Sənət
sultanının izində
“Bəs mənim bir abbasım hara geeetdi?”
Həyat qəribədir.
Bəzən sultanların çata
bilmədiyi ucalığı
sadə bir sənətkar fəth edir. Necə ki, Əhməd Rumlu “O olmasın, bu olsun” filmindəki
hambal roluyla sənətinin sultanı oldu...
Ötən əsrin əvvəllərində
elə bu şəhərdə xeyli
küçələr vardı.
“Misgərpalan”, «Güzgüçülərpalan»,
“Zərgərpalan”, “Başmaqçıpalan”...
“Həmşəripalan»
adlanan məhəllədə
tacir Məhəmmədqulunun
ilk övladı dünyaya
gələndə adını
Əhməd qoydular.
Məhəmmədqulu dinə meyilli
olduğundan oğlunu
axund görmək istəyirdi. Bu arzuyla da onu
molla məktəbinə
qoyur. Molla məktəbini başa
vurduqdan sonra Əhməd mədrəsədə
təhsil alır.
Sonralar çalışqanlığı ilə yaşıdlarından
xeyli seçilən Əhmədi Nəcəf şəhərində mükəmməl
dini təhsil almağa göndərmək
istəsələr də,
Məhəmmədqulu ilk övladının
gözündən uzağa
getməsinə razılıq
vermir.
Səhnə
işıqlarının uğur
sorağı
Quranı əzbərdən
bilən, fars,
ərəb dillərinə
yaxından bələd
olan Əhməd, yeniyetməlik vaxtlarında
məlahətli səsi,
zehni, hafizəsiylə
yaşıdlarından seçilər,
məhərrəmlikdə böyük
məharətlə şəbih
deyər, qəsidələr
oxuyardı.
Bütün bunlar keçən
əsrin onuncu ilində baş verirdi.
Tezliklə bu mərasimlər
xalq teatrları ilə əvəz olunur. Əhməd yolunu Tənqid-Təbliğ
Teatrından salır.
Səhnəni sevir, ömrünü
bu sənətə bağlayır.
Eyni zamanda Sədi
Şirazini, Füzuli yaradıcılığına dərindən
bələd olan Əhməd, Rumlu təxəllüsüylə şeirlər
yazmağa başlayır.
Özünü nəsrdə də
sınayır. Teatrda çalışan
rejissorlar onun əsərlərini böyük
həvəslə tamaşaya
qoyurlar. “Səadət
uğrunda”, “Qan içində”, “Seyran”, “Yanar daş”, “Dostluq” dramları uzun müddət Gənc Tamaşaçılar
Teatrının səhnəsində
uğurla oynanılır.
O, səhnədə bir-birinə
bənzəməyən rollar
yaradırdı. “Əlvida,
Hindistan”da kahin, “Bir saatlıq xəlifə”də saray əyanlarından biri, “Hacı Qara”da Cəbi və saymaqla qurtarmayan rollar...Əhməd Rumlu dilənçi rolundan tutmuş şah roluna kimi bütün rolları ürəklə,
məharətlə oynayırdı.
Dövrünün qabaqcıl aktyorlarından
Ərəblinski, Sarabski
kimi o da Əhməd Rumlu kimi tanınır və sevilirdi.
Hambalın
sınağından 50 aktyor
keçə bilmədi
Saysız-hesabsız rollar yaratsa
da, yalnız bir rol ona
əbədilik qazandırdı.
“O olmasın, bu olsun” filmindəki sadə və klassik Hambal rolu...
Əhməd Rumlu vaxt itirmədən məşqlərə
gedir, tamaşalarda oynayır, bütöv bir ailəni saxlamaq üçün isə ticarətlə məşğul olurdu.
Belə bir vaxtda “O olmasın,
bu olsun” filmini çəkməyə
hazırlaşırdılar. Filmin rejissoru Həsən Seyidbəyli olsa da, ikinci rejissoru
Moskvadan dəvət etmişdilər. Sınaq çəkilişindən
filmdə gördüyümüz
bütün aktyorlar çıxsa da, hambal roluna aktyor
tapmırlar ki, tapmırlar. Moskvadan gəlmiş
rejissor belə qərara gəlir ki, çəkilişlər
bir müddət saxlanılsın. Bu vaxt kimsə Gənc Tamaşaçılar
Teatrında belə bir aktyor olduğunu
deyir.
Əhməd Rumlu
dəblə geyinib-keçinməyi
sevən, səliqəli
bir adam
olduğundan onu ilk dəfə rejissor görəndə çaş-baş
qalır. Baxışları ilə sanki
demək istəyir ki, bunu çəkək,
hambal roluna? Adamlar rica edir
ki, beş
dəqiqə səbir
etsin. Birazdan Əhməd Rumlu
paltarını dəyişir,
qrimlənir, əlində
rolun mətni gəlir. “Ha, Məşədi” deməyi
ilə baxıb görürlər ki, rol əsl bu
aktyor üçün
ölçülüb-biçilib.
Hambal rolu Əhməd
Rumluya uğur gətirir. Sonralar o, “Bu film yaşayan filmdi, o rol da
əsas obrazlardan biridir” - deyərdi.
Əhməd Rumlu «Bir məhəlləli iki oğlan” filmində iki rol - qapıçı
və qatarın kafesindəki satıcı
rolunu oynayıb.
Bundan əlavə, “Amfibiya adam”,
“Füzuli” filmində
də yaddaqalan obrazlar yaradıb.
Kim Rumlu
kimi olmasa...
Əhməd Rumlu yalnız
aktyor deyildi. Onun könül dünyası
olduqca zəngin idi. Beş minəcən qəzəli
bu gün də qorunub saxlanılır.
Heyranam o rəssama
ki,
çəkmiş
belə surət,
Xilqətdə sənə
oxşayan
incə əsər olmaz.
Kim Rumlu kimi olmasa,
əşardə
dara,
Peyğəmbəri-əsr olsa,
sözündə
kəsər olmaz.
Bu maraqlı, istedadlı insanla bağlı çoxlu xatirələr yaşayır.
Deyilənə görə, Əhməd
Rumlu Əliağa Vahidlə bir məhəllədə qonşu
yaşayar, dostluq edərlərmiş. Pəncərələr arasında məsafə bir metrədən çox deyilmiş. Əliağa Vahid birinci pəncərədən
keçəndə əlini
şüşəyə vurub
deyərmiş:
“Əhməd, tut”. Qəzəlin bir misrasını
deyərmiş. İkinci pəncərəyə
çatanda Əhməd
ikinci misranı qaytararmış. Bəzən saatlarla
deyişərmişlər.
Əhməd Rumlu yaddaşlarda
hambal rolu ilə qalsa da, sən demə,
əsl hambal rolu yaratmaq üçün
də böyük şəxsiyyət olmaq gərəkmiş. Sənətkar 80 illik ömründə heç vaxt yaltaqlığın, yalançılığın,
saxtalığın dadına
baxmadı. Yaşadı, yaratdı, həyatda çoxlu xatirələr,
izlər qoyub getdi.
Nəsillər dəyişəcək, hər dəfə Azərbaycan kinosunun incilərindən sayılan
“O olmasın, bu olsun” filminə baxanlar Əhməd Rumlunu yad edəcək,
sevəcək və yorulub əldən düşmüş hambalın
«Sənin 5000 manatın
cəhənnəmə, bəs
mənim bir abbasım hara geeetdi? A dədəm
qurban, a nənəm qurban...» kinayəli şivəninə
gülümsünəcək...
TƏRANƏ
Mədəniyyət.- 2010.- 12 mart.-
S. 7.