Unudulmayanlar
Bir çoxları kimi mənim
də onunla tanışlığım
gündə 15 dəqiqəlik efir
vaxtı olan «Xəbərçi»dən
başlamışdı. Cəmi on beş dəqiqə, saatın dörddə biri. Deyə bilmək üçün gərəkən sözlərin
ən sanballısı, zamanın tutum vəznilə
yüngül, qiymət və dəyər
etibarı ilə isə ağır seçilmiş
nitq-mətn kompozisiyasıyla reportajlar, hərbi-emosional
çağırışlar və o
günlərin real mənzərəsi -
müharibə acısı. Elə mövcud
efir məkanına, onun
formalaşdığı, qoruyub
saxladığı qayda-qanunlara çox-çox yad olan novator-reportyor-şərhçi-aparıcı
tanıtımıyla da alışdıq
Çingizə.
Biz müharibə zamanının balalarıydıq və səksəkəli günümüzdən, qorxulu gecələrimizdən, itkilərimizdən danışanlar çox azıydı. Həmin azlıq içində ən çox sözü olan adamıydı Çingiz Mustafayev. O, Qarabağdan uzaqda - sakit və firavan Bakının unutqan guşələrinin birində hər cür fəsaddan-güllədən və hədə-qorxudan uzaq yaşamağı deyil, müharibənin içində olmağı, başımıza gələn faciələrimizi nə yolla olursa-olsun dünyaya yaymağı seçmişdi. Buna isə on beş dəqiqə yetmirdi. Içindəki yanğını, çılğınlığı boğa bilmədiyi üçün əslində deyilməli mətləblərin çoxunun daş altda gizlədildiyi məmləkətin fərqli vətəndaşı olmaq yolunu tutmuşdu Çingiz. Bu yolun onu ölümə apara billəcəyini də göz önünə almışdı.
1992-ci ildə, qızmar yay günlərinin birində kənddəki hərbi hospitalda Çingiz Mustafayevin həlak olması barədə xəbər yayılanda qonşu oğluna yalvarıb hospitala göndərdiyimizi xatırlayıram. “Bəlkə başqa jurnalistlə dəyişik salırlar? Çingiz Mustafayev ölə bilməz” ümidinə söykənərək. Qonşunun uşağı geri qayıdıb günahkarcasına “vallah odu, Çingizdi” - deyəndə üstümüzə od ələyən isti iyun gününün necə şimşəkli, yağışlı gecəylə əvəz olunduğu da yaddaşıma hörülüdü: işıqları söndürülmüş qaranlıq kəndin vahiməsi, şam işığıyla şimşəyin təzadı (bəlkə də ahəngi) və tanınmış jurnalist üçün göz yaşı tökən zavallı bir uşaq. Bir neçə gün sonra onun son çəkilişlərini nümayiş etdirdilər: döyüş, güllələrin amansız yağışı, göz önünə aldığı ölümlə üz-üzə gələn Çingiz! Və susmuş kameranın önünə sanki kiminsə dəst-xəttilə yerləşdirilmiş çiçək. Yalnız bir anın üzərində dayanan kamera obyektivi - həqiqətə şahidlik edən yaddaş qutusu. Kim deyir ki, əşyalar hissiyatsızdır? Axır məqamacan sahibinin çiynində qərar tutan, onunla bərabər döyüşdən-döyüşə, təhlükədən-təhlükəyə atılan həssas texniki vasitənin məhəbbətinin son payı, hörmətinin son göstəricisiydi dördkünc çərçivədə bitib qalan əbədiyaşar çiçək.
Çingizdən yadigar qalan lentlər isə zamanın danılmaz sübutudur. Xocalıdakı qətliamın dəhşəti Çingizin çəkdiyi kadrlarla dünyaya tanıdıldı. Ölüm təhlükəsini addımbaaddım adlayıb qətliam meydanına qədər gedib çıxarkən o öz ölümsüzlüyünü də döyüş-döyüş, zərrə-zərrə qazannmışdı.
