Vizion və incə məxluqlar
Qadın azadlığı!
Bu məfhumun yaranmasından neçə
illər keçdiyini
dəqiq təyin etmək çətindir. Ancaq beynəlxalq aləmdə qadın azadlığının ötən
əsrin 14-cü ilindən
və 8 mart günündən rəsmiləşdiyi
məlumdur. Əksər
filosofların fikrincə,
qadın çox sirli bir məxluqdur.
Eyni zamanda qadın anadır. Şərq kişisinin mövqeyindən və bacarığından asılı
olmayaraq qiyməti daha çox qadınına görə
verilib. Yəni qadını əsl qadın olmayan kişi, el dili
ilə desək, başıpapaqlı sayılmayıb.
Bəs görəsən, bir çox özəl cəhətlərinə
görə nəinki Avropa, hətta Şərq qadınından seçilən, spesifik psixologiyası, bənzərsiz ömür yolu olan Azərbaycan qadını filmlərimizdə necə əks olunub?
Azərbaycan filmlərində qadın
azadlığı problemi,
adətən, İslama,
şəriətə qarşı
qoyulur
Məşhur «O olmasın,
bu olsun» filmi bu sözlərlə
başlayır: «Bütün
Şərqdə olduğu
kimi, bu şəhərdə də
qadının heç
bir hüququ yox idi...» Təbii ki,
şəriətin xurafat
tərəfinin gətirdiyi
bəlalar kontekstində
filmin müəllifləri
ilə razılaşmaq
olar. Rüstəm
bəy də həmin «xurafat şəraitində» öz
əməllərini həyata
keçirmək üçün
əlverişli imkan tapa bilir. Belə
demək mümkünsə,
qızını satır!
Ancaq unutmaq olmaz ki, bu,
həm də xarakterdir. Filmdə qulluqçu Sənəm obrazı da kifayət qədər faciəlidir. Rüstəm
bəyin həyat yoldaşı yoxdur. Hər ikisi - Rüstəm bəy və Sənəm duldur. Ancaq Rüstəm
bəy Sənəmlə
ailə həyatı qura bilmir. Ona
görə ki, feodalizmdə siniflər arasındakı sədd buna imkan vermir.
Bu sədd və qadın mövzusu «Arşın mal alan» filmində
daha da dərindən
işlənib. Xatırlayın:
«O, qızını arşınmalçı
Əsgərə verməz,
tacir Əsgərə
verər». Halbuki, Gülçöhrə tacir
Əsgəri sevir. Bəs, bu oyun
nə üstündə
qurulur; qızı görmək üçün!
Bir oyun sonda 4 nəfərin izdivacına gətirib çıxarır. Qəribədir
ki, hər kəs (Əsgər, Süleyman, Sultan bəy və nökər Vəli) ilk gördükləri qadınlara (Gülçöhrə,
Asya, Xala və Telli) vurulurlar. Bununla filmdə komik situasiya yaranır.
Əksər filmlərimizdə qadın
sadəcə kişinin
kölgəsidir
Azərbaycan kinematoqrafiyasında qadınlar
daha çox ikinci plana layiq
görülüblər və
qalıblar ssenaristin insafına. Milli kinomuzun qadın obrazları deyəndə,
ilk növbədə yada Cəbiş müəllimin arvadı, diribaş Şəfiqə
düşür. Düzdür,
Cəbiş müəllimin
Şəfiqəsi təmiz
azərbaycanlı deyil,
italyan neorealizmi Anna Manyaninin təsiri altında onda həm italyan,
həm də azəri xarakteri var. Amma burada da rejissor və aktrisa ustalıq göstəriblər. Şəfiqə
obrazını, həyatı
məişətlə vuruşda
keçən həm ərinin, həm özünün yerinə
işləyən «ancaq
ailəm və bir də ailəm!»
ideyasını özü
üçün ideologiyaya
çevirən Azərbaycan
qadını kimi «tərbiyə ediblər».
Filmlərimizdə qadınlar
müstəqil deyil və kişi
qəhrəmanın müsbət
keyfiyyətlərini qabartmaq
üçündür. Qadın sadəcə ailənin bir üzvü, kişinin arvadıdır. Qəhrəman
cavan oğlandırsa,
onu sevən bir qız olmalıdır.
Sanki filmin müəllifləri qeyri-şüuri
qatda yaratdıqlarının
səthi olduğunu bilirlər, onu belə priyomlarla canlandırmağa, dərinləşdirməyə
çalışırlar. Nümunə:
«Uzun ömrün akkordları» filmi. Filmdə dahi bəstəkarın həyat
yoldaşı Məleykə
Terequlovaya müəllif
tamam epizodik və hətta əhəmiyyətsiz yer ayırıb. Filmin bir-iki yerində bəstəkarın qoluna girmiş halda peyda olan Məleykə
xanım gözəl kuklaya bənzəyir. Xarakterik rollar ifaçısı Həmidə
Ömərova bu obrazda tamamilə fəaliyyətsizdir. «Bəyin
oğurlanması» filmində
öz çəkingənliyi,
bütün dünyadan
gizlətdiyi sirri, kədərli gözləri
ilə Həsənin anası (Lətifə Əliyeva) daha maraqlı, yaddaqalan qadındır, nəinki Məleykə xanım Terequlova...
