Əfsanələr paytaxtında
təntənəli mərasim
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyinin «2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları» Proqramına
uyğun olaraq 2010-cu il Gəncə Azərbaycanın əfsanələr,
Qazax folklor, Şəki isə sənətkarlıq paytaxtı
elan olunub.
Təsdiq olunan Tədbirlər
Planına uyğun olaraq martın 10-da Gəncə Dövlət
Dram Teatrında 2010-cu il Gəncənin Əfsanələr
Paytaxtı elan olunmasına həsr olunan təntənəli mərasim
keçirildi.
Tədbirin rəsmi hissəsində
Gəncə Şəhər İcra Hakimiyyəti
başçısının müavini Akif Ələkbərov,
Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana işi
sektorunun müdiri Lətifə Məmmədova və Gəncə
Şəhər Mədəniyyət və Turizm İdarəsinin
rəisi Mina Məlikova çıxış edərək,
“Xalq Yaradıcılığı Paytaxtları” layihəsinin əhəmiyyətindən
danışdılar.
Çıxışlarda
respublikamızdakı siyasi sabitlik üçün,
ümummilli liderimizin Gəncəyə olan diqqət və
qayğısının bu gün uğurla davam etdirən
ölkə rəhbəri Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə, eləcə də
milli-mənəvi dəyərlərimizin qorunub
saxlanılması, inkişaf etdirilməsi və gələcək
nəsillərə çatdırılması istiqamətində
gördüyü işlərə görə YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevaya bütün gəncəlilər və
gəncəsevərlər adından xüsusi minnətdarlıq
ifadə olundu. Mərasimin bədii hissəsində F.Əmirov
adına Gəncə Dövlət Filarmoniyasının,
«Göygöl» Dövlət Mahnı və Rəqs
Ansamblının, Dövlət Kamera Orkestri və Xalq
Çalğı Alətləri Orkestrinin maraqlı konsert proqramı
təqdim olundu.
Respublikanın Əməkdar
artistləri Alim Rzayevin, Mehparə Cəfərovanın, Leyla Məmmədovanın,
Məhəmməd Mirzəyevin oxuduqları mahnılarda
doğma yurdumuzu, ulu Gəncəni vəsf edən şən və
oynaq mahnılar alqışlarla qarşılandı.
Balaban ustası
Güloğlan Məmmədbəylinin ifa etdiyi həzin musiqi
dinləyiciləri sanki əfsanələr şəhəri
ulu Gəncənin tarixi keçmişinə apardı.
Mərasimə
«Göygöl» Dövlət Mