Azərbaycan ekoturizmi çox gözəl model ola bilər

 

Ruslan Quliyev: «Turistlərin ölkəmizə cəlb olunması məqsədilə bir neçə layihə həyata keçiririk»

 

Turizm şirkətinin ən ümdə vəzifəsi turizm məhsulunu bazarda realizə etməkdir. Dünyanın inkişaf etmiş əksər ölkələrinin təcrübəsi də göstərir ki, heç bir turizm obyekti öz məhsulunu turizm şirkətlərinin köməyi olmadan tanıtdıra bilmir. Bəs Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında 190-dan çox turizm şirkətinin fəaliyyət göstərdiyi Azərbaycanda vəziyyət necədir? Ölkəmizdəki hotellər və istirahət mərkəzləri bu şirkətlərin xidmətindən yararlana bilirmi? Bizi maraqlandıran bu və digər sualları müsahibimiz, «Millennium Tourism & Congress DMC»nin və «Skal-İnternational»ın Bakı təşkilatının rəhbəri Ruslan Quliyev cavablandırır:

 

- Şirkətimiz 4 ildir fəaliyyət göstərir. Mən özüm isə 15 ildir turizm sahəsində çalışıram. Gənc olmasına baxmayaraq, əksər əməkdaşlarımız ixtisaslı mütəxəssislərdir. «Millennium Tourism & Congress DMC» həm daxili, həm də xarici turizm fəaliyyəti ilə məşğuldur. Xarici turizm fəaliyyətində istirahət və müalicə turlarının təşkil olunması və bunun da altında müxtəlif biznes səfərlərinin və konqreslərin təşkili həyata keçirilir. İlk illərdə yalnız xarici turizm fəaliyyəti ilə məşğul olsaq da, hazırda daxili, yəni gəlmə turizmə daha çox önəm veririk. Çünki bu, Azərbaycanda prioritet təşkil edən bir məsələdir.

- Ölkəmizə gələn turistlərə əsasən hansı marşrutları təklif edirsiniz?

- Turistlərin ölkəmizə cəlb olunması məqsədilə bir neçə layihə həyata keçiririk. Bunlardan biri cənub regionuna, konkret olaraq, Lerik rayonuna «Uzunömürlülər marşrutu»nun təşkil olunmasıdır. Bu marşrutun müəllifi bizim şirkətdir. Lerikdə fransız fotoqraf Fredrik Leşopun yaratdığı muzey var. Fotoqraf bir ay Lerikdə yaşayıb və bu müddət ərzində Lerikdə yaşayan yaşlı insanların fotolarını çəkib. Bu fotoşəkillər həmin muzeydə toplanıb. İndi insanları hansısa dəbdəbəli hotellə cəlb etmək çətindir. Bu rayonda yüzdən artıq insanın yaşı bir əsrdən çoxdur, 500-ə yaxın insanın yaşı isə 90-la 100 arasındadır. Turistlər biləndə ki, getdikləri yerdə bu qədər yaşı olan insanlarla tanış olacaqlar, onlarla görüşəcəklər, bu, onları daha çox maraqlandırır. Bundan əlavə, qərb zonasına, əsasən Göygöl və Şəmkir rayonlarındakı alman məskənlərinə intensiv turlar təşkil edirik. Bununla bağlı Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə GTZ-nin layihəsi də oldu. «Skal İnternational»ın Almaniya təşkilatının xətti ilə buraya alman turistlərin cəlb olunması nəzərdə tutulur. «İpək yolu» layihəsində də iştirak edirik. Hazırda bu layihə çərçivəsində möhtəşəm bir tur hazırlanır. Bu, 24 günlük İpək yolu turudur. Tur İstanbuldan başlanır. Sonra Gürcüstan-Azərbaycan-İran-Türkmənistan-Özbəkistan-Çin-İstanbul marşrutları üzrə davam edir. Biz layihənin ayrı-ayrı kiçik marşrutları, məsələn, Türkiyə-Gürcüstan-Azərbaycan və Gürcüstan-Azərbaycan-İran üzrə turlar həyata keçiririk. Layihənin əsas məqsədi bu ölkələrin turizm əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Ötən il bölgələrə bir sıra info-tanıtım turları keçirildi. Məsələn, Qəbələ, Qax, Şəki, Quba, Nabran istiqamətində, eyni zamanda Lənkəran, Astara, Lerik istiqamətlərində turizm şirkətlərindən və media nümayəndələrindən ibarət bir heyətlə «Gəlin, Azərbaycanı birgə gəzək!» şüarı altında silsilə turlar təşkil edildi. Bu turların keçirilməsində məqsəd bu regionların turizm potensialının tanıtdırılması, bu rayonlarda fəaliyyət göstərən istirahət mərkəzləri ilə turizm şirkətlərinin münasibətlərinin tənzimlənməsi, bu mərkəzlərin şirkətlərin reklam paketində yer alması və onların şirkətlər səviyyəsində dünya miqyasında xarici turistlərə təqdim olunması idi.

