Azərbaycan mədəniyyətinin hamisi

 

   Ümumbəşəri sivilizasiyanın minilliklərlə ölçülən mövcudluq salnaməsi sübuta yetirib ki, hər hansı milləti kölə vəziyyətinə salmaq, keçmişindən, soy-kökündən ayırmaq üçün ona öz tarixini, milli ənənə və dəyərlərini unutdurmaq yetərlidir. Yalnız böyük şəxsiyyətlər yetirən xalqlar qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi keyfiyyətlərini, mental xüsusiyyətlərini hər bir ictimai-iqtisadi formasiyada hifz edərək mütərəqqi yolla irəliləyir, milli özünəməxsusluğunu qoruyub saxlayırlar. Bugünün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur yolundan kənarda təsəvvür etmirlər.   

 

   Azərbaycanda bu ağır və məsuliyyətli missiyanı ümummilli lider Heydər Əliyev çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin böyük himayədarı kimi çıxış edib. Böyük öndərin Azərbaycana 40 ilə yaxın rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olub, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan verib.

   Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu hazırda cəmiyyətdə bir çox insanların ümid yerinə çevrilib.

   Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan hər bir maddi- mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində yaxından iştirak edir. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi ilk çıxışında Azərbaycanın dünya mədəniyyətinə Üzeyir Hacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostropoviç kimi böyük sənətkarlar verdiyini qeyd edərək bu cür şəxsiyyətlər yetirən xalqımızın, həqiqətən də, böyük xalq olduğunu vurğulamışdı: «Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi UNESCO çərçivəsində qeyd olunmuş «Kitabi-Dədə Qorqud» eposu, şifahiqeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu gün, yüksək texnologiyalar, qloballaşmainformasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu məsələdə UNESCO-nun rolu, şübhəsiz ki, çox böyükdür. Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da Azərbaycan xalqının bu günə qədər qoruyub saxladığı və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə xidmət edir. Xoşməramlı səfir kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə xidmət edəcəkdir».

   Heydər Əliyev Fondu ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün məqsədyönlü və konkret fəaliyyət planına malikdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın Bakıda “Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı UNESCO qarşısında irəli sürdüyü təşəbbüsü bu planın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. Qafqaz xalq ənənələri evinin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən “Yeni Qonşuluq Siyasəti"nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxaran ermənilərin bu hərəkətlərinin qarşısını almış olardı.

   Qarabağ xanəndələri” albomu fondun son illər həyata keçirdiyi uğurlu layihələrdən biridir. Əslində, bütün Azərbaycana məxsus muğamlarımızın toplandığı alboma niyə məhz «Qarabağ xanəndələri» adının seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyil. UNESCO xətti ilə hazırlanmış alboma «Qarabağ xanəndələri» adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi olduğu bir daha nümayiş etdirilir.

 

   Azərbaycanın birinci xanımının rəhbərliyi altında «Qarabağ həqiqətləri» kitabının çapa hazırlanması Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin aparıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdıran Mehriban xanım Əliyeva bu məktəbin hazırda böyük təhlükə qarşısında qaldığını, bu janrın gənc ifaçılarının sayının xeyli azaldığını bildirib. Bu mənada «Qarabağ xanəndələri» layihəsi əslində həm də siyasi əhəmiyyəti olan layihədir.

   Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyır.

   Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nunDünya maddi irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası “Azərbaycan Mədəniyyətinin Dostları” Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının əyani təsdiqidir.

   Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks tədbirlər həm də xalqın milli kimliyini, mədəniyyətini, keçmişini, milli varlığını özündə yaşadan Azərbaycan folklorunun inkişafına, onun nümunələrinin toplanılması və nəşri işinə ciddi təkan verir. Folklor hər bir xalqın unudulmaz keçmişidir. Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalq isə beynəlxalq münasibətlər sisteminə qoşula və mədəniyyətlərarası dialoq prosesində öz sözünü deyə bilməz. Folklorda təkcə tarix yaşamır, bu mənəvi aləmdə xalqın bədii düşüncəsi də, müdrikliyi də, tarixin ən sərt dönəmlərində formalaşmış həyat tərzi də, adət-ənənələri, dövlətçilik təfəkkürü də qorunub mühafizə olunur. Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı ən böyük həqiqətlər bizim nağıllarımızda, dastanlarımızda, laylalarımızda, sayaçı sözlərimizdə, holavarlarımızda və digər folklor nümunələrimizdə yaşayır.

   Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir.

   UNESCO-nun xoşməramlı səfiri Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir. Mehriban xanımın mədəniyyət sahəsindəki bu müstəsna xidmətləri tariximizin şanlı səhifələri kimi vərəqlənəcək və gələcək nəsillər bu vətənpərvər, Azərbaycanını sevən xanımın adını qürurla çəkəcəklər.

  

 

   Müjkan Məmmədzadə,

   Mədəniyyətşünaslıq üzrə

   Elmi-Metodiki Mərkəzin Turizm

   təhsili bölməsinin müdiri

  

   “Mədəniyyət” qəzetinin keçirdiyi “Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsi üçün

 

    Mədəniyyət.- 2010.- 30 iyun.- S. 5.