Festival
başa çatdı,
yaradıcılıq axtarışları davam
edir
Xəbər
verdiyimiz kimi, iyun ayının 17-22-də Azərbaycanın
dilbər guşələrindən olan Qax şəhərində II Respublika
Kukla Teatrları Həftəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkil
etdiyi bu sənət
bayramına ölkəmizdəki beş
dövlət kukla teatrının kollektivi qatılaraq, on tamaşa ilə çıxış etdi.
Ev sahibləri - Qax Dövlət Kukla Teatrı «Turp» və «Qızıl balıq» tamaşaları ilə festivalda iştirak edirdilər. Gəncə Dövlət Kukla Teatrı «Şəngülüm, Şüngülüm, Məngülüm» və R.Səməndərin «Çətin məsələ» tamaşalarını, Naxçıvan Dövlət Kukla Teatrı C.Məmmədquluzadənin «Çay dəstgahı» və S.Canbaxşıyevin «Cik-Cik xanım», Salyan Dövlət Kukla Teatrı A.Şaiqin «Danışan kukla» və S.Nuruqızının «Gəlinciklər» tamaşalarını festivala gətirmişdilər. Nəhayət, Azərbaycan Dövlət Kukla Teatrı isə Ə.Orucun «Zınqırovlu pişik» və K.Şahmərdanın «Ağ və Qara» tamaşası ilə Qax şəhərinə gəlmişdi.
Altı gün ərzində oynanılan on tamaşa hər bir teatrın yaradıcı potensialını, rejissorların məharətini və aktyorların öz sənətlərinə can yanğısını göstərdi. Əslində kukla teatrlarının festivalı «qələbə yox, iştirak əsasdır» prinsipi ilə təşkil edilmişdi. Hər gün tamaşaların nümayişindən sonra keçirilən müzakirələr aparıldı, ölkənin dövlət statuslu beş kukla teatrındakı vəziyyəti təhlil olundu. Festivalın münsiflər heyəti - Mədəniyyət və İncəsənət Universitetinin professoru Məryəm Əlizadə, sənətşünaslıq doktoru Aydın Talıbzadə, tanınmış yazıçı-dramaturq Əli Əmirli, Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov, Teatr Xadimləri İttifaqının məsul katibi Kəmalə Cəfərzadə, Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin əməkdaşı Vəfa Novruzova tamaşalar barədə öz dəyərli tövsiyələrini teatr kollektivlərinə çatdırdılar.
Festivalda müxtəlif nominasiyalar üzrə qaliblərin müəyyən edilməsi nəzərdə tutulmamışdı. Lakin festivalın bağlanışı günü bütün iştirakçı teatrlar festivalda iştirak etdiklərinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə mükafatlandırıldılar.
II Respublika Kukla Teatrları həftəsi bütün iştirakçılarda xoş təəssürat buraxdı. Bircə şeyə təəssüflənirik ki, festival tez başa çatdı.
Gülcahan Mirməmməd,
Qax-Bakı
Mədəniyyət.- 2010.- 25 iyun.-
S. 6.