Novruz turizm məhsulu kimi
Bu bayramın dünyada tanınması üçün nə edirik?
Müasir dövrdə turistlərin dünyanın
hər hansı bölgəsinə səfərinin
əsas hərəkətverici
amillərindən biri
yerli mədəniyyətə
maraqdır. Hər il milyonlarla turistin dünyanın müxtəlif ölkələrinə
səyahət etməsinin
əsas səbəbi yerli xalqların mədəniyyəti, həyat
tərzi, özünəməxsus
adətləri, milli bayramları ilə daha yaxından tanış olmaq həvəsidir.
Azərbaycan xalqı həmişə spesifik mədəniyyəti
və adət-ənənələri
ilə dünya xalqlarından fərqlənir. Bu
xalq ləziz xörəkləri, milli geyimləri, rəqsləri,
oyunları və bayramları ilə də diqqəti cəlb edib. Bunlardan ən qədimi o dövrün
adət-ənənələrini günümüzə qədər
qoruyub saxlayan və öz orijinallığı ilə
seçiləni Novruz
bayramıdır.
Dünyanın bütün xalqlarının
öz milli bayramları var. Maraqlısı
odur ki, bəzən bu ölkələr öz bayramlarını elə bir səviyyədə təqdim edirlər ki, həmin ərəfədə ölkəyə
minlərlə turistin
gəlməsi ilə nəticələnir. Təqdim
etdiyimiz araşdırmada
Novruz bayramının
da turizm məhsulu kimi perspektivini aydınlaşdırmaq
fikrindəyik.
Hindistanda Holi, Çində
Sinmin, Amerikada Şükranlıq...
Dünyanın müxtəlif dövlətlərində
turizm əhəmiyyəti
baxımından onlarla
bayramlar mövcuddur. Hindistanda Holi
adlanan bahar bayramı keçirilir.
Təbiət oyanmağa başlarkən
insanlar yazın gəlişini qeyd edirlər. Bu, qədim ənənələrlə,
əfsanələrlə bağlıdır.
Çində Novruza oxşayan
bayrama Sinmin deyirlər. Həmin vaxt insanlar şəhər və kənd ətrafına gəzintiyə çıxır,
çərpələng uçurur,
baharın gəlişini
qeyd edirlər. Sinmində də bayramın mühüm atributlarından
biri boyanmış yumurtadır. Pasxa bayramı
da Xeyirlə Şərin mübarizəsini
simvolizə edir və bayram boyunca insanlar Xeyirin qalib gəlməsi
üçün müxtəlif
tədbirlər həyata
keçirirlər. Məqsəd isə yeni yazın
bolluq, bərəkət
gətirməsidir. Braziliyada ənənəvi
olaraq keçirilən
Samba bayramı böyük
coşqu ilə qeyd olunur. Minlərlə adam
küçələrə çıxır, kütləvi
şəkildə rəqs
edir, şənlənirlər.
Bu bayramlar bütün
dünyada məşhurdur.
Hər il
bu tədbirlər zamanı dünyanın müxtəlif ölkələrdən
milyonlarla turist gəlir. Bayramlar bu ölkələrin
büdcəsinə milyonlarla
xeyir verən sahələrdən biridir.
Turizm təşkilatları
hansı işləri
görürlər?
Novruz koloritinə görə dünyada kütləvi şəkildə qeyd olunan analoji bayramdan geri qalmır. Sadəcə olaraq, dövlət
və kommersiya sektoru, xüsusilə turizm təşkilatları
onun beynəlxalq səviyyədə təbliği
üçün səylə
çalışmalıdır.
2009-cu ilin sonlarında
Novruz bayramı
YUNESKO-nun Qeyri-Maddi Mədəni
İrs siyahısına
daxil edilməsi, BMT Baş Məclisi martın 21-ni Beynəlxalq
Novruz Günü kimi tanıması bu prosesi daha
da gücləndirir.
Bəs turizm fəaliyyəti ilə məşğul olan təşkilatlar Novruzu dünya turistlərinin tanıyıb,
maraq göstərdiyi bayramlar siyahısına salmaq üçün hansı işləri görürlər?
