Muzeylərimizə virtual səyahət

 

   Tarix və mədəniyyətimizdə iz qoymuş şəxsiyyətlərin adını daşıyan ev-muzeylərin təbliğində internetin imkanları genişdir

  

   Tanınmış şəxsiyyətlərin, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, musiqisinin inkişafında böyük xidmətləri olmuş insanların irsinin təbliğində onların adını daşıyan ev-muzeylərinin rolu əvəzsizdir. Hazırda təkcə Bakı şəhərində 15-dək ev-muzeyi fəaliyyət göstərir.

  

   Aydındır ki, müasir informasiya dövründə mədəniyyət müəssisələrinin işinin daha geniş şəkildə işıqlandırılmasında internetin böyük rolu vardır. İndi insanlar daha çox kompyuter arxasında oturmaqla, informasiya toplamaq istəyirlər. Bu baxımdan muzeylərin, o cümlədən ev-muzeylərinin internet saytlarının hazırlanması, geniş informasiya ilə təmin olunması aktuallıq kəsb edən məsələdir.

   Bakıda fəaliyyət göstərən C.Cabbarlı, Ə.Əzimzadə, C.Məmmədquluzadə, N.Nərimanovun ev-muzeylərinin, M. Ordubadinin xatirə muzeyinin veb səhifələrində Azərbaycan və rus dillərində mədəniyyət müəssisələrinin tarixi, strukturu, adıçəkilən şəxsiyyətlərin həyat və yaradıcılıqları, keçirilən tədbirlər barədə kifayət qədər məlumatlar yerləşdirilib. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, muzey fondlarının bazaları əsasında elektron kataloqların yaradılması işi də aparılıb və hər bir saytdaelektron kataloqmövcuddur. Hazırda həmin saytların ingilis dilində variantları hazırlanır.

   Xalq şairi Səməd Vurğunun ev-muzeyinin veb saytı olmasa da, muzeylə bağlı ətraflı məlumatlar şairin rəsmi saytında (www.samedvurgun.com) “Ev muzeyi” bölməsində yerləşdirilib. Ev-muzeyindən bildirdilər ki, gələcəkdə muzey üçün ayrıca saytın yaradılması da mümkündür.

   Abdulla Şaiqin mənzil muzeyinin internet saytı - www.ashaig.aznet.org - ötən il, yazıçının vəfatının 50-ci ildönümü ərəfəsində istifadəyə verilib. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda muzeyin fəaliyyəti, ədibin həyat və yaradıcılığı barədə məlumatlar yığcam şəkildə yerləşdirilib.

   Görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyinin də saytı var. Kifayət qədər əhatəli məlumatlar yerləşdirilən saytda aktiv olmayan linklərə rast gəlmək mümkündür. www.huseyncavid.com internet səhifəsinin “Xəbərlər” bölməsində 2007-2008-ci illərdə yazıçı ilə bağlı keçirilmiş tədbirlərin informasiyaları aktiv yerləşdirilsə də, 2009-2010-cu illər üzrə cəmi bir xəbər verilib. Azərbaycan dilində təqdim olunan saytın digər ev-muzeylərinin internet səhifələrdən fərqləndirən əsas xüsusiyyəti muzeyə virtual səyahət etməyin mümkünlüyüdür. Muzeyin saytının xarici dillərdə versiyalarının hazırlanması üzərində gedir.

   Dünya şöhrətli musiqiçilər NiyaziVaqif Mustafazadənin ev-muzeylərinin ayrıca internet saytları yoxdur. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyinin filialları kimi fəaliyyət göstərən hər iki ev-muzeyi haqqında Musiqi Mədəniyyəti Muzeyinin www.musicmuseum.az saytında ümumi məlumatlar yerləşdirilib. Musiqi Mədəniyyəti Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova filialların da ayrıca saytlarının yaradılmasının nəzərdə tutulduğunu bildirdi.

   Leopold Mstislav Rostropoviçlərin ev-muzeyinin internet saytı 2006-cı ildə istifadəyə verilib.

   Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin saytı "uzeirbey.aznet.org" domen adı altında fəaliyyət göstərir. Burada bəstəkarın bioqrafiyası, seçilmiş əsərləri, məqalələri, musiqi dünyası haqda ətraflı bilgi verilir. Sayta Üzeyir bəyin bəzi musiqi əsərləri yüklənib. Azərbaycan ingilis dillərində olan saytınRəy kitabıbölməsində tanınmış şəxslərin muzey barədə fikirlərini oxumaq olar.

   Zəngin mədəniyyətimizin nəsildən-nəslə ötürülməsi, şəxsiyyətlərimizin zəngin irsinin daha geniş şəkildə tanıdılması təbliğində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin böyük önəmi var. Lakin bu sahədə işlər davamlı olaraq aparılmalıdır. 

 

 

 Ceyhun

 

 Mədəniyyət.- 2010.- 25 iyun.- S. 7.