İstedadlı pedaqoq, vətənpərvər
ziyalı, xeyirxah insan
Mənə elə gəlir
ki, hər bir insan özünün taleyinə görə
yaradılıb. İnsanların həyat yolunu müşahidə
etdikdə onların mənəvi aləmi, fitrəti ilə
taleyi arasında qəribə bir ahəngin şahidi oluruq.
Görünür, həyatda təsadüfi heç nə
yoxdur. Hər şey müəyyən qanunauyğunluqla
nizamlanır.
İstedadlı pedaqoq, sözün əsl mənasında ziyalı, xeyirxah insan, gözəl xanım Rəfiqə xanım Talıbzadənin həyat və yaradıcılıq yoluna nəzər saldıqda bu subyektiv fikrin obyektivliyinə inanmalı oluruq. Taleyin təsadüfləri deyil, Yaradanın onun fitrətinə qoyduğu ədəbiyyat sevgisi, dil duyumu Rəfiqə xanımın taleyini elə bir ailəyə bağladı ki, sanki o, elə bu ailədə doğulmuşdu.
Rəfiqə xanımın atası Ağarza Xudayarov və anası Rəhimə xanım Xudayarova ötən əsrin 20-ci illərin əvvəllərində Cənubi Azərbaycanın Zəncan qəsəbəsindən Şimali Azərbaycana - Bakıya pənah gətirmişdilər. A.Xudayarov qulluqçu olmuş, bir sıra vəzifələrdə çalışmışdı.
Rəfiqə Talıbzadə 1935-ci il oktyabrın 22-də Bakıda dünyaya gəlib. Ailədə yeddi uşaq idilər. Lakin Xudayarovlar ailəsinin xoşbəxt günləri uzun sürmür. Rəfiqə xanım 12, ən kiçik qardaşı isə 6 yaşında olarkən onlar əzizlərini-analarını itirirlər. Çox keçmir ki, bu ailə ikinci bir bəxtsizliyi yaşayır. Mühacir olduğu üçün nəzarətdə olan A.Xudayarov həbs edilir və sovet repressiya maşınının qurbanı olur.
Lakin həyat hər bir halda davam edirdi. Başsız
qalmış bu ailə özü-özünü idarə etməli
olur...
Rəfiqə xanım 1954-cü ildə 190 saylı orta məktəbi
bitirir. Hələ məktəb illərində o, elmə, ədəbiyyata
marağı ilə seçilir. Məktəbin nümunəvi
şagirdlərindən biri olmaqla yanaşı, ictimai, təşkilati
işlərdə də yaxından iştirak edir.
Görünüşcə gözəl olan bu məktəbli
qızın həm də gözəl səsi vardı. Məktəbdə
keçirilən bütün tədbirlərdə müəllim
və şagirdlərin istəyi ilə çıxış
edirdi.
1954-cü ildə Bakıda Yazıçıların II
qurultayı keçirilir. O zaman 10-cu sinif şagirdi, ədəbiyyat
vurğunu Rəfiqə Xudayarova bir neçə sinif
yoldaşı ilə birlikdə qurultayın iclaslarında
iştirak edir. Həmin qurultayda sevimli ədibimiz Abdulla
Şaiqin oğlu Kamal Talıbzadə onu görür və elə
ilk baxışda vurulur. Rəfiqə xanıma yaxın
sıralarda əyləşmiş xalası qızı Aybəniz
Vəkilovaya kiçik bir kağız parçası göndərir.
Kağızda yazılırdı: “Səndən iki oturacaq
sonra əyləşmiş yaşıl jaketli qızın kim
olduğunu öyrən”.
Bu qarşılaşma böyük məhəbbətin və
ədəbi mühitə gedən yolun
başlanğıcı oldu. 1954-cü ildə Rəfiqə
xanım Azərbaycan Dövlət Universitetinə (indiki
Bakı Dövlət Universiteti) daxil olur və 1959-cu ildə
bu təhsil ocağını bitirir.
Universiteti bitirdikdən sonra bir müddət -
1964-1966-cı illərdə - Azərbaycan Elmlər
Akademiyasının kitabxanasında işləyir. 1968-1972-ci
illərdə Bakının 132 saylı orta məktəbində
dil və ədəbiyyat fənlərindən dərs deyir. Məktəbin
bədii yaradıcılıq dərnəyinə rəhbərlik
edən Rəfiqə xanım Abdulla Şaiq irsinin mənəvi
davamçısı olaraq, əsl pedaqoq kimi məktəbin
müəllim və şagird heyətinin rəğbətini
qazanır.
1972-ci ildən o, Azərbaycan Dövlət Universitetinin
“Azərbaycan dili və onun tədrisi metodikası”
kafedrasının müəllimi vəzifəsində
çalışır. Burada fəaliyyət göstərdiyi
zamanlar da Rəfiqə xanım özünün xüsusi,
effektli tədris metodikası ilə fərqlənib. 1975-1995-ci
illərdə o, kafedranın baş müəllimi işləyib.
