Siyasi iradə və qadın zərifliyi
Bahar Muradova:
«Siyasət ağıl, bilik və
daxili güc tələb edən bir işdir»
Müasir Azərbaycan qadını
iki böyük sivilizasiyanın məhsuludur. Mənəvi kökləri ilə Şərq mədəniyyətinə
bağlı olan Azərbaycan qadını intellektual cəhətdən
Avropa mədəniyyətinə yiyələnmiş və cəmiyyətin
bir çox sahələrində özünəməxsus məqama
sahib olub. Bu gün də respublikamızda kifayət
qədər bacarıqlı və istedadlı qadınlar var.
Çağdaş Azərbaycan qadını ana olmaqla
yanaşı, həm də bacarıqlı siyasətçi,
uğurlu iş adamı, səriştəli məmur, millət
vəkili, hərbiçi və rabitəçidir. 8 Mart - Beynəlxalq
Qadınlar Günü ərəfəsində Azərbaycanın
ən tanınmış xanım siyasətçilərindən
biri, Milli Məclisin vitse-spikeri Bahar Muradova ilə həmsöhbət
olduq.
- Bahar xanım, Azərbaycan
qadınının rolu cəmiyyətdə həmişə
aparıcı olub. Sizcə, bu gün
qadınlarımıza göstərilən qayğı və
diqqət yetərincədirmi və qadınlarımız bu
imkanlardan yararlana bilirlərmi?
- Qadınlarımızın
cəmiyyətdə öz imkanlarını reallaşdıra bilmələri
üçün dövlət vacib olan bütün
addımları atıb. Dövlət bütün vətəndaşlar
üçün bərabər şərait yaratmalıdır
və buna da qanunlar imkan verməlidir. Qanunların nəzərdə
tutduğu tədbirləri həyata keçirmək
üçün mövcud şərait olmalıdır. Azərbaycan
dövləti bütün bunların təminatçısıdır
və parlamentimiz tərəfindən də kifayət sayda
qanunlar qəbul olunub ki, bu qanunlar bizim ali qanunumuz olan
konstitusiyaya əsaslanır. Orda qadınlar üçün nəzərdə
tutulan hüquqların reallaşmasının çərçivəsini
müəyyənləşdirir. Bu çərçivə
daxilində fəal şəkildə hərəkətə
ehtiyac var.
Qeyd edim ki, bir
qisim qadınların aktiv olmamalarının müxtəlif səbəbləri
var. Bu səbəblərdən biri onların özlərinin
ictimai-siyasi həyatdakı fəaliyyətə kişilər
qədər maraq göstərməməsidir. Bəzi
qadınlar özlərinə inanmır və hesab edirlər
ki, kiminsə dəstəyi olmadan uğur qazana bilməzlər.
Buna səbəb uzun illər bütün cəmiyyətlərdə
olduğu kimi, Azərbaycanda da kişilərin üstün rola
və həlledici qərar vermə imkanlarına malik
olmasıdır. Amma Azərbaycan müstəqillik əldə
etdikdən sonra qısa müddət ərzində qazanılan
təcrübə bütün bu amilləri bir qədər
arxa plana atmaq üçün qadınlara çox
böyük imkanlar verdi.
- Nə etmək
lazımdır ki, qadınlarımız özlərinə
inana, güvənə bilsinlər?
- Bu inamı bir günün
içərisində hamıya təlqin etmək mümkün
deyil. Bu, uzun vaxt tələb edən prosesdir. Mən
düşünmürəm ki, qadınların cəmiyyətdəki
fəaliyyətinə onların yalnız siyasi və yaxud da
ictimai həyatda iştirak faizinə görə qiymət vermək
lazımdır. Hər bir dövlətin, millətin
qarşısında hər bir insan üçün inkişaf
etməkdə olan mühit yaratmaq vəzifəsi dayanır. Cəmiyyət də qarşısına gələcək
üçün məqsədlər qoyub, bu hədəfləri
reallaşdırmaq üçün gənc nəslin
formalaşması, yetişməsi, mütəxəssislərin
meydana gəlməsi və müasir dövrün nəbzini tuta
bilən, onun tələblərinə cavab verən
kadrların yetişməsi prosesini keçməlidir. Azərbaycan
bu prosesi çox uğurla keçir və bu prosesdə daha
çox iştirakçılar qadınlardır. Elm, təhsil,
səhiyyə və ümumən bütün sosial sferada
qadınlar daha çox yer tutur. Mən özlüyümdə
bunu cəmiyyətə və dövlətə daha
böyük xidmət kimi qiymətləndirirəm. Millətin
gələcəyi həm cəmiyyətdə, həm də
ailədə daha çox qadınların təsiri altında
formalaşır. Ona görə də bizim
qazandığımız ümumi nailiyyətlərin içərisində
qadınların payı daha çoxdur.