- Ölkəmizdə turizm sahəsinin hazırkı inkişaf səviyyəsi bir turizm mütəxəssisi kimi sizi qane edirmi?

- Azərbaycanda turizm sahəsi 2001-ci ildən etibarən - turizm nazirliyi rəsmən təsdiq edildiyi vaxtdan inkişaf yoluna qədəm qoydu. Sadəcə, bu inkişafa fərqli yanaşmaq lazımdır. Yəni ilk vaxtlar nəyimiz vardı, bu gün nələrə nail olmuşuq. Bəzən özümüzə haqsız olaraq tənqidi yanaşırıq. Fransanın, İspaniyanın 60 ildə və ya Türkiyənin 30-40 ildə keçdiyi yolu biz 7 ildə Azərbaycanda getmək istəyirik. Bu isə mümkün deyil.

Bizdə indi əsas problem kadr çatışmazlığıdır. Turizm sektorunun 90 faizini insan faktoru təşkil edir. Bu baxımdan dörd il əvvəl Azərbaycan Turizm İnstitutunun yaradılması yaxşı haldır. Hazırda mən də öz təşəbbüsümlə bu institutda dərs keçirəm. İlk illərdə 60-a yaxın mehmanxana və mehmanxana tipli obyekt vardısa, indi bu rəqəm 277-dir. Həmçinin 190 turizm şirkəti Mədəniyyət və Turizm Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir, hansı ki, ilk vaxtlar ölkədə cəmi 30-a yaxın turizm şirkəti vardı. İl ərzində Azərbaycan iki beynəlxalq turizm sərgisində təmsil olunurdusa, indi 20-dən çox sərgiyə, konfransa, seminara qatılırıq. Bütün bunların hamısı yüksək sürətli inkişafdan xəbər verir. Mədəniyyət və Turizm Nazirliyinin turizm sahəsinə göstərdiyi diqqət bizi qane edir. Bu gün Azərbaycan turizmində baş verən hər hansı əlamətdar hadisə birbaşa turizm sektorunun adınadır. Buna görə də özəl sektorla dövlət sektorunun, əyalətlərdə kənd icmalarının, onların turizmlə məşğul olan təbəqəsinin əlaqələrini daha da inkişaf etdirmək lazımdır, turizm maarifləndirilməsi işi daha da gücləndirilməlidir. Bu istiqamətdə Bakıda və bölgələrdə regional, beynəlxalq və lokal səviyyəli silsilə seminar və treninqlər keçirmişik. Turizm ona görə unikal sahədir ki, kənd təsərrüfatının 32 bölməsi ilə əlaqəlidir. Bu sahənin inkişafı kənddən şəhərə olan axının qarşısının alınması, iş yerlərinin sayının artması, ölkəyə investisiya axını deməkdir. Azərbaycana hər gələn turistə hava limanından başlayaraq, hotelə yerləşdirilənədək, 8 vətəndaş xidmət edir. O, bir həftə ərzində 800-1000 dollar pul xərcləyir. Əgər biz ölkəmizə turist axınını təmin edə bilsək, bölgələrdə turizmin önəmi artar. Təbii ki, bu da bizim üçün bir prioritetdir. Turizmin inkişafı eyni zamanda ölüb getməkdə olan xalq tətbiqi sənətinin yenidən dirçəlməsi deməkdir.

- Qeyd etdiniz ki, uzun illərdir həm xarici, həm də daxili turizm ilə məşğul olursunuz. Ötən illərdən fərqli olaraq, bu gün xarici turistlərin ölkəmizə marağının artdığını demək olarmı?

