Kərpic evin pəncərəsindən
muğam dünyasına
Yeddinin arxasındakı sıfır qəfildən yoxa
çıxdı. Özünü Lənkəranın
nağılvari Tükəvilə kəndinin mənzərəli
bir yerində - dağın döşündə, çiy kərpicdən
tikilmiş ikigözlü evlərində gördü. Bu evin
balaca pəncərəsindən muğam dünyasına
boylananda yeddi yaşı ancaq olardı. Atası Xanəlinin
oxuduğu muğamlar lay-lay yaddaşına hopar, səsə
qoşulub başqa bir aləmə düşərdi. Ancaq bir
gün qrammofon valında eşitdiyi bir səs
ağlını başından aldı, qəlbinə hakim kəsildi,
onun gələcək taleyini büsbütün dəyişdi...
- Mənim
maraqlı taleyim var. Sevinirəm ki, Allah-Təala məni
kodlaşdıranda babamdan atama ötürdüyü səsi
atamdan da mənə pay veribdi. Gözümü açıb
atamı xanəndə gördüm. Onun muğam aləminə,
muğam elminə, muğam sənətinə məhəbbətinin
şahidi oldum. Evimizdə o dövrün nəhəng xanəndələrinin
- rəhmətlik Cabbar Qaryağdıoğlunun, Xan
Şuşinskinin, Seyid Şuşinskinin qrammofon valları
vardı. Gecə-gündüz bu səslərə qulaq
asardım. Bu səslər arasında bir səs vardı ki,
eşidəndə məni heyrət bürüyərdi...
Vaxt gələcəkdi ki, bu
balaca uşaq muğam dünyamızın Xanını
yaxından görəcək, onunla bir səhnədə
çıxış edəcək, məclislər yola
salacaqdı. Ancaq ona hələ çox vardı...
O uşaqlara qoşulub oyun
oynamazdı. Səslə oynayardı, səslə öyrənərdi,
səslə nəfəs alardı. Deyir ki, atamın çox əzəmətli,
çox təmtəraqlı səsi vardı. Onun ifası mənim
üçün bir möcüzə idi. Bu möcüzəni
tamamlayan Xan əminin ifası oldu. Bu iki səsi eşitməsəydim,
ola bilsin sənətə bu qədər bağlanmazdım.
- Atama
qoşulub toylara gedərdim. Sifariş verərdilər ki, Xanəli
“Bayatı-Şiraz” muğamı oxusun. Atam oxuduqca diqqətlə
qulaq asardım. Hansı şöbə, hansı guşə
olduğunu bilməsəm də, muğamları olduğu kimi
iç dünyama köçürürdüm.
Səsin işığı
Bir vaxtlar tibb işçisi
kimi insanlara şəfa verən Canəli Əkbərov illər
sonra səsiylə şəfa payladı. Çünki hələ
ürəyinin səsinə yox, həyatın səsinə
qulaq asır, Lənkəranda tibb təhsili alıb, həkim məntəqəsində
işləyir, gündəlik qayğılarla
yaşayırdı.
Nəhayət,
21 yaşında içindəki səs onu silkələdi. Səsinin
sorağıyla Bakıya gəldi. Gənc
ifaçıların müsabiqəsində iştirak edib
qızıl medalla kəndlərinə qayıtdı. Sənətdə
ilk addımı uğurlu olsa da, həyat onu
sınayırdı.
1963-cü ilin yayında məzuniyyətə çıxıb atasının xəbəri olmadan Bakıya üz tutanda isə, ağlına da gətirməzdi ki, yollar onu birbaşa böyük səhnəyə aparacaq.
Böyük
şəhər, nabələd adam, ürəkdə
aşıb-daşan arzular...
- Sənədlərimi
hazırlayıb gəldim Asəf Zeynallı adına Musiqi məktəbinə.
Axır ki, yerini-yurdunu tapdım. Maksim Qorki, 8. (Bu
doğma ünvanı hələ də yaddaşında əziz
xatirə kimi qoruyub saxlayır) Birinci imtahanı iki nəhəng
- Seyid Şuşinski ilə Əhməd Bakıxanov
götürürdü. Seyid Şuşinski muğam təbliğinin
bayraqdarı, Əhməd müəllim tarın ustadı.
