Musiqi
kəhkəşanının sönməz ulduzu
Bütün dünya onu pop musiqisinin
kralı kimi tanıdı və qəbul etdi. Onun ifası təkrarolunmaz
idi. Bir-birindən fərqli
mahnıları və rəqsi ilə özünə böyük tamaşaçı rəğbəti
qazanan Maykl Ceksonun ölümündən bir
il ötüb keçdi. Müğənninin sənətinə
hörmət əlaməti olaraq 25 iyun Maykl Cekson
günü kimi qeyd edilir.
Onun 40 illik sənət həyatı müxtəlif qalmaqallar içində keçmişdi. 1958-ci il avqustun 29-da Amerikanın İndiana ştatının Qari şəhərində dünyaya gəlmişdi. Doqquz uşaqlı ailənin yeddinci övladı idi. Fabrikdə işləyən atası Cozef həvəskar musiqiçi idi, boş vaxtında gitarada mahnılar ifa edərdi. Musiqiyə sevgisi övladlarına da keçmişdi.
60-ci illərdə Mayklın böyük qardaşları "The Jackson Brothers" adlı qrup yaradaraq klublarda mahnı oxumağa başladılar. Bir qədər sonra Maykl da onların sırasına qoşuldu, beş qardaşın yer aldığı qrupa "The Jackson 5" adı verildi. Qrupun bu sürətli yüksəlişindən sonra güclü səsi və fərqli rəqsiylə seçilən Maykl 1971-1976-cı illərdə "Got To Be There", "Men", "Music and Me" və "Forever Michael" adlı ilk solo albomlarını musiqisevərlərə təqdim etdi. Artıq onun zirvəyə doğru yolu başlanmışdı.
1982-ci il məşhur pop ulduzu üçün dönüş nöqtəsi oldu. Ceksona dünya şöhrəti gətirən, onu əfsanələşdirən "Thriller" albomu Kvinsi Consun prodüsserliyi ilə dinləyicilərə təqdim edildi. Bundan sonra musiqi bazarına çıxan "Wanna Be Startin' Somethin'", "Billie Jean", "Beat It" albomlarında da hər mahnı tez bir zamanda hitə çevrilir və musiqi tarixində bütün zamanların ən yüksək satış rəqəminə çataraq rekord qırırdı. Bununla yanaşı, mahnıları üçün çəkilən geniş büdcəli kliplər də böyük əks-səda yaratmışdı. Fantastik bir mövzuyla hazırlanmış və rəqslərlə vizual bir mərasimə çevrilmiş «Thriller» mahnısının 13 dəqiqəlik klipi isə dünya pop musiqisində “partlayış” etdi. Klipdə Mayklın sərgilədiyi xüsusi rəqs xoreoqrafiyası, bir çox gəncə ilham qaynağı oldu. “Moonwalk” deyilən rəqs hərəkəti məhz Ceksonun imzasıyla tarixə düşdü.
1984-cü ildə “Grammy”dən 8 mükafatla ayrılan Cekson daha bir əlçatmaz rekordla tarixə adını yazdı. 1987-ci ildə pop ulduzu "Bad" albomuyla fanatlarının qarşısına çıxdı. İndiyədək həmin albomun ABŞ-da 8 milyon, dünyada isə 30 milyon nüsxə-surəti satılıb. Albomun təqdimatından sonra Cekson dünya turnesinə çıxaraq pərəstişkarlarıyla görüşdü və 123 konsert verdi. Geri qayıdarkən isə “Bad” mahnısına Martin Skorsezenin rejissorluğu ilə 18 dəqiqəlik qısametrajlı film xüsusiyyətlərini özündə birləşdirən klip çəkdi. Ancaq klipdəki Maykl Ceksonun zahiri görünüşü mahnıdan daha çox diqqətdə oldu. Sənətçinin dərisini ağartmağa çalışdığı, plastik əməliyyatlar keçirməsi söhbəti ortaya atıldı. 1988-ci ildə "Moonwalker" adlı müzikli nümayiş olundu və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Filmin müvəffəqiyyətindən sonra paparatsilərdən və haqqında danışılan dedi-qodulardan depressiyaya düşən Maykl Hayvenhurstda ailəsiylə birlikdə yaşadığı evi tərk etdi, Neverlandda aldığı nəhəng villada gözlərdən uzaq yaşamağa başladı. Bu əslində onun dünyadan təcrid olunması idi.
Maykl Cekson 2009-cu il iyunun 25-də vəfat etdi. …
Yeganə Cansail
Mədəniyyət.-
2010.- 25 iyun.- S. 10.