«Bakı-tur»
turizm şirkətinin
rəhbəri Fayis Məmmədovun dediyinə
görə, Bakı Turizm İnformasiya Mərkəzi ilə Novruz ərəfəsində
bir neçə layihə planlaşdırıblar:
«Mərkəz Novruz atributlarını özündə
əks etdirən bukletlər və disklər hazırlayıb.
Biz də bu
reklam-çap məhsullarını
xarici ölkələrdə
paylamaqla məşğuluq.
Turizm şirkəti kimi isə hələ ki hər hansı
buklet hazırlamamışıq.
Əsasən İran və
Türkiyədən gələn
turistlər Novruzla daha çox maraqlanırlar».
Novruz bayramı
beynəlxalq bayramlar sırasına düşə
bilər...
Turizm üzrə mütəxəssis,
«Sevgün Travel» turizm
şirkətinin rəhbəri
Bahadur Bilalov bildirir ki, Novruzun
adı dünyaşöhrətli
bayramların sırasında
çəkilmir. Hətta bu bayram ərəfəsində şənlikdə
iştirak etmək üçün Azərbaycana
gələn xarici turistlərin də sayı yetərincə olmur.
B.Bilalovun sözlərinə
görə, xarici turistlərin marağını
ölkəmizə cəlb
etmək üçün
bu bayramı sistemli şəkildə təşkil etmək lazımdır: «Bunun üçün turizm təşkilatları internet səhifələrində
Novruz bayramını əks etdirən təbliğatı genişləndirməklə,
turistlərdə mədəniyyətimizə
qarşı böyük
maraq yaratmalıdırlar».
Mütəxəssis, Azərbaycanda keçiriləcək
beynəlxalq tədbirləri
bahar bayramı vaxtına salmağı, gələn turistlərə
bayramın adət-ənənələrini
olduğu kimi çatdırmağı, Novruzu
əks etdirən suvenirlərin istehsalını
təşkil etməyi
tövsiyə edir.
«Berlin-İTB»də Novruz
süfrəsi açılacaq
Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanovun dediyinə
görə, Novruz bayramı münasibətilə
mart ayı ərzində
həm xaricdə, həm də Azərbaycanın daxilində
təmsil etdiyi qurumun dəstəyi ilə bir sıra
tədbirlərin keçirilməsi
nəzərdə tutulub.
Belə ki, turizm şirkətləri martın 19-dan 21-nə qədər
respublikamızın qərb
bölgəsinə «Gəncə-Qazax»
turlarını keçirməyi
planlaşdırır: «Bu, Gəncənin
əfsanələr paytaxtı
və Qazağın folklor paytaxtı elan edilməsi ilə bağlı Mədəniyyət və
Turizm Nazirliyinin həyata keçirdiyi layihəyə dəstək
məqsədilə və
adıçəkilən regionun
turizm potensialının
tanıtdırılması yönündə atılan
bir addımdır. İkinci bir tərəfdən, bildiyiniz kimi, qərb bölgəsində
Novruz özünəməxsus
formada qeyd edilir. Xüsusilə Qazaxda bu bayramın keçirilməsi
özəl mərasimlərlə
yadda qalır. Turistlərdə regionlarımıza, adət-ənələrimizə maraq yaratmaq baxımından belə layihələrin reallaşdırılması,
hesab edirəm ki, çox vacibdir».
Müsahibimiz bildirdi ki, mart ayı ərzində nazirlik ölkəmizi iki beynəlxalq turizm sərgisində də təmsil edir. Bunlardan biri, Almaniyada
baş tutan
«İTB-Berlin», digəri isə
Moskvada keçiriləcək
beynəlxalq turizm və səyahətlər
sərgisidir. M.Qəhrəmanov
deyir ki, əvvəlki illərdən
fərqli olaraq, bu il Novruz bayramı haqqında hər iki sərgidə ziyarətçilərə daha
geniş məlumat veriləcək: «Nazirlik tərəfindən xalqımızın
Novruz ənənələrini
əks etdirən xeyli sayda reklam-çap
məhsulları, o cümlədən
buklet və disklər hazırlanıb.
Bundan əlavə, «İTB-Berlin» sərgisinə
bayramın simasını
göstərən obrazlar
- Keçəl, Kosa, Bahar qızı da aparılıb. Həmçinin hər iki sərgidə Novruz şirniyyatlarından ibarət
süfrə açılacaq».
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 12 mart.- S. 5.