«Bəstəkarlarımızın bəxti onda gətirib ki, bizim bənzərsiz muğamımız var»

 

   Azərbaycanda gözəl səsə, nadir istedada malik sənətçilər çoxdur. İllər uzunu istedadları ilə tamaşaçı qəlbini fəth edən şair, müğənni və bəstəkarlarımız xalqın ruhunu oxşayıblar. Amma təəssüf ki, illər keçdikcə bu sənətkarların bəzisi ya az xatırlanır, ya da unudulur. Belə sənətkarların yada salınması, xatirə gecələrinin keçirilməsi kimi nəcib işi yerinə yetirən Muğam Teatrı musiqimizin, mədəniyyətimizin təbliğinə öz töhfəsini verir.

   Teatrın direktoru, Əməkdar incəsənət xadimi Arif Qazıyevlə söhbətimizə də məhz bu mövzu ilə başladıq.

  

   - Sənətkarlarımızın xatirəsini yaşatmaq nəcib bir ideyadır. Necə oldu ki, belə məsuliyyətli və çətin işə qol qoydunuz?

   - Bu layihəyə 2000-ci ildən başlamışıq və bugünədək 120-dən çox xatirə gecəsi keçirmişik. Bizim bir çox gözəl sənətkarlarımız olub ki, indi geniş ictimaiyyət onların barəsində az məlumata malikdir. Təsəvvür edin, Azərbaycanda bir çoxları bilmir ki, bizim Ağabacı Rzayeva adlı bəstəkarımız olub. Halbuki o, Azərbaycanın ilk qadın bəstəkarıdır. Mən onun elə mahnılarını tapıb ortaya çıxartdım ki, hamı təəccüb içərisində idi. Düşünürəm ki, belə bəstəkarın yazdığı mahnıların yada salınması təkcə xeyirxahlıq nümunəsi deyil, həm də musiqi tariximizə töhfədir. Görkəmli bəstəkarlarımızın xatirə gecələrinə onların mahnılarını ifa etmək üçün gənc müğənniləri dəvət edirik. Bu işin faydalı tərəflərindən biriodur ki, gənc müğənnilər də bilirlər ki, bizim belə klassik mahnılarımız var. Bu gün televiziya kanallarımızın şoulara meydan verdiyi bir dövrdə klassik mahnılarımızın gündəmə gəlməsi, əlbəttə, təqdirəlayiqdir. Mənə elə gəlir ki, tezliklə bu yersiz şouların da qarşısı alınacaq. Musiqi insana ən tez təsir edən vasitədir və bu, elə ifa olunmalıdır ki, ona zövq versin.

   - Arif müəllim, bu xoşməramlı layihənin davamlı olması üçün hansı planlarınız var?

   - Bilirsiniz, belə tədbirləri təşkil etmək heçasan deyil. Xüsusilə də əgər haqqında xatirə gecəsi təşkil edəcəyimiz sənətçinin yaxınları yoxdursa, çətinlik çəkirik. O zaman bütün xərcləri məhz «Muğam Klubu»nun hesabına ödəyirik. Məsələn, ötən həftə gözəl şairimiz Ramiz Heydərin gecəsini təşkil etdik. Onun da bütün xərclərini özümüz çəkdik. Amma bütün bunlara rəğmən insanların üzlərindəki sevinc ifadəsini görəndə məmnun oluram ki, biz sənətçinin xatirəsini yaşada bilirik.

   - Siz həm də muğam üzərində qurulmuş gözəl filmlərin rejissoru kimi tanınırsınız. Çəkməyə hazırlaşdığınız «Yeddi muğam» filminin ideyası nədir?

   - Deyirlər, dünyada yeddi möcüzə var. O möcüzələrin sirri indiyədək açılmayıb, görənləri heyrətə gətirir. Ancaq düşünürəm ki, qoca Şərqin bundan da böyük möcüzələri var. Bu möcüzə öz sirli aləmi ilə əsrlər, qərinələr keçsə belə hamını valeh edəcək muğamdır. Bu ecazkar möcüzə - muğam bütün dünyanı özünə cəlb edib. Muğam Teatrına gələn əcnəbilər muğamı dinləyərkən sanki başqa bir aləmdə olurlar. Hələ 22 il bundan əvvəl ümummilli lider Heydər Əliyev Muğam Teatrının yaranmasına xeyir-dua vermişdi. Teatrımız dünyanın bir çox ölkələrində qasrol səfərlərində olub. Bu günlərdə İranın paytaxtı Tehranda böyük konsert proqramı ilə çıxış etdik. Demək istəyirəm ki, biz ümummilli liderin etimadını doğruldub bu sənəti yaşatmağa çalışırıq. 1988-ci ildən muğam dəstgahlarının təbliği ilə məşğul oluruq.

   «Yeddi muğam» filminə gəlincə, onun əsasında da muğamlarımız dayanır. Əgər xatırlayırsınızsa, mən vaxtilə «Şur» filmini çəkmişdim. Həmin filmdə Arif Babayev, İslam Rzayev, Əlibaba Məmmədov oxuyurdu. Həmin vaxt onlar cavan idilər. İstəyirəm ki, indi də gənc ifaçılarımızının iştirakı ilə film çəkim. İllər sonra tamaşaçılar həmin filmə də baxıb sənətçilərimizi xatırlasınlar. Filmi sentyabr-oktyabr aylarında çəkməyi planlaşdırmışam.

   - Bir çox bəstəkarlarımızın əsərlərində muğam musiqisi əksini tapıb. Eyni zamanda, başqa Şərq ölkələrində, məsələn, Misirdə də bəstəkarlar musiqi bəstələyərkən muğamlardan istifadə edirlər. Sizcə, bəstəkarlarımız muğamlarımızdan nə dərəcədə geniş yararlana bilirlər?

   - Azərbaycan bəstəkarlarının bəxti onda gətirib ki, bizim bənzərsiz muğamımız varonlar da öz əsərlərini bu muğamlar üzərində yazıblar. Biri «Segah», biri «Rast», digəri də «Çahargah»ı seçib. Qara Qarayev kimi bəstəkar «Yeddi gözəl» baletini «Çahargah» muğamı üstündə yazıb. Muğamdan isifadə etmək yolları müxtəlifdir. Məsələn, Vaqif Mustafazadə muğamdan cazda istifadə edirdi. İndi bizim simfonik orkestrimiz «Şur», «Gülüstan», «Bayatı-Şiraz», «Rast» simfonik muğamlarını ifa edir. Muğamlarımız o qədər güclüdür ki, gələcəkdə onlardan bir çox yeni növlər tapılacaq.

   Yaxın vaxtlarda daha bir planımı həyata keçirmək, Azərbaycan baletlərində istifadə olunan muğamlarımızı seçmək və Heydər Əliyev Sarayında nümayiş etdirmək istəyirəm. Bu layihəni də sentyabr-oktyabr aylarında həyata keçirməyə hazırlaşıram.

  

 

   Söhbətləşdi: Mehparə Sultanova

 

   Mədəniyyət.- 2010.- 30 iyun.- S. 7.