlərdən keçməli olur. Üzləşilən hər bir bəladan zəfərlə çıxmağı bacarmaq bir şərtdən - mücadilə savaşının mayasındakı canyanğısından çox asılıdır. Mirzə Cəlil ən kiçik hekayəsindən tutmuş, felyeton və məqalələrinə, adi məktublarına kimi hər bir sətrində, cümləsində, sözündə, sualında, hətta atmacasında belə böyük azərbaycanlı idi. Dünyanın çox məşhur söz adamları olub ki, onlar ancaq yaşadığı dövrün salnamələrini yazıblar. Xalqın, millətin tarixini bədii ensiklopediyalara köçürənlər də olub. Mirzə Cəlilin bütün yaradıcılığı bir Azərbaycannamədir. Ana dilimizin saflığı, millətin savadlanması, Vətənin tərəqqisi, torpağın bütövlüyü ədibin məsləki, arzusu və mübarizəsinin sarı simi idi. 1917-ci ildə qələmə aldığı «Azərbaycan» adlı məşhur məqaləsindən aşağıdakı bir parçaya diqqət yetirək: «Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyallara cumuram. Özümdən soruşuram ki:
- Mənim anam kimdir?
Özüm özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zəhrabanu
bacı idi.
- Dilim nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni Vətənim haradır?
- Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox
hissəsi Azərbaycandadır
ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən.
Qalan hissələri də Gilandan tutmuş qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir».
Bu sadə dialoqdakı
dərin mənanın,
milli düşüncənin
vüsəti çox
geniş və təsirlidir. Zaman-zaman parçalanmış,
bölünmüş torpağımızın
harayı Mirzə Cəlil yaradıcılığında
ekvator xəttidir.
Bu xəttin hər
iki tərəfində
vətəndaş yanğısı,
milli təəssübkeşlik,
birlik, birləşmək
ideyası ildırım
kimi çaxırdı.
Mirzə Cəlil haqsızlığı,
harınlığı, rüşvətxorluğu,
dini fanatizmi, geriliyi, sözün qüdrəti, təsiri ilə kəskin ifşa edirdi. Göz yaşları ilə gülüşün qovuşduğu
ən məzəli hekayəsində, felyetonunda,
pyesində, məqaləsində
əsl vətəndaş
ürəyi duyulurdu.
Ömür-gün dostu Həmidə
xanımın xatirələrindən
məlum olur ki, Mirzə Cəlil hələ yeniyetmə illərindən
sərbəst düşünən,
maarifpərvər, elmli
şəxslərlə oturub-durar,
ədəbi yığıncaqlara
tez-tez gedərmiş.
Müasirləri yazırdılar ki,
təbiətən çox
həssas və diqqətcil olan Mirzə Cəlilin güclü hafizəsi, müşahidəçilik və
insan xarakterini öyrənmək qabiliyyəti
varmış. Cəmiyyətdəki bərabərsizlik, çar
məmurlarının, o cümlədən
yerli məmurların özbaşınalığı, bunun müqabilində isə həmvətənlərinin
bir neçə qismə bölünməsi
- müti, yaltaq, laqeyd, avam olması
onu sıxırdı.
Əslində bədii
yaradıcılığa şeirlə
başlayan Mirzə Cəlilin sonralar məhz komediyalar, felyetonlar, tənqidi məqalələr yazması
da məhz bununla bağlıdır ki, o, cəmiyyəti, insanları sözün bu formasından istifadə edərək islaha çalışırdı,
qaranlıqların üstünə
günəş şəfəqləri
ələmək istəyirdi.
Təbii və sadə
dildə yazmaq, böyük ədibimizə
qədər ədəbiyyatımızda
olmayan bir üslubla məramını
oxucuya çatdırmaq
ancaq Mirzə Cəlilə məxsusdur.
«Çay dəstgahı»ndan
başlamış ən
məşhur əsərlərinə
kimi nə yazıbsa, hamısı üslub gözəlliyi ilə seçilib. Doğrudur, Azərbaycan ədəbiyyatına
ilk bədii nəsr nümunəsini Mirzə Fətəli Axundov gətirib. Bəllidir ki, ona qədər ədəbi yaradıcılığımızın hakim janrı şeir olub. Mirzə Fətəli ilə
başlanan bu ədəbi yolun genişlənməsinin və
uğurla davam etdirilməsinin bütün
ağırlığını isə Mirzə Cəlil çəkib.
İstər sovet dövründə,
istərsə də indi Mirzə Cəlil yaradıcılığı
diqqət mərkəzindədir.
Ədibin qələmindən qopan hər bir yazı zamanın
fövqündə dayanmışdır.
Təsadüfən demirlər ki,
Mirzə Cəlilin əsərləri, xüsusilə
də felyetonları yaşadığı dövrü
qabaqlayıb.
Tədqiqatçılar Mirzə Cəlilin
yaradıcılığını araşdırdıqca həmişə
yeni-yeni məqamlarla üzləşməli olublar.
Bu dərin təfəkkürlü
insanın adicə sözünün də kəsb etdiyi yüksək mənalar olub. Bu gün çəkdikləri zəhmətə
görə minnətdarlıqla
xatırladığımız Əziz Şərif, Əziz Mirəhmədov, Abbas Zamanov, Qulam Məmmədli, Məmməd Cəfər,
Cəfər Cəfərov,
Firudin Hüseynov, Turan Həsənzadə və başqaları Mirzə Cəlil haqqında çox sanballı, gərəkli tədqiqatlar aparıblar.
