Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçildi

 

   UNESCO-nun Baş Qərargahında keçirilən səsvermədə ölkəmiz 72 səs qazanıb

  

   Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Hökumətlərarası Komitəsinə üzv seçilib. Bu barədə iyunun 22-24-də Fransanın paytaxtı Parisdə - UNESCO-nun Baş Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyasında qərar qəbul olunub.

  

   Tədbirdə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, eyni zamanda, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.

   Sessiya zamanı Konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək, üzv dövlətlər tərəfindən edilmiş dəyişikliklər müzakirə edilib. Eyni zamanda sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə 12 yeni üzv seçilməsi ilə bağlı seçkilər keçirilib. Komitədə 24 ölkə təmsil olunur. Qeyd edək ki, Azərbaycan da bu quruma öz namizədliyini irəli sürmüşdü.

   Namizədliyin dəstəklənməsi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi, UNESCO yanında Daimi Nümayəndəliyi və ölkəmizin xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri tərəfindən müvafiq təşviqat işləri aparılıb.

   Komitəyə üzvlüyə səsvermə zamanı ölkəmiz 72 səslə komitənin üzvü seçilib.

   Ermənistan da öz namizədliyini irəli sürsə də səsvermə zamanı cəmi 19 səs toplayıb və üzv seçilə bilməyib.

   Qeyd edək ki, sözügedən komitənin üzvləri hər il UNESCO-ya təqdim olunan qeyri-maddi irs nümunələrinin namizədlik fayllarını nəzərdən keçirir və rəylərini bildirirlər. Komitəyə seçilmək Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, beynəlxalq mədəni proseslərdə fəal rolunu bir daha nümayiş etdirir.

   Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması və UNESCO-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlər ölkəmizin belə bir mötəbər Komitəyə üzv seçilməsində mühüm rol oynayıb.

   Hazırda Azərbaycan muğamı, Aşıq sənəti, Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısındadır. Bu il xalça sənətinin bu siyahıya daxil edilməsi gözlənilir, növbəti il üçün isə Lahıc, Nic və Qırmızı qəsəbənin mədəniyyət məkanı adı altında təqdim edilməsi nəzərdə tutulur.

 

 

   Mədəniyyət.- 2010.- 25 iyun.- S. 3.