Dövrün mənzum tablosu: «Həpsi
rəngidir»
Bu şeir poeziyamızın ən
xəlqi və ən döyüşkən ahəngidir...
Belə (yəni, ən) olmasaydı, hətta
qırmızı sovetlərin bir az bozarıb yumşalma
dövrlərində belə arxiv və yaddaş
dustaqlığından buraxılmayan bu şairin bəraəti
bu qədər uzun - ən uzun sürməzdi. İndi mən, ən
irihəcmli şeirlərində belə bir sözü iki dəfə
işlətməyən - yəni, təkrarçılığa
yol verməyən Səməd Mənsur haqda bu qısa təqdimatımda
üç sözü üç kərə işlətmək
qəsdimin fərqindəyəm: O, sovetin heç bir dəftər-kitabına
düşməyən yeganə şair və həmin
dövrdə xalqın dilindən düşməyən yeganə
şair idi...
Yeri gəlmişkən, bu təntənəli
tədbir orijinal xarakter və yaradıcı Səməd Mənsurun
cəmiyyətə ilk «ayaqaçdı»sı idi...
10 mart 2010-cu il. Suraxanı rayonu,
Əmircan qəsəbəsi. Hər səhər
işgüzar həyat uğruna oyanan bu camaat bu sabah öz
böyük həmyurd-həmvətənlisinin sözünə-üzünə
oyanmışdı yuxudan. Hamı kəsərli satirik, incə
romantik, milli qeyrət, əxlaq, əqidə şairimiz Səməd
Mənsur ruhu üstə köklənmişdi. Azad söz
repressiyalarının, milli düşüncə
dustaqlığının ən şiddətli dövründə
belə susmayan Səməd Mənsurun!
Həmin gün sanki bu qəsəbədə
kino çəkilirdi; adamlar dar dalanlardan, gen küçələrdən
iki-bir, üç-bir çıxıb, mədəniyyət
evinin qarşısına tələsirdilər. Azərbaycan Mədəniyyət
Nazirliyindən, Yazıçılar Birliyindən, Milli Məclisdən,
teatr, incəsənət cəmiyyətlərindən gələn
maşın karvanını müşahidə edən
uşaqların, gənclərin üz-gözlərindən
böyük həmyerlilərinə yönəli milli fəxarət
hissi, bəzən də... mübhəm bir yerliçilik forsu
duyulurdu. Yerli qocaların, ziyalıların fəxarətində
isə bütöv bir Azərbaycan öyüncəkliyi
vardı. Çünki onlar hələ sovetin
«pıçıltı-xışıltı dönəmləri»ndə
valideynlərindən eşitmişdilər ki, Səməd Mənsur
Azərbaycan sovet hakimiyyətinin səlahiyyətli və ən
qorxulu orqanlarında at oynadan ermənilərə necə
satirik qırmanclar çəkib, sənətkaranə həcvlər
toxuyub. Deməli, 1879-cu ildə doğulub, 1927-ci ildə vəfat
etmiş Səməd Mənsur da çağımızın
milli qaş-qabağının baiskarı olan Qarabağ
müharibəsinin iştirakçısı, klassik
veteranıdır. O sayaq şərəfsiz bir rejimdə
yazdığı o cür cəsarət dolu misralarının
hər biri onun mübarək ruhunun sinəsindən
asılası bir şərəf ordenidir və nəhayət,
o, Milli Sənət Qəhrəmanıdır. Elə bəlkə
buna görə, bu məlum ictimai dərdimiz - son 20 ildə
keçirilən (bütün formatlarda) tədbirlərimizin «əzəl
mübtədası» olan Qarabağ problemi bu mərasimdə o qədər
də hallandırılmadı. Mədəniyyət evinin
qarşısında da, Heydər Əliyev parkındakı nəfəsdərmə
məqamlarında da, Heydər Əliyev Mərkəzindəki
təntənəli törəndə də bütün rəsmi
ya bədii söz, söhbət, xatirə pərvanələri
yalnız Səməd Mənsur şamı ətrafında
dolaşdı...
... Saat 11.00. Mədəniyyət
evinin qarşısına axışan böyükləri
(sözün hər iki mənasında) bu müəssisənin
«Rəqs dərnəyi»nin balacaları qarşıladı. Səməd
Mənsurun romantik misralarını xatırladan bu balaca
uşaqlar böyük yubilyar dayılarının eşqinə,
bəlkə də heç vaxt yaşamadıqları bir
ovqatla rəqs etdilər.
Rəqsin bitməsi rəsmi
hissənin başlanmasını bildirir.