Dedilər nə oxuyacaqsan, dedim ki, “Heyratı” zərb
muğamını. İmtahandan çıxanda Əhməd
müəllim arxamca çıxdı ki, oğul sən getmə,
məni gözlə. Məni evinə apardı. Evində təzədən
tar çaldı. Bir az oxumuşdum ki, “sən mənim
yadıma Cabbar Qaryağdıoğlunu saldın” - dedi. Bu mənim
üçün böyük söz idi. Məni filarmoniyaya
göndərdi. Oxudum, komissiya səsimə qulaq asdı. Dedilər,
bu ki hazır xanəndədir.
Tale
üzünə gülürdü. Onu gənc
ifaçıların konsert proqramına saldılar. 1963-cü
il avqustun 9-da ilk dəfə filarmoniyada çıxış
edəcəkdi.
- Elə bil
yuxu görürdüm. Həmin gecə mindim qatara getdim kəndə.
Həmin kəndin mərkəzinə çıxdım, atam
da burdadı. Dedilər ki, “Kommunist” qəzetini al. Aldım,
gördüm bir elanda yazılıb: gənc xanəndələrin
konserti. Siyahıda mənim də adım vardı. Atam sevincindən
dördgöz oldu.
Həmin konsertdə
“Qarabağ şikəstəsi” və “Rast” muğamını
ifa edən Canəli Əkbərov alqışlanır, onu
filarmoniyaya solist götürürlər. Xan əmiylə,
Mütəllib Mütəllimovla, Sara xanımla, Şövkət
xanımla, Əbülfət Əliyevlə və neçə-neçə
böyük sənətkarlarla bir yerdə işləmək,
onların mühitində formalaşmaq gənc xanəndə
üçün əsl məktəb olur.
Xan əminin səsinin
vurğunu olan Canəli Əkbərov, böyük sənətkarın
canlı ifalarının şahidi olsa da, ilk dəfə onunla
1964-cü ilin yayında, filarmoniyanın indiki bağında
yaxından
- Xan əmiyə xanəndəlik
sənətinin peyğəmbəri kimi baxmışam, o indi də
mənim üçün həmin zirvədədir. Bu məhəbbət,
inam, etibar günü-gündən artdı, bərkidi. Xan əmi
sonralar mənsiz toya getməzdi. Aramızda ata-oğul məhəbbəti
yaranmışdı.
İbn Səlamda Məcnun “hədəsi”
1976-cı il xanəndənin
taleyində yeni bir mərhələ ilə yadda qalır. Onu
mütəxəssis kimi filarmoniya səhnəsindən opera səhnəsinə
keçirirlər. “Leyli və Məcnun” da ilk dəfə və
cəmi bir dəfə İbn Səlam rolunu oynayan Canəli Əkbərov
bu rolla razılaşmayıb. “Elə etməyin ki, İbn Səlam
rolunda Məcnunu oynayım” - deyir. Səsi,
görünüşü, diksiyası Məcnuna uyğun gəldiyindən
qısa vaxtda onu Məcnun roluna hazırlayırlar.
- Uzun illər səhnədə
Məcnunu oynamışam. Səhnədə altı Leylim olub:
Rübabə Muradova, Nəzakət Məmmədova, Zeynəb
Xanlarova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut
Abdullayeva.
30 il opera səhnəsində
baş rolları böyük məharət və məhəbbətlə
ifa edən Canəli Əkbərov, Müslüm Maqomayevin
“Şah İsmayıl” operasında Şah İsmayıl,
Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”ində
Aşıq Qərib, Üzeyir Hacıbəylinin “Əsli və
Kərəm”ində Kərəm, Şəfiqə
Axundovanın “Gəlin qayası”nda Camal, Cahangir Cahangirovun “Xanəndənin
taleyi”ndə Mirseyid və başqa obrazları yaradır.