Laçın onun təsvirində atılmış, yiyəsi üz döndərmiş zavallı, tifil uşağa bənzəyirdi. İçindəki hirsi, qəzəbi bəzən təhqirlə, bəzən yalvarışla bəyan edərək siyasi oyunların və uduzulmuş sonsuz sayda mənəvi dəyərlərin fövqündə tək, güclü olduğu qədər gücsüz dayanırdı Çingiz Mustafayev. Artıq efir qaydalarını da unutmuşdu: səsi batıb kallaşmış, üz-gözünü tük basmış, qürurunu göz yaşlarıyla sındırıb atmış vəziyyətdə hansı əmri icra edəcəklərini bilməyən başıpozuq ordu nümayəndələrinə uşaq kimi yalvarırdı.
Bəs görəsən bu məmləkətdə qəhrəmanlıq etmək, qəhrəman adı qazanmaq üçün daha hansı meyarlar əsas götürülür? Çingiz Mustafayev canından artıq sevdiyi Vətən yolunda öz canını da əsirgəmədi. Amma ona Milli Qəhrəman adının verilməsi nə qədər qalmaqallı bir məsələyə çevrildi, neçə yüzlərlə insan bununla bağlı ANS şirkətinə teleqramlar göndərdi. O vaxt həyəcanla valideynlərimə yalvarıb tez-tələsik göndərdiyim teleqramın qəbzini indiyəcən özümdə saxlayıram.
Amma əsl həqiqət bir bayraq kimi daim onu sevənlərin başı üzərində dalğalanır ki, Çingiz Mustafayev ürəklərimizin qəhrəmanı, Azərbaycanın mərd və unudulmaz oğludur. O bizim üçün yenidən, ayrılıqlardan doğuldu, nə qədər istəsək də onu əlli yaşında təsəvvür edə bilməyəcəyik. 32 yaşda necə görmüşüksə, uca boylu, səsində-ləhcəsində şirinlik, qəlbi sonsuz enerjiylə dolu, vətənpərvər, yurdsevər.
Çingiz musiqini çox sevirdi, onun bütün janrlarını dəyərləndirməyi bacarırdı. Bu sahədə də yenilikçi kimi ad çıxarmışdı. Elə onun həyatı, haçalanmış tale yolları da öz-özlüyündə çoxhissəli musiqi əsərini xatırladırdı: çılğın musiqiçi, səbrli həkim və yenilməz döyüşçü.
Zaman su kimi axır, onun yoxluğu az qala iyirmi ili haqlamaqdadır, lakin telejurnalistikamızda Çingiz Mustafayev boşluğu dolmaq bilmir ki, bilmir. Danışmağa o qədər efir vaxtı, bitməz-tükənməz mövzular var ki, təkcə Qarabağdan danışmaq çətindir. Elə buna görə də Xocalı deyəndə də o yada düşür, Laçından söhbət gedəndə də. Qəhrəmanlıqdan söz düşəndə də onu anırıq, ”Heç kim və heç nə unudulmayacaq” deviziylə hər rastlaşdığımızda da.
Kiminçün əlli il - əlli gündü,
Kiminçün - əlli güldü.
qəbir üstə qoyulantək, illərin üstə qoyulacaq.
O rəssama əhsən ki, əlli yaşlı Çingizi təsəvvüründə canlandırıb kətanlara köçürə bilsin. Amma mənim düşüncələrimdə onun heç vaxt unudulmayacaq bir rəsmi yaşayır- ağ və qara rəngarəngliyin harmoniyasında: Çingiz Mustafayev Azərbaycan xəritəsinin bir parçası, Xocalı qaranlığında gur işıq. Həmişə sözün itaətində, fikrin mücadiləsində. Məqsədi aydın, amalı sarsılmaz. Faciəsiylə faciələrimizi unutduran, özlərini rəngləriylə fərqləndirməyə cəhd edən mətbuat nümayəndələrini yalnız ağ rəngin kölgəsində buraxan söz adamı. Davalı-alovlu yolların yorğunu, sonu bilinməz cihadın tək qalibi. Bu yazı sənin mərd ruhuna böyük ehtiramımın kiçik bir təcəssümü olsun, ey heç zaman unudulmayacaq Çingiz Mustafayev!
Samirə Rüstəmova
Mədəniyyət.- 2010.- 30 iyun.-
S. 14.