1995-ci ildən Azərbaycan dilinin tətbiqi məsələləri
üzrə elmi-tədqiqat laboratoriyasının baş elmi
işçisi olub. 1994-cü ildən Rəfiqə xanım
Abdulla Şaiqin mənzil-muzeyinin böyük elmi
işçisi, həyat yoldaşı akademik Kamal Talıbzadənin
vəfatından sonra, 2006-cı ildən isə bu müəssisənin
direktoru vəzifələrində çalışıb.
Azərbaycan mədəniyyətini, ədəbiyyatını,
Abdulla Şaiqin, Kamal Talıbzadənin ədəbi irsini
yorulmadan təbliğ edən Rəfiqə xanımın xidmətləri
yüksək qiymətləndirilib. R.Talıbzadə 2009-cu ildə
muzey işi sahəsində ictimai fəallıq, təşəbbüskarlıq
və səmərəli fəaliyyətinə görə Mədəniyyət
və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif
edilib.
Rəfiqə xanım millətini sevən, onun gələcəyi,
tərəqqisi uğrunda bütün gücü ilə
calışan əsl ziyalı idi. Vətəninin, millətinin
nikbin gələcəyinə inanırdı. Nurlu
çöhrəyə, geniş qəlbə malik bu
xanımın ruhuna hakim kəsilmiş nikbinlik adamı valeh
edirdi. Bütün tələbələrini sevirdi. Onlardan biri
haqqında olsun belə, xoşagəlməz söz
danışmazdı. Tələbələri də onu
çox sevirdi. İşlədiyi müəssisələrdə
tələbə və həmkarlarının rəğbətini
qazandığı kimi, ailədə də hamının
sevimlisi idi.
Mirzə dayı (bir çoxları kimi o da Abdulla
Şaiqi belə çağırırdı) ona xüsusi
hörmət və qayğıkeşliklə yanaşardı.
Ədib hər əsərinə görə qonorar aldıqda
sevimli gəlininə hədiyyə alardı. Abdulla Şaiq
özünün məslək və ideya baxımından
davamçısı hesab etdiyi gəlininin bir
sözünü iki etməzdi.
Kamal müəllimin təkcə həyat yoldaşı
deyil, dostu, həmkarı idi Rəfiqə xanım. Elmi
potensialına, peşəkarlığına
inandığı üçün əsərlərini ilk dəfə
ona oxuyardı. Rəfiqə xanımın verəcəyi qiyməti
səbirsizliklə gözləyərdi. O da öz növbəsində
Azərbaycan ədəbi tənqid tarixinin banisi, ədəbiyyatşünaslığımızın
korifeyi - Kamal müəllimə layiqli qiymətini verərdi.
Bu iki insanı sanki Allah bir-biri üçün
yaratmışdı. Ziyalılıq, peşəkarlıqdan əlavə
hər ikisi xeyirxah, səmimi insan idi. Onların timsalında
ailə məfhumunun dəyəri, müqəddəsliyi və
toxunulmazlığı ortaya çıxırdı. Rəfiqə
xanım əsəbi olduqda, Kamal müəllim
özünün yüksək mədəni və təmkinli taktikası
ilə hadisələri nəzarət altında
saxladığını bildirməklə ona dəstək
olurdu. Əksinə olduqda isə, Rəfiqə xanım həlim,
mülayim davranışları ilə onun üzərinə
sanki su səpirdi. Kamal müəllimin “dünyada möhkəm
ailədən qiymətli heç nə yoxdur” - sübuta ehtiyacı
olmayan fikri öz əyani təcəssümünü
Talıbzadələr ailəsində tapırdı.
Bu iki zəngin, professional, böyük, eyni zamanda səmimi,
sadədən sadə insanın əhatəsində olmaq adama
xüsusi zövq verirdi. Onlardan təmənnadan uzaq, alt məqsədlərdən
arınmış dəyərli tövsiyələr, ustad məsləhətləri
almış yetirmələri müstəqil və peşəkar
həyata sağlam təməllərlə, millətin,
xalqın mənafeyini şəxsi mənafedən üstün
tutmaq ideyası ilə qədəm qoyurdular. Yetişdirdikləri
bütöv bir alim-ziyalılar nəslinə azərbaycançılıq-türkçülük
idealına sahib olmağı, elmi obyektivliyi hər şeydən
yüksəkdə tutmağı öyrətdilər.
Ömrünün son çağlarında, Kamal müəllimi
itirdikdən sonra təsəllini “Quran”da tapmışdı.
Gözlərinin zəifləməsinə baxmayaraq,
masasından əksik etmədiyi müqəddəs kitabı
tez-tez oxuyardı. Gözlərinə işığı, səhhətinə
əlacı, səbri “Quran”da tapardı Rəfiqə xanım.
Sovet dönəminin ateist tərbiyəsini almış o nəslin
bir çox nümayəndələrindən fərqli olaraq, qəlb
gözü açıq idi. Deyirlər, Allah-Təala sevdiyi bəndəsinin
qəlbini öz nuru ilə nurlandırır, istəkli bəndələrini
yanına hidayət olunmuş halda aparır. İnanıram və
ümid edirəm ki, fani dünyada bərk-bərk
sarıldığı “Quran” əbədi həyatda da Rəfiqə
xanımı Cənnətə aparan yolun bələdçisi
olacaq.
Arzu Hacıyeva,
fəlsəfə
doktoru
Mədəniyyət.- 2010.- 30 iyun.-
S. 13.