Rənglərin dünyasında keçən ömür yolu

 

   Karikatura ustası, Xalq rəssamı, Dövlət mükafatı laureatı İsmayıl Axundov 1907-ci il aprelin 15-də Bakının Maştağa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Pedaqoji Texnikumda, Rəssamlıq Məktəbində oxuyub. 1928-1932-ci illərdə Moskva Poliqrafiya İnstitutunun nəşriyyat fakültəsində ali təhsil alıb. Bakıya qayıtdıqdan sonra “Azərnəşr”də işləyib, qrafika bölməsinə rəhbərlik edib.

  

   Rəssam 20-30-cu illərdə “Molla Nəsrəddin“ jurnalının fəal əməkdaşlarından olub. Onun arxiv materialları arasında bir qeyd diqqət çəkir: “20 yaşımda adını eşidib, üzünü görmədiyim nurani-pirani sifətli, ağır yerişli Mirzə Cəlillə mənzilinin yaxınlığında rastlaşdıq. Özümdən asılı olmayaraq ona yaxınlaşdım, ehtiramla salam verdim. Adımı, soyadımı soruşdu. Kim olduğumu dedim. Sən demə, böyük sənətkar mənim əsərlərimlə tanış imiş. “Oğul, “Qız qalası üstündə göyərçinlər” əl işinə baxmışam. Sənin gələcəyinə inanıram. Mübariz, sözübütöv ol. Yadında saxla, əsl sənət riyakarlığı sevmir”, - dedi. Bu sözlər mənim sənət yoluma işıq saldı“.

   İ.Axundov 1937-1940-cı illərdə Rəssamlıq Məktəbinin direktoru işləyib. Yüksək insani keyfiyyətləri, həmkarlarına qarşı diqqətcil, qayğıkeş olması ilə hamının rəğbətini qazanıb. Xalq rəssamlarından Tağı Tağıyev, Salam Salamzadə, Vidadi Nərimanbəyov, Səttar Bəhlulzadə, Baba Əliyev, Kazım Kazımzadə bu haqda daima söz açıb, onu ehtiramla yad ediblər.

   Sənətkar 1940-cı ildən Nizami adına Ədəbiyyat Muzeyinin direktorubaş rəssamı işləyib. İlk gündən müxtəlif yaradıcılıq nümunələrinin, eksponatların toplanmasına, muzeyin tərtibatına qayğı göstərib. Daha sonra Xalq artisti Adil İsgəndərovun dəvətilə Dövlət Akademik Dram Teatrında çalışıb. Xalq yazıçısı Mirzə İbrahimovun “Həyat” pyesinin tamaşasında geyim eskizlərini çəkib, Cəfər Cabbarlının “Yaşar“, Mirzə Fətəli Axundovun “Hacı Qara“, Səməd VurğununVaqifbaşqa səhnə əsərlərinə tərtibat verib. Təsviri sənətdə qazandığı nailiyyətlərə görə respublikanın Əməkdar incəsənət xadimi (1940) və Xalq rəssamı fəxri adlarına layiq (1960) görülüb.

   1952-ci ildə İ.Axundovun həyatında yeni bir səhifə açılır. “Molla Nəsrəddin“in yolunu davam etdirən “Kirpi” jurnalı nəşrə başlayanda onun ilk redaktoru olmuş yazıçı Əvəz Sadıq xatirələrində yazır: “İsmayılı çoxdan tanıyırdım. Yaradıcılığına yaxından bələd idim. Əsərləri görənləri həm güldürür, həm də düşündürürdü. Bir tipin portretinin məntiqində geniş fikir söyləmək çətindir. Ancaq dostumuz İsmayıl bu işin öhdəsindən bacarıqla gəlir. OnunAya boylanan”, “Günəş Şimaldan çıxır”, “Ayı oynayanda“, “Şeir yazan pişik” karikaturalarını oxucular maraqla qarşılamışdılar. “Kirpinin tanınmasında və populyar olmasında İ.Axundovun xidmətləri danılmazdır”.

   İ.Axundov 1960-cı ildən yenidən Akademik Dram Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənətkarlarla birgə çalışır, teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirir.

   Rəssam respublikanın ictimai-siyasi həyatında da fəallıq göstərib. Moskvada keçirilən ilk kənd təsərrüfatı sərgisinin tərtibatını verib. Rəssamlar İttifaqının sədri vəzifəsinə təyin olunan İ.Axundov Bakı Şəhər Sovetininrespublika Ali Sovetinin deputatı seçilib. Böyük həyat coşqunluğu ilə çalışan sənətkar 1969-cu il sentyabrın 13-də vəfat edib. Onun əsərləri, yaradıcılığı sənətsevərlərin yaddaşıqda həmişə yaşayacaq.

  

 

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2010.- 30 iyun.- S. 15.