Suraxanı Rayon İcra
Hakimiyyətinin başçısı İlqar Abbasov mədəniyyət
evi qarşısındakı təbii kürsüyə
qalxır. O, qonaqları səmimi-qəlbdən salamlayır,
respublikanın, demək olar, bütün rəsmi və
yaradıcı strukturlarını təmsil edən
adamların buraya - Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə
yaradılmış görkəmli Azərbaycan şairi Səməd
Mənsurun abidəsinin açılış mərasiminə
gəlişindən şərəf duyduğunu bildirir. Uzun
sovetlər dönəmində bu məşhur
eloğlularından yalnız öz ev-eşiklərində
danışa bilən Əmircan ağsaqqallarına bu hadisə
münasibətilə gözaydınlığı və yeri
gəlmişkən, ilk sözü onlardan birinə - qocaman
müəllim Çingiz Musayevə verir. Çingiz müəllim
canlı yaddaş «arxiv»ini vərəqlədikcə, elə təkcə
«Həpsi rəngidir» müxəmməsilə ədəbiyyatımızın
klassiki adına sahib olan Səməd Mənsurun portret cizgilərinə
çox milli təəssübkeşlik, vətəndaş-vətənpərvərlik,
cəsur ziyalılıq rəngləri də əlavə
edilir.
Sonra təbii kürsüyə
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev
dəvət edilir. Cənab nazir izdihamlı toplantı
iştirakçılarının böyük diqqət və
sevinc dolu nəzərlərinin müşayiətilə abidənin
açılışını edir. Tərtibat-dizaynca sadə,
məna-mahiyyətcə isə çox dərin abidə
tamaşaçıların sürəkli
alqışlarına səbəb olur, dəqiqələrlə
davam edən diqqətlərinə hakim kəsilir. Bəli,
işlənmə texnikası və sənət ifadəliliyilə
monumentallıq təsiri bağışlayan bu mini-abidə
baxanları sehrləyir. Çünki bu abidədən onlara
baxan şəxsiyyətin sənət sehri özündə
bir siyasi sirri də ehtiva edir: o, «37» imzalı repressiyaya məruz
qalmasa da, onun fitri istedadı, perspektiv ədəbi-bədii
yükü, siyasi burulğanlara düşmüş
yaradıcılıq əzmi repressiya edilmişdi...
Toplantı elə bu
xatiratların üst qatı - şərəf ovqatı
altında, belə demək mümkünsə, başqa məkana
transfer edir.
Saat 12.00. Heydər Əliyev
parkında - ümummilli liderin möhtəşəm heykəli
arxasında ucalan Heydər Əliyev Mərkəzi. Burada ilk
söz Azərbaycan Yazıçılar Birliyinin sədri,
yazıçı Anara verilir. O, öz sərəncamı ilə,
uzun illər «unutdurulmuş» görkəmli şair Səməd
Mənsura abidə qoyulmasını təmin edən Azərbaycan
Prezidenti cənab İlham Əliyevə, bu təntənəli
açılış mərasimini düzənləyən
Suraxanı Rayon İcra Hakimiyyətinə, Mədəniyyət
və Turizm Nazirliyinə, bu tədbirin işığına
toplaşmış sənət-incəsənət
adamlarına, yerli camaata bir ədib, bir ziyalı olaraq minnətdarlığını
bildirdi. Natiq, Səməd Mənsur haqda məlumatının hələ
sovet illərindən - şairin oğlu, görkəmli rejissor
Tofiq Kazımovla yaradıcılıq ünsiyyətləri
zamanından başlandığını və ondan
aldığı əsərləri kitab şəklində nəşr
etdirdiyini söylədi.
Tədbirin proqramına
uyğun olaraq, hər çıxışdan sonra söz
aktyorlara və musiqiyə verilirdi. Xalq artisti Laləzar
Mustafayeva öz təsirli diksiya və qiraət tonu ilə S.Mənsurun
məşhur «Naz et» şeirinə salonda sürəkli
alqışlar sədalandırdı.
Xalq şairi Nəriman Həsənzadənin
«Bircə şeiri ilə də klassiklər cərgəsində
yer tutmağa layiq Səməd Mənsur cild-cild əsərlər
yaza bilərdi. Lakin o, dövrün siyasi-ictimai baryerlərinə
çırpılmaqdan vaxt tapa bilmirdi. O, yazmaqla yox, hər
gün, hər vaxt özünü öldürməklə məşğul
idi» fikri salona yanğılı bir ovqat çilədi.
Filologiya elmləri doktoru,
professor Nizaməddin Şəmsizadə öz yığcam
çıxışında ədəbiyyat, publisistika və
teatr aləmimizin orijinallıq nümunəsi və nümayəndəsi
Səməd Mənsur fenomeninin bir çox nüansına
toxundu. Qeyd etdi ki, hörmətli prezidentimizin Səməd Mənsurun
abidəsi ilə bağlı imzaladığı sərəncam
anı - bu bir anlıq işıqlı tarixçə 70 illik
tarixin böyük şairimizin üstünə çəkdiyi
qara pərdəni götürdü. Bu, 1 saat əvvəl onun
abidəsi üzərindən çəkilən pərdə
ilə reallaşdı. Bununla da, bu odlar məkanının
alovlu şairi həqiqəti demək «günah»ından
qurtuldu.
Söz Suraxanı
ziyalıları adından Fəridə xanım Bünyatovaya
verildi. O, vaxtilə Xilə adlanan Əmircan
torpağının Azərbaycan adına layiq çox əsilzadələr
yetirdiyini, 1895-ci ildə neft istehsalına görə
Bakının dünyada birinci yerdə olduğunu
vurğuladıqdan sonra, əsas mətləbə keçdi.