- Milli Məclisdə
necə, hər hansı qanunun müzakirəsində və ya
qəbulunda qadın deputatlarımız nə dərəcədə
fəallıq nümayiş etdirə bilirlər?
- Milli Məclisdə
qadın deputatlarımızın sayının 14 nəfər
olmasına baxmayaraq, çox fəaldırlar. Bu, getdikcə artan bir
şəkildə özünü göstərməkdədir.
Qadınlar ən ciddi problemlərə nəinki münasibət
bildirirlər, bunun məsuliyyətini çəkməyə
hazırdırlar və hətta bunun nümunəsini də
göstərirlər. Bizim qadınlar yalnız sosial sferaya,
humanitar sahəyə, mədəniyyətə aid olan məsələlərə
münasibət bildirmirlər. Dövlətin taleyüklü məsələlərində
öz mövqelərini kifayət qədər səriştəli
formada ortaya qoyurlar. Təkcə ölkə daxilində deyil,
ölkədən kənarda da qadınlarımız çox
ciddi fəaliyyət göstərirlər. Bu gün Azərbaycan
qadınının, xüsusən millət vəkillərinin ən
müxtəlif səviyyələrdə səsləri
eşidilməkdədir. Bir məqamı xüsusi olaraq
vurğulamaq istərdim ki, qadınlarımızın mütləq
əksəriyyəti artıq buna diqqət yetirməyə
başlayıblar. Deməli, siyasətlə məşğul
olmaq mümkündür.
- Siyasətdən söz
düşmüşkən, bu gün cəmiyyətdə
öndə gedən qadınlardansınız. Adətən,
qadınlara zərif məxluq deyirlər. «Siyasi yük və
qadın zərifliyi» - Bahar xanım bunun öhdəsindən
necə gəlir, bu yükü öz çiyinlərində
çəkməyə qadın zərifliyi mane olmur ki?
- Mən siyasətdən
danışanda adətən qadın-kişi fərqinin
qoyulmasının hər zaman əleyhinə olmuşam. Siyasət
birmənalı olaraq ağıl, bilik, savad, mənəviyyat,
səriştə, daxili güc, iradə, bütün mənəvi
keyfiyyətlər tələb edən bir işdir. Siyasət
ağırlıqqaldırma deyil ki, burda fiziki güc tələb
edilsin. Burada məhz dediyim parametrlər tələb
olunduğuna görə istər qadınlar, istərsə də
kişilər fəaliyyət göstərə bilərlər.
Bunun üçün yalnız iradə, istək və cəsarət
tələb olunur. Qadınların zərifliyinə gəlincə,
bu, zahirən belədir. Amma ailə, cəmiyyət
qarşısında öz borcunu yerinə yetirmək
baxımından qadınlar daha güclü və
dözümlüdürlər. Qadınların zərifliyi
heç də onalara əngəl yaratmır. Cəmiyyətdə
hansısa problem və kataklizmlər yaranan məqamlarda da, ən
ağır yükü qadınlar çəkməli olur. Bu
gün Azərbaycan qadını evindən-eşiyindən didərgin
düşmüş bir şəkildə öz
övladlarını istədiyi səviyyədə sağlam,
savadlı, firavan böyütmək imkanından məhrumdur.
Bununla belə qadın dözüm və dəyanət
göstərir və vətənpərvər ruhda övladlar
böyüdür. Ona görə də
qadınlara «zəif», «zərif» deyib onları bir kənara
qoymaq yox, sadəcə bu zərifliyn, zəifliyin arxasında nə
qədər böyük bir gücün və bu gücə
hesablanmış məsuliyyətin dayandığını qəbul
etmək lazımdır.
- Qarşıdan 8 Mart - Beynəlxalq
Qadınlar Günü gəlir. Yəqini ki, bu bayramı
deputat xanımlar digər qadınlardan fərqli qeyd edirlər...
- Keçirdiyimiz hisslərə
görə adi qadınlardan yəqin ki, o qədər də fərqlənmirik.
