Kinomuza aydınlıqlar gətirən Aydın Kazımzadənin 70 yaşı tamam oldu

 

O, təkcə kinomuzun tarixini dəqiqləşdirmədi, həm də gələcək nəsillərə kinonu sevməyin yollarını öyrətdi. Jurnalist ixtisasına yiyələnib özünü kinoya həsr etdi.

 

Əgər dünyada tarixin atası Heradot sayılırsa, bizim kinomuzun tarixinin atası Aydın Kazımzadədir. Tədbirdə Aydın müəllimin ünvanına söylənilən bu kəlmələr özündə böyük həqiqətləri əks etdirirdi. Belə ki, adı kimi kinomuza aydınlıqlar gətirən Aydın müəllimin kino tarixində böyük xidmətləri olub. Kinoşünaslığa dair neçə-neçə dəyərli kitab və dərsliklər yazan, milli kinomuzun dərinliklərindən xəbər verən Aydın müəllim bu gün bildiklərini də tələbələrə səylə öyrədir.

Film Fondun xüsusi mükafatı və Bilik Maarifçi Cəmiyyətinin Yusif Məmmədəliyev medalı rejissor Cəmil Quliyev tərəfindən aydın müəllimə təqdim olundu. Tədbirin gedişində yubilyarın müxtəlif tədbirlərdə və tanınmış insanlarla çəkdirdiyi fotolar, televiziyadakı çıxışları da nümayiş etdirildi.

Tanınmış kinoşünası biz də təbrik edirik. Aydın müəllim, sizə cansağlığı, uzun ömür arzulayırıq. İnanırıq ki, kinomuzun hələ böyük nailiyyətlərini sizinlə birgə görəcəyik.

 

 

Mədəniyyət.- 2010.- 5 mart.- S. 11.