Danışır «Qobustan» radiosu...
Krım vilayətinin Sevastopol şəhərində Azərbaycan
dilində bir radio yayımlanır. “Qobustan“
adlanan bu radio on iki ildir ki,
öz efirindən milli adət-ənənələrimiz,
tanınmış ziyalılarımız,
mədəniyyətimiz, incəsənətimiz,
həmçinin erməni
terror təşkilatlarının Azərbaycanda törətdikləri
vandal aktları barədə
yerli əhaliyə ətraflı məlumatlar
verir. Radio musiqimizi
də yaddan çıxarmır, onun dalğalarından daim klassik əsərlərimiz
eşidilir. Öz proqramlarını
getdikcə zənginləşdirən
və rəngarəng
mövzulara yer verən «Qobustan»ın bugünlərdə 150-ci verilişi
dinləyicilərə təqdim
edilib.
Radionun qurucusu və redaktoru Həbib Əliyev 1988-ci il
hadisələrindən sonra
Ukraynaya getmək və orada ölkəmizin
başına gətirilən
müsibətlər haqqında
yerli camaata məlumat vermək qərarına gəlib: «Azərbaycan həqiqətlərinin
dünyaya olduğu kimi çatdırılması
üçün ana dilimizdə “Qobustan” radiosunun yaradılması çox əhəmiyyətli
idi. Çünki mən 1996-cı ildə Krıma gedəndə orada erməni dilində yayımlanan bir verilişi dinlədim.
Mənfur qonşularımız Sumqayıt hadisələrinin
fonunda Azərbaycan xalqını vəhşi
və terrorçu kimi təqdim edirdilər. Bundan sonra
mən ermənilərin
dediklərinin əksini
sübut edəcək
faktları toplayıb
radionun baş redaktoru Natalya Pavlovna ilə görüşdüm.
O, məni dinlədikdən
sonra ermənilərin
həmin verilişinin
lent yazısına yenidən
qulaq asdı. N.Pavlovna dediklərimin həqiqət
olduğunu görəndən
sonra o verilişi hazırlayan erməniləri
çağırıb, bir
də belə hal təkrarlansa, onları işdən qovacağını bildirdi.
Söhbət əsnasında mən
ondan Azərbaycan dilində veriliş açmağa kömək
etməsini xahiş etdim. Razılaşdıq. O, mənə dedi ki, siyasətin
ən böyüyü
mədəniyyətin təbliğidir.
Sən mədəniyyəti ön
plana çək.
Bununla xalqının böyüklüyünü
sübut edəcəksən.
Beləliklə, «Qobustan» radiosunun
ilk verilişi 1997-ci ilin
martın 15-də efirə
getdi».
Həbib Əliyevin dediyinə görə, ilk vaxtlar verilişləri hazırlamaq
onun üçün çox çətin olub: «Çünki Rusiyada, Ukraynada, Avropa ölkələrində
bu işlər üçün maliyyə
fondu indi də yoxdur. Halbuki, bütün xalqların diasporu və fondu var. Bizim diasporumuz var, mədəniyyətimizi təbliğ
etmək üçün
imkanlarımız var,
amma fondumuz yoxdur».
H.Əliyevin verilişləri yerli əhali tərəfindən böyük
rəğbətlə qarşılanır.
Krım vilayətində Sevastopol ermənilərin
ən çox yaşadıqları şəhərdir.
Təbii
ki, Azərbaycan dilində səsləndirilən
radio verilişləri onları
qıcıqlandırmalı idi. Elə də olur.
Ermənilər «Qobustan» radiosunun
efir vaxtının ləğv edilməsi üçün ciddi səy göstərirlər
və 1998-ci ildə buna nail olurlar. Müsahibimizin dediklərindən:
«Sevastopol şəhər merinin
milli məsələlər
üzrə müavininin
həyat yoldaşı
erməni idi. O, radionun rəhbərliyinə
zəng edib demişdi ki, guya mən öz
verilişlərimdə milli
məsələləri qızışdırıram,
islamçılığı təbliğ edirəm və s. Amma mən mədəniyyətdən
ayrı heç bir söhbətə yer verməmişdim. Ona görə də ruhdan düşmədim.
Böyük çətinliklə teleradionun direktoru, Ukraynanın əməkdar
jurnalisti İvan Vasilyeviçlə görüşdüm.
Ona bildirdim ki, «Qobustan» radiosu Azərbaycan və Ukrayna xalqlarının bir-birini anlaması üçün bir vasitədir. Əgər efir
vaxtım bərpa edilməsə, hər iki ölkənin prezidentinə teleqram vuracam. İ.Vasilyeviç
mənə kömək
edəcəyini dedi və məsləhət gördü ki, onun ünvanına vətəndaşların adından
verilişin bağlanmasına
etiraz məktubları
gətirim. Belə də etdim.
İ.Vasilyeviç həmin məktubları
götürüb şəhər
merinin yanına getdi. Mer belə olan
halda verilişin bağlanmasının səbəbini
soruşub. Direktor da
məsələni ona
danışıb. Verilişlərin
məzmunu ilə tanış olduqdan sonra mer müavinini işdən qovdu. Bundan sonra «Qobustan»ın yayımı bərpa edildi».
O gündən
fasiləsiz olaraq fəaliyyət göstərdiklərini
bildirən H.Əliyev
deyir ki, ilk gündən qarşılarına
vəzifə kimi qoyduqları əsas məsələ tariximizi,
milli-mənəvi dəyərlərimizi,
adət-ənənələrimizi, mədəniyyətimizi, incəsənətimizi
təbliğ etmək,
ölkəmiz haqqında
reallıqları yerli
əhaliyə çatdırmaqdan
ibarətdir. «Qobustan» radiosu həm də siyasi mövzuda verilişlər
yayımlayır: «Ölkəmizin
başına gətirilmiş
müsibətlərdən, Ermənistan silahlı qüvvələrinin Azərbaycana
qarşı işğalçılıq
siyasəti yeritməsindən,
torpaqlarımızın 20 faizini
işğal etməsindən,
bunun nəticəsində
də bir milyondan artıq soydaşımızın öz
ata-baba torpaqlarından
didərgin salınmasından
da verilişlər hazırlayıb efirdə səsləndirirəm. Verilişlərimiz yerli əhali tərəfindən böyük
rəğbətlə qarşılanır.
Getdikcə daha rəngarəng
proqramlar hazırlayırıq.
Efirimiz bir qayda olaraq,
həmişə «Koroğlu»
operasının uvertürası
ilə başlanır.
Milli adət-ənənələrimiz, ziyalılarımız haqqında
məlumatlar səsləndirdikcə
yerli əhali daha ermənilərin yalanlarına inanmır, bizimlə sıx əməkdaşlıq edir».
F.ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 12 mart.
- S. 14.