Kim olursansa ol, həmin gün hər kəs
özünü qadın kimi hiss edir. Gözəl
görünməyə çalışır, yaxşı əhval-ruhiyyədə
olmaq istəyir. Ən əvvəl yaxınları,
övladları, həyat yoldaşı tərəfindən
diqqət gözləyir. Bu diqqət ən müxtəlif
şəkildə ola bilər. Onu əhatə edən
mühitdə onunla bir yerdə işləyən insanların
təbrikini eşitmək istəyir. Həmin gün bir növ
təkcə qadınların bayramı olmur, kişilər bizdən
daha çox bayram edirlər. Şəxsən mənim qənaətim
belədir ki, insan təkcə özünü qane etmək,
sevindirmək üçün çalışmır. Eyni
zamanda qarşı tərəfdəkinə, onu əhatə edən
insanlara diqqət və qayğı göstərəndə
daha çox sevinir. Ona görə də bizim
bayramımızdırsa, bizi sevindirən, bizi təbrik edən
kişilər bizdən daha çox sevinirlər.
Çünki sevdiyin insanı sevindirmək özü
çox gözəl bir işdir və bu bayram bizim
hamımızın bayramıdır. Həmin gün
üçün xüsusi tədbirlər
düşünmürəm. Çünki artıq neçə
ildir ki, həmin gün və həmin günə qədər
olan ərəfədə çoxlu tədbirlərdə
iştirak edirəm. Həm sevincimi qadınlarla
bölüşürəm, həm də onların sevincinə
şərik oluram. Evdar qadınlardan fərqimiz odur ki, bu
bayramın sevincini daha çox insanlarla bölüşə
bilirik.
- Sirr deyil ki, siz təmsil
olunduğunuz vəzifəyə qədər uzun bir yol
keçmisiniz. Bu gün keçdiyiniz həyat yolunuzla,
bu yolda nümayiş etdirdiyiniz əzmkarlığa görə
çoxlarına örnək ola bilərsiniz.
Qadınlarımıza nələri arzu edərdiniz, onların
bu bayramı hansı tərzdə qarşılamalarını
istərdiniz?
- Doğrudan da, mən bu vəzifəni
tutana qədər çox çətinliklərdən
keçmişəm.
Amma bu, təkcə
mənim gücüm və fəaliyyətimlə olmayıb.
Bu yolda mənə qadınlarla bərabər, kişilər də
dəstək olub. Mənim bəxtim onda gətirib ki, ilk
günlərdən Heydər Əliyevin rəhbəri
olduğu Yeni Azərbaycan Partiyasının sıralarında
olmuşam. Bütün qərarları o zaman ümummilli
liderimiz Heydər Əliyev qəbul edib. Partiyanın ilk təşkilatından
tutmuş idarə heyətinə qədər mənimlə
birlikdə gedən kişilərdən hər zaman dəstək,
qayğı görmüşəm. Ona görə də
qazanılan uğurlar fərd olaraq mənim adıma yazıla
bilər, amma bütövlükdə bu, bizim cəmiyyətimizin
uğurudur.
Bu həm də ölkə prezidenti tərəfindən yeridilən siyasətin, üzvü olduğum YAP-ın qadın amilinə çox böyük önəm verməsinin nəticəsidir.
Belə bir gündə
onların hər birinə təşəkkürümü
bildirir, ümumilli liderimizin xatirəsini çox böyük
ehtiramla yada salıram. İlham Əliyev cənablarına,
məhz bu siyasəti davam etdirərək Azərbaycan
qadınının cəmiyyət həyatında çox
böyük yer tutması üçün atdığı
addımlara görə, qadınların adından təşəkkürümü
bildirirəm.
Bir məqamı
da diqqətə çəkim ki, təkcə prezidentimizin
yeritdiyi siyasət və qanunlarımızın
yaratdığı şərait deyil, həm də qadın
örnəklərimiz, xüsusilə birinci xanımın
bütün dünya tərəfindən diqqəti cəlb edən
fəaliyyəti hər birimizi məsuliyyətə səsləyir. Hər kəs bu fəaliyyətə
baxaraq öz işini günün tələbləri səviyyəsində
qurmaq istəyir. Mənim arzum odur ki, Azərbaycan
qadınları bu mühitdən maksimum istifadə etsinlər.
Qadınlarımız onsuz da qabiliyyətlidirlər, sadəcə
özlərinə inansınlar. Mən bir daha
qadınlarımızın bayramını təbrik edirəm.
Arzu edirəm ki, onlar hər zaman fədakarcasına sevdikləri
insanlar tərəfindən yüksək məhəbbətlə
sevilsinlər. Bir də heç zaman cəmiyyət həyatında
məsuliyyət daşıyan vətəndaş
olduqlarını unutmasınlar.
Mehparə
Mədəniyyət.- 2010.- 5 mart.- S. 4.