Bu gün bu sıra bir qədər
seyrəlsə də,
Anar, xüsusilə də İsa Həbibbəyli tez-tez Mirzə Cəlil yaradıcılığına müraciət
edir, onun zəngin ədəbi irsini tədqiq və təhlil etməkdən yorulmurlar. Amma nədənsə Mirzə
Cəlilin şeirlərindən
bir o qədər də geniş danışılmır. Doğrudur, bəzi
görüşlərdə, konfranslarda Mirzə Cəlilin şeirlərindən
söz açılır.
Bizə elə gəlir ki, nəinki «Molla Nəsrəddin»in səhifələrində, eləcə
də başqa toplularda Mirzə Cəlilin dərc edilmiş şeirlərini
arayıb kitab şəklində çap
etmək məqsədəuyğundur.
«Molla Nəsrəddin»
jurnalının birinci
sayında dərc olunmuş «Lisan bəlası» şeirinin bir əsrdən artıq yaşı var. Həmin poetik nümunə bu günün özündə
də aktualdır:
Ey dil, dəxi dinmə və sükut ol sən tarı,
Mal ol və
danışma.
Qoy qonşuların
alsın ələ cümlə silahı,
Salsın səni
dəvayə əgər
xah nə xahi,
Sən dinmə və tərpəşmə,
qəbul etmə günahı,
Lənət elə,
qəlbində ürəkdən
gətir ati...
Tərifdə tənqid, inkarda
təsdiq, göz yaşı içində
gülüş, qəhqəhəyə
bürünmüş faciə.
Bu, ancaq Mirzə
Cəlil qələminin
qüdrətinə xasdır.
«Sal başını aşağə və heç baxma yuxarı, mal ol, lal ol, danışma».
Bu, üsyanın, etirazın, milli şüurlarda oyanışa,
silkələnməyə yönəlmiş
qəlb harayı, vətəndaş yanğısıdır.
Bu şeirin məramı
«oyan, oyan» hayqırtısıdır.
«Molla Nəsrəddin»
jurnalının 3-cü sayında
Mirzə Cəlilin «Xoş ol zaman
ki, xəlq yatıb bizəban idi» şeiri də çox maraqlıdır.
Bəzmim plov, çay ilə rəşki-cinan idi,
Soltan idim ki, vəzlə hökmüm rəvan idi,
Millət qulam idi mənə, bəxtim cavan idi,
Malu xəzinə
mayili arami-can idi,
Dəmlər o dəmlər idi,
zaman o zaman idi.
Xalqın malını yeyib
ona xor baxanlar
son anda öz əməllərinin qurbanı
olurlar. Bu, təbiidir. Çünki bütün əyriliklər,
haram işlər Tanrıya bəllidir.
H.B.Zərdabi demişkən:
«Heç olmaz ki, doğru söz yerdə qala». Ötən günlərindəki eyş-işrətin həsrətini
çəkənlərin dilindən
Mirzə Cəlilin yazdığı bu şeirdəki ibrət dərsi bütün zamanlarda aktualdır.
Bu «xiffət»in güzgüsündə neçə-neçə
rüşvətxorun, oğrubaşının,
vəzifəsindən sui-istifadə
edənin, elin və dövlətin malını talamış
nadan və xəyanətkarların karikaturası
görünür.
Mirzə Cəlil iradlarının
daxilindəki ağrı-acı
bütün çılpaqlığı
ilə duyulur. O,
millətinin yolunda söz adlı qüdrətin kəskin qılıncı ilə döyüşürdü. Qəflət yuxusunda mürgü döyənləri bu sayaq oyatmaq istəyirdi.
Mirzənin köksündə çox geniş və həssas bir ürək döyünürdü. Bu ürəyin hər bir çırpıntısının
diktə etdiyi şeirlərdə isə
bütün müsəlman
aləminin dərd-səri
eşidilirdi. Mizə
Cəlil can yandırdığı insanları
söyüşlə, tənqidlə,
təriflə yox, elə öz ovqatını, halını
təsvir edə-edə,
sözlə qurduğu
güzgüdə göstərə-göstərə
oyatmağa çalışırdı:
Biz fəqirə axırı
rəhm eyləyib biganələr,
Açdılar mədrəsələr,
klub, qirayətxanələr,
Yazdılar kitab,
qəzet,
xərc etdilər xəzanələr,
Molla Nəsrəddin
dedi
hər həftə bir əfsanələr,
Müxtəsər, hər
bir əməl çıxardılar,
oyanmadım.
Şeirdəki məram aydındır.
Rəhmətlik ədəbiyyatşünas
alim Abbas Zamanov deyərdi ki, əgər Mirzə Cəlil heç nə yazmasaydı, tək bircə «Anamın kitabı»na görə Azərbaycan ədəbiyyatının
ürəyi olardı.
Abbas Zamanovun fikrincə, mənəvi dəyərlərimizə,
milli varlığımıza
həsr olunmuş bu kitab haqlı
olaraq «Azərbaycan kitabı» kimi qiymətləndirilməlidir. Həqiqətən də bizə
başqa örnək,
başqa ideologiya gərək deyil. Azərbaycan ideologiyası
nədən ibarətdirsə,
bu bütövlükdə
Mirzə Cəlilin əsərlərində var. Bizdən
asılı olan vacib şərt odur ki, həqiqətən
milli düşüncəmizin
sərkərdəsi sayılan
böyük Cəlil Məmmədquluzadənin ideyalarını
həyata keçirən
ləyaqətli əsgər
olaq.
Flora Xəlilzadə
xüsusi olaraq “Mədəniyyət” qəzeti
üçün
Mədəniyyət.-
2010.- 25 iyun.- S. 13.