Xalq yaradıcılığı
paytaxtları layihəsi
yüksək dəyərləndirilir
Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-maddi
mədəni irsinin qorunması, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində
aparılan islahatların
davamı olaraq Mədəniyyət və
Turizim Nazirliyi tərəfindən yeni bir layihənin həyata keçirilməsinə
başlanılıb. Layihə çərçivəsində
“2010-2014-cü illər üçün
xalq yaradıcılığı
paytaxtları” proqramına
əsasən, Gəncə
Azərbaycanın əfsanələr
paytaxtı, Qazax folklor paytaxtı və Şəki sənətkarlıq paytaxtı
elan edilib.
Bununla əlaqədar
2010-cu il ərzində
nominasiya üzrə Gəncədə milli mərasim, adət-ənənələr,
şifahi xalq yaradıcılığı və
milli oyunlar, Qazaxda xalq musiqisi,
rəqsləri və teatrı, Şəki şəhərində isə
xalq tətbiqi sənəti, ənənəvi
dekorativ sənəti və milli təsviri
sənət ənənələri
ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Məlumdur ki, belə bir
layihənin reallaşdırılması
eyni zamanda həmin regionların turizm potensialının tanıtdırılmasına da
xidmət edəcək. Azərbaycan
Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının
müdiri, dosent Bahadur Bilalovun fikrincə, Azərbaycan şəhərlərinin müxtəlif
istiqamətlər üzrə
paytaxt elan olunması vaxtında atılmış addımdır:
«Fikrimcə, layihənin
həyata keçirilməsi
ilə bu bölgələrə nəinki
daxili, eyni zamanda xarici turistlərin də marağı artacaq. Şəhərlər də
inkişaf istiqamətinə
uyğun seçilib. Qazağın adı gələndə
aşıqlar məkanı,
«Dəli Kür» filmindəki Novruz bayramı ənənəsi,
o bölgənin özünəməxsus toy
mərasimləri göz
önünə gəlir.
Şəki ta qədimdən sənətkarlıq
mərkəzi kimi formalaşıb. Bu günə qədər də Şəki sənətkarları müxtəlif
sənət nümunələrini
qoruyub saxlaya bilib. Bu şəhərdə
yaradılan sənətkarlıq
şəbəkəsinə dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Şəkidə hazırlanan
kəlağayılar hələ
orta əsrlərdən
bütün Avropa məkanında məşhur
idi. Bütün bunları nəzərə
aldıqda, düşünürəm
ki, sənətkarlıq
paytaxtı elan edildikdən sonra Şəki xarici turistlər üçün
yeni turizm marşrutuna çevriləcək.
Eyni fikirləri Gəncə haqqında da söyləmək olar. Bu şəhərin
yaranması əfsanələrlə
bağlıdır. Mən
bir turizm mütəxəssisi kimi deyə bilərəm ki, son vaxtlar
Azərbaycanın ikinci
böyük şəhəri
olan Gəncəyə
turistlərin marağı
artıb. Onları daha çox bu əfsanələr maraqlandırır».
Mütəxəssisin fikrincə, bu layihə
çərçivəsində keçirilən tədbirlər Azərbaycanın bütün regionlarına xarici turistlərin diqqətini cəlb edəcək:
«Elə
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən belə
layihələrin reallaşdırılması da bu məqsədə
xidmət edir».
AMEA-nın
Arxeologiya-Etnoqrafiya İnstitutunun
aparıcı elmi işçisi, tarixçi-etnoqraf
Fəzail Vəliyev deyir ki, Qazağın
folklor, Gəncənin
əfsanələr və
Şəkinin sənətkarlıq
mərkəzi seçilməsində
tamamilə uyarlıdır:
«Məşhur «Əsli
və Kərəm» dastanının yaranma və yayılma arealı Gəncəbasar bölgəsini əhatə
edir. Bu əfsanə Ziyadoğlularla
bağlıdır. Gəncə
bəylərbəyi Uğurlu
xan, Şahverdi xan və Cavad
xan Ziyadoğlular nəslindəndirlər. Bu
dastanla bağlı rəvayətlər, deyimlər
bu gün də dolaşmaqdadır. Qazağın folklor paytaxtı kimi dəyərləndirilməsində də həqiqət var. Bu diyarın
insanları fikir və düşüncələrini
bayatı və hikmətli sözlə ifadə edirlər. Qazaxda saz-söz sənəti çox geniş inkişaf edib. Burada musiqi
alətlərinin hazırlanması,
müxtəlif ansamblların
yaradılmasını xüsusilə
qeyd etmək istəyirəm. Bütün
bunların hamısını
küll şəklində
götürəndə, demək
olar ki, Azərbaycanın qərb bölgəsi başdan-ayağa
folklor diyarıdır.
Azərbaycan məşhur
sənətkarlıq şəhərləri
çox olub. Amma XIX əsri, XX əsrin əvvllərini və bugünkü vəziyyəti götürdükdə
Şəkinin sənətkarlıq
diyarı olması da qanunauyğundur».
F.Vəliyevin fikrincə, ümumilikdə
belə bölgü xalq yaradıcılığına
və milli-mənəvi
dəyərlərimizə qayıtmaqdır. Bu
baxımdan ekspert bu layihəni yüksək dəyərləndirdiyini
bildirdi.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 5 mart.- S. 3.