Yalnız «Tütək səsi»ndə «tamaşaçıların
etirazı nəzərə
alınmadan» Sayalının
hüququ ona verilir
Filmlərimizdə bəzən epizodik, heç kəsin diqqətini çəkməyən
elə qadın obrazları var ki, adi bir
jesti, adi bir sözü, adi bir hərəkəti
ilə milli qadın psixologiyasının
açılmasına nail olur,
adamı heyrətə
salır. «Tütək
səsi» filmində İsfəndiyar kişinin
gəlinini xatırlayın.
Əsərdən fərqli
olaraq filmdə bu obrazın o qədər də ciddi mövqeyi
yoxdur. Ancaq onun kolxoz sədri,
cəbhədə ölən
«dostunun arvadına göz dikən» Cəbrayıla dediyi sözlər tamaşaçının
iç dünyasını
alt-üst edir. Məlum olduğu kimi, Cəbrayıl dostunun arvadı Sayalını da götürüb ağsaqqal
İsfəndiyarın evinə
gəlir ki, evlənmələri üçün
onlara kömək etsin, kənd camaatını yola gətirsin. Bu zaman İsfəndiyarın
əri cəbhəyə
getmiş gəlini çıxır və onları qapıdan qovur.
İdeologiyanın güclü dövrlərində
filmlərimizdə yalançı
obrazlar peyda olub
Ancaq bu obrazlarda da
Azərbaycan qadınına
məxsus bəzi cizgilərə rast gəlmək mümkündür. «Almaz»,
«Görüş», «Ulduz»
bu tip filmlərdəndir.
«Almaz»da yeni düşüncəli
azad qadının üzləşdiyi problemlər
qabardılır. Sadəcə,
o dövrdə, hətta indi də istənilən Azərbaycan kəndində
atası məlum olmayan uşağa «mənimdir» söyləmək
təbii etiraz doğuracaqdır. Böyük
mütəfəkkir C.Cabbarlının
əsəri əsasında
çəkilən bu
filmdə incə bir fənd işlətmək
lazım idi: birmənalı şəkildə
Almazın tərəfində
dayanmamaq! Yəni bəzi qənaətləri
tamaşaçının ixtiyarına
buraxmaq. Ancaq müəlliflər Almazı
hamıdan ağıllı
hesab edir, kənddəki əksər
şəxsləri savadsız,
hətta normal əxlaqa malik olmayan insanlar kimi təqdim edirlər.
«Böyük dayaq» filmində hadisələr
nisbətən dramatikdir. Ancaq burada
da Mayanın kənddə özünü
«azad sovet qadını» kimi aparması tamaşaçıda
ən yaxşı halda ikrah doğurur.
Təsəvvür edə bilmirəm
ki, hansısa kəndə gəlin gələn gözəl bir xanım kolxozun mühasibinin atının tərkinə
minib yaylağa qalxsın. Mayanın azadlığında bir şitlik, bir sünilik var. Adam inanmaq istəyir ki, aktrisa partiyanın
xüsusi tapşırığı
ilə belə bir qadın obrazı yaradıb.
Təbii ki, istisnalar da var. Məsələn «Təhminə»də Təhminə, «Sahilsiz gecə»də Zibeydə kimi. Amma bu personajlar da həyatlarına tamaşaçı
qarşısında bəraət
qazandırmağa, özlərini
müdafiə etməyə
çalışırlar. Sanki «Bizə yazığınız
gəlsin. Biz belə yaşadığımız
üçün təəssüf
edirik, amma əlimizdən heç nə gəlmir», deyə qışqırırlar,
təhtəlşüurda günahkar
olduqlarını etiraf
edirlər və özlərini cəzalandırırlar.
Qadınların əzilməsini, fiziki və mənəvi şəkildə məhv edilməsini əks etirən filmlərimiz daha inandırıcıdır. Bu qəbildən
«Qaraca qız» (Tutu), «Yeddi oğul istərəm» (Humay), «Bir cənub şəhərində» (Muradın
bacısı), «Ölsəm,
bağışla» (Gülya),
«Dəli Kür» (Mələk, Şahnigar),
«Nəsimi» (Fatimə,
Şəms), «Otel otağı» (Kərimin qadını və qızı) və s. filmləri göstərmək
olar.
Fehruz Şamıyev
Mədəniyyət.- 2010.- 5 mart.- S. 10.