50 yaşında Əməkdar
artist, 52 yaşında Xalq artisti, 2000-ci ildə “Şöhrət
ordeni”nə layiq görülən Canəli Əkbərov, 50
ilə yaxındır ki, muğam sənətimizi
yaşadır, bu yolda yorulmadan çalışır, tələbələri
ilə fəxr edir və muğamlarımızı olduğu
kimi gələcək nəsillərə
çatdırmağı hər kəsə tövsiyə
edir.
İlahi arzular
Zaman həmişə xeyrimizə
işləmir. Muğamlarımıza, xalq
mahnılarımıza meydan verilməyən, dırnaqarası
baxılan vaxtlarda böyük sənətkarlar mənəvi əzab
çəkər, ilahi arzularla yaşayardılar. Belə sənətkarlardan
biri də Canəli Əkbərov idi.
- 1978 və 1983-cü illərdə
dünyada ilk dəfə olaraq Səmərqənd şəhərində
Beynəlxalq Muğam Simpoziumu keçirildi. Hər ikisində
də mən iştirak edib qalib oldum. “Muzıkalnıy jizn”
jurnalı yazdı ki, azərbaycanlı xanəndə simpozium
günlərində ağlasığmaz möcüzə
göstərdi. O vaxtı deyirdim ki, pərvərdigarə, nə
olaydı, elə bu simpozium mənim Bakımda keçiriləydi.
O arzum elə bil yaradan tərəfindən qəbul olundu. Məqam
gəldi bu xalqın, bu millətin ən ləyaqətli
xanım-xatın qızı Mehriban Əliyeva muğamın təbliğiylə
bağlı layihələr həyata keçirdi və
muğamın bayrağını YUNESKO-nun uca zirvəsinə
sancdı. Bakımızın ən görüntülü
yerində əzəmətli Beynəlxalq Muğam Mərkəzi
ucaldıldı.
Və nahayət, Bakıda
Beynəlxalq Muğam Simpoziumu keçirildi. Dünyanın
tanınmış musiqiçiləri, şərqşünas
alimləri, muğamçıları bu ilahi
varlığın, muğamımızın səcdəsinə
gəldi. Mən bu günü illər boyu gözləmişdim...
Arzu yaşa sığmaz!
Ömrünün
yetmişinci baharında sənəti, ailəsi ilə fəxr
edən Canəli Əkbərov:
- Mən Allahımdam
çox razıyam. Ona görə razıyam ki, mənim məhəbbətimi
xalqımın ürəyinə saldı.
1940-cı il, martın 10-da Lənkəranın
ucqar, dəmirağac meşələriylə zəngin bir kəndində
gələcəyin böyük xanəndəsi dünyaya gəldi.
İllər sonra dünyanın çox ölkəsini gəzib-dolaşan,
böyük səhnələrdə məlahətli
ifasıyla insanları heyrətləndirən Canəli Əkbərov,
kəndiylə bağlı suala belə cavab verəcəkdi:
- Rəsul Həmzətova
sual verirlər ki, dünyanın mərkəzi sizcən haradan
başlayır. O da cavab verir ki, mənim balaca aulumdan. Mənim
də kəndim çox böyük kənd deyil. Orda
dünyaya göz açmışam, çiy kərpicdən
tikilmiş evimizin pəncərəsindən muğam
dünyasına boylanmışam. O dünyaya doğru hələ
də yol gedirəm...
Xanəndə ömür
kitabını varaqlayıb qurtaranda yeddinin yanında
sıfır dayanmışdı. İki rəqəm
bir-birinə yaraşırdı. Tələbkar, dəqiq,
kövrək Canəli Əkbərov.
Görəsən, insana
arzularını həyata keçirmək üçün nə
qədər vaxt lazımdır?
- İnsanın arzusu
yaşa sığmaz. Çünki arzudan arzu doğur. Mənim
yaşım mənim arzularımı təmin eləməz. Həyat
eşqi ilə yaşayan adamam. Sənətim gözəlliyi vəsf
edən bir sənətdir. Etdiyim yaxşılıqdan, göstərdiyim
qayğıdan zövq almasam, onda mən yaşamıram...
Təranə
Mədəniyyət.- 2010.- 12 mart.- S. 4.