Bildirdi ki, bütün bunlar o dövr gəncliyini də, təbii
olaraq, birincilik ovqatı üstə kökləyirdi - istər
fərdi-məhəlli, istər ümumi-ictimai anlamda. Səməd
Mənsur da məhz belə mühitin yetirməsi idi və mənfili-müsbətli
bu qaynar mühit ona kifayət qədər ədəbi-bədii,
publisistik mövzular verirdi.
Hər misrasının
dipdiri ahəngi ilə öz zəmanəsinin nəbzini bizə
də çatdıran Səməd Mənsur haqda mötəbər
ədib, alim və ziyalılarımızın vurğun
söhbətlərini məşhur aktyorlarımız - xalq
artistləri İlham Əsgərov, Laləzar Mustafayeva, əməkdar
artist Əli Nur şairin yaradıcılığından
böyük məharətlə söylədikləri şeirlərlə
daha da rövnəqləndirir, onun ustadlığını
salondan qopardıqları alqışlarla bir daha təsdiq
etmiş olurlar.
Uyma ey dil, xəlqdə yoxdur sədaqət, rəngidir,
Məscidü meyxanə rəng, eyşü-ibadət rəngidir.
Mey riya, məşuqə ğəşş,
hüsnü vəcahət rəngidir,
Rəngdir hər dürlü matəm, hər məsərrət
rəngidir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngidir.
İlham Əsgərovun
söylədiyi «Həpsi rəngidir» şeiri salonu dünyəvi,
Əli Nurun ifa etdiyi «Sizdə də var, bizdə də var»,
«Hacağa Abbasova məktub» şeirləri xəlqi-folkloranə,
Laləzar Mustafayevanın incələdiyi «Naz et» şeiri
romantik-sentimental xəyalatlara qərq etdi. Onların hər
birinin ardınca səslənən muğam və təsnif
parçaları da Səməd Mənsurun yasaqlarla
sürdüyü qısa ömür, uzun əzab yollu
karvanının hərdən xıxıb dincəldiyi
karvansaray hay-haraylarıtək sədalanırdı.
Muğam müsabiqələrinin
qalibləri - Abgül Mirzəliyev, Arzu Əliyeva, Vüsal
Zamanov və Gülay Qədirovanın muğam avazları, təsnif
oxuları sağlığında oxucu alqışlarından
məhrum edilmiş Səməd Mənsurun ruhuna
alxış-dualar kimi səsləndi.
Sonda söz şairin ailə
üzvləri adından Mədəniyyət və Turizm naziri Əbülfəs
Qarayevə verildi. Cənab nazir - bu təntənəli tədbirin
ən birinci və ali səbəbkarı kimi - ölkə
prezidentinə, daha sonra abidənin müəllifinə və mərasim
iştirakçılarına təşəkkürünü
bildirdi. Şairin ailə üzvləri adından
danışan natiq bunu da vurğuladı ki, Azərbaycan
özü böyük bir milli ailədir və bayaqdan burada səmimi-qəlbdən
çıxış edən elm-sənət adamları da,
şairin şeirlərini alovlu bir ürəklə, ilhamla
söyləyən aktyorlar, xanəndə-sazəndələr
də - hamı Səməd Mənsurun da mənsub olduğu bu
Azərbaycan ailəsinin üzvləridir. «Mənə bir o
qalır deyəm ki, uzun illərin diqqətsizlik
qaranlığında qalmış görkəmli Azərbaycan
şairi Səməd Mənsuru öz
çıxışlarınızla belə yüksək səviyyədə
işıqlandırdınız, canlandırdınız. Bu,
ikinci tədbirdir ki, bu salonda belə yüksək səviyyədə
keçirilir - biri xeyli müddət öncə təkrarsız
fırça ustası Səttar Bəhlulzadə ilə, bu
günsə Səməd Mənsurla bağlı. Bu balaca kəndin
iki böyük oğlunun xalqa belə yüksək səviyyədə
təqdim edilməsilə əlaqədar, bünövrəsi
ulu öndərimiz Heydər Əliyev tərəfindən
qoyulmuş bu qədir-qiymət mühitini bir daha
alqışlayır, bu mühiti günü-gündən
dolğunlaşdıran prezidentimiz cənab İlham Əliyevə
təşəkkürümü bildirir, bu mərasimin yüksək
səviyyədə təşkili üçün Səməd
Mənsur ailəsi adından Heydər Əliyev Mərkəzinin
təşkilatçılarına minnətdarlığımızı
çatdırıram».
...Üç saata yaxın
davam edən mərasimdən sonra Heydər Əliyev
parkının rəngarəng mini-prospektlərində, halə-talalarında
toplaşıb, bir-birilə axır-uğur edənlər belə
bir qənaəti də bölüşdülər ki, hələ
sağlığında ikən öz halal-haqqı ilə Azərbaycan
ədəbiyyatının ölməz klassikləri
sırasında yer tutan bir şairimiz - Səməd Mənsur
bu gün bu tədbirdə layiqincə qutlandı!..
Tahir Abbaslı
Mədəniyyət.- 2010.- 5 mart.- S. 12-13.