- Əlbəttə, on il əvvəlki maraqla indiki bir deyil. Burada Mədəniyyət və Turizm Nazirliyinin rolunu xüsusilə qeyd etmək lazımdır. Müxtəlif beynəlxalq sərgilərdə ölkəmizin turizm potensialını əks etdirən reklam-çap məhsullarının yayılması, CNN, «Euronews» və başqa kanallarda reklam çarxlarının nümayişi, əksər seminar və konfranslarda iştirak və s. artıq öz sözünü deyir. Bütün sərgilərdə turizm potensialımızla yanaşı, mədəniyyətimiz, mətbəximiz də geniş təbliğ olunur. Novruz bayramı ərəfəsində Almaniyada və Moskvada keçiriləcək sərgilərdə böyük bir Novruz süfrəsi hazırlamağı düşünürük. Bütün bunların hamısı Azərbaycanın dünyada yeni bir turizm istiqaməti kimi tanınmasına xidmət edir. Bu gün Azərbaycan MDB və Avropa məkanında ekoturizmin çox gözəl bir modeli ola bilər.

- Turizm sektorunda çalışan insanları daha çox hansı problemlər narahat edir?

- Təbii ki, problemlərdən də xali deyilik. Kadr çatışmazlığı var. Hotellərin qiymətləri ilə onların servis səviyyəsi tərs-mütənasibdir. Qiymətləri dünya standartlarına uyğunlaşdırırıq, amma keyfiyyət baxımından bunu etmirik. Yəqin ki, istirahət mərkəzlərinin sayının çoxalması rəqabət yaradacaq, bu da problemin həllinə gətirib çıxaracaq. Turizm şirkəti turizm məhsulunu bazarda hərəkət etdirir, reklam edir. Dünya təcrübəsi onu göstərir ki, hotellər öz məhsullarını satmırlar. Onların bəlli bir operatoru olur və bütün satış hüququnu da həmin təşkilata verir. Bizdə də bu praktika formalaşacaq. Əvvəllər hotellərlə daha çox problemimiz yaranırdı. Məsələn, biz burdan hoteli bron edirdik. Başqa bir turist yaxşı pul verən kimi həmin yeri verirdilər ona. Bazarda bəlli bir qiymət olmalıdır, turizm şirkətinin qiyməti ilə hotelin satış qiyməti fərqlənməməlidir. Əksinə, hotelin qiyməti yüksək olmalıdır ki, insanlar yeri turizm şirkətindən alsınlar. 2009-cu ildə Azərbaycan Turizm Şirkətləri Assosiasiyası yaradıldı. Bu qurum dövlət sektoru ilə özəl sektor arasında koordinasiya rolunu oynayacaq və istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərəcək.

- Siz eyni zamanda «Skal İnternational»ın Bakı təşkilatının rəhbərisiniz. Bu qurumun fəaliyyəti Azərbaycan turizminə hansı töhfələri verə bilər?

- Bu təşkilat turizm və səyahətlər üzrə peşəkarların toplaşdığı bir qurumdur. 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılan təşkilat bütün turizm və səyahət sektorlarını əhatə edir. Hazırda qurumun 90 ölkəni təmsil edən 20 min üzvü var. Turizm üzrə peşəkarların beynəlxalq şəbəkəsi olan «Skal İnternational» keyfiyyətin yüksəldilməsini və peşəkarlar arasında əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub. Yarandığı qısa müddət ərzində «Skal İnternational»ın Bakı təşkilatı da artıq önəmli layihələrə imza atıb. Bu günlərdə Türkiyə skalçıları ilə yazılı sövdələşmə imzaladıq. Bu sövdələşməyə əsasən 2010-cu ildə 50-dən çox tələbə təmənnasız olaraq Türkiyə Respublikasının Bodrum, Antalya, İstanbul, Mərmərə və başqa şəhərlərində təcrübə keçəcəklər. Bu, Azərbaycanda turizm sahəsində çalışacaq ixtisaslı mütəxəssislərin yetişdirilməsi yönündə atılan yeni bir addımdır. 

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2010.- 5 mart.- S. 7.