Caz pıçıldayan
divarlar
Vaqif Mustafazadənin
ev-muzeyində yaşananlar
Tap-tup-tap!..
Divarlara dəyən çəkicin və dikdabanlarımın qənbər
daşlardan qopardığı
səslər.
İçərişəhərdə təmir gedir. Bu tappıltı-tıqqıltı
səsləri fonunda onun ev-muzeyinə doğru gedirəm. Bu insanat səslərinin
üzərinə əlavə
olunan təbiət sədaları - külək
vıyıltıları onun
“Bayatı-Şiraz” kompozisiyasını
pıçıldayır:
“Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam-
Tikmişəm
izim qala...”
Dar dalanlarla
irəliləyən məktəbli
qız əlindəki
dəftərdən nə
isə əzbərləyə-əzbərləyə
tələsir. Bir
neçə “köhnə
kişi” bir dalanın tinində cəmləşib söhbət
edir. İçərişəhər
həmişə məni
yalnız filmlərdə
gördüyüm köhnə
Bakıya aparır. O Bakıya ki, ordakı ab-hava çox pakdır, çox doğmadır. O qədər doğma və əziz ki, qayıdıb ömrünün qalanını
orda keçirmək istəyirsən...
“Bayatı-Şiraz”ın
son notları onun evinə çatanda bitir. Pilləkənlərlə
yuxarı qalxıram. Məni xoşsimalı, gözəl bir qadın qarşılayır.
Bu xanım - Afaq Əliyeva bu muzeyin direktorudur, yaratdığı xeyriyyə
fondunun rəhbəri,
həm də onun bibisi qızı
məni içəri
dəvət edir. Təəssüflə deyim
ki, bura ilk gəlişimdir. Yolboyu xəyalımda xəritəsini
cızdığım ev-muzeyi,
bəzi məqamları
nəzərə almasaq,
tam düşündüyüm kimidir. Köhnə piano, divardan asılmış uşaqlıq, gənclik və ailə fotoları, küncdəki
dolabça üstündə
(hər gün onun “Amerikanın səsi”ni dinlədiyi) köhnə “VEF” radioqəbuledici,
stol və stullar, balaca kreslo və divan, Asim Quliyevin yaratdığı büst
və qalvanik portret, bir də
qızı Əzizənin
divardan asılmış
portreti... “Əzizə”
portreti musiqi içərisində əriyən
qadını xatırladır.
Sanki portretdə onun üstündən caz damcıları süzülüb
keçir və o, bütünlüklə musiqiyə
qarışıb. Yenə
cazın ahəngini duyuram, bu dəfə
səslənən “Əzizə”
kompozisiyasıdır. Bu an qəzetin
görüntünü və
musiqini oxucuya çatdıra bilməməyindən
təəssüflənirəm.
Afaq xanım
muzey haqqında məlumat verir : “2005-ci il martın 16-da anadan olmasının 65-ci ildönümündə xatirə
(memorial) ev-muzeyinin açılışı
oldu. Vaqifin xatirəsini əbədiləşdirmək
fikri anasına məxsusdur, lakin Zivər xanımın ölümündən (1997) sonra
bu işləri mən həyata keçirirəm. Hazırda
ev-muzeyinə dövlət
statusu verilib.
Fundamental bərpa işləri
zamanı bu evdə onun yaşayıb-yaratdığı vaxtların üslubu, atmosferi saxlanılıb”.
Vaqifin musiqiyə
olan marağı ailədən qaynaqlanır.
Belə ki, atası hərbi həkim olmaqla yanaşı, musiqiyə böyük maraq göstərib, tarda, kamançada gözəl ifa etməyi bacarıb. Anası Zivər xanım Əliyeva dahi Üzeyir Hacıbəyovun
tələbələrindən biri, Azərbaycanın ilk qadın pianoçularındandır.
Muğamı ona anası öyrədibmiş.
1957-ci ildə A. Zeynallı
adına Musiqi məktəbinə daxil olmuş, əvvəlcə
xalq çalğı
alətləri orkestrində
pianoçu, az sonra isə pianoçu-solist kimi işləyib. Daha sonra - 1964-cü ildə Ü.Hacıbəyli adına
Azərbaycan Dövlət
Konservatoriyasına daxil
olur. Bu illərdə Vaqifdə caza çox böyük maraq yaranır və radio vasitəsilə
görkəmli improvizə
ustalarının çalğıları
ilə tanış olur. Saksafon ifaçısı Con Koltrein
və pianoçu Bill
Evans - demək olar ki, onun idealına
çevrilmişdilər. Qarşıda
onu uğurlu çıxışlar gözləyirmiş.
16 yaşında filarmoniyada
Mendelsonun fortepiano konsertinin
1-ci hissəsini müvəffəqiyyətlə
ifa edir. 1965-ci ildə Tbilisidə “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət alır. Elə həmin ildə Gürcüstan Dövlət
Filarmoniyasının nəzdində
“Qafqaz” caz triosunu yaradır.
Respublikanın Əməkdar
artisti, caz muğamının banisi, bəstəkar və pianoçu, hamıya əziz Vaqif Mustafazadə haqqında çox geniş yazmaq olar.
Divardakı misralar
- ananın oğlunun ölümünə yazdığı
şeir parçası
gözümdən yayınmır:
“...Ey məzar!
Qara torpaq,
Onu əziz saxla.
Odur gözümün
nuru!
Ey məzar, əfsus!”
Bu kədərli
sətirlərə kökləndiyimdən
yenə düşüncələrimin
dadına “Bayatı-Şiraz”
çatır:
“Anam ozan olubdur,
Dərdə dözən
olubdur.
Haqdan bağlanan
dilim
Naxış düzən
olubdur...”
Artıq vaxt idi. Muzeydəki ab-havadan ayrılıb, pilləkənlərlə aşağı
düşürəm. Divarları
caz pıçıldayan
İçərişəhərin dar dalanları ilə evə tələsirəm. İçimdəki
təəssüratı qələmlə,
klaviatura ilə jurnalistə məxsus tələskənliklə oxucularla
bölüşmək istəyirəm.
Külək isə daha da şiddətlənmişdi.
Uzaqdan dəniz və onun üzərində
bir-birini qovan dalğalar görünürdü.
Sanki dalğalar dənizi
“Düşüncələr”indən xilas etmək istəyirdi.
Yeganə CANSAİL
Mədəniyyət.-
2010.- 12 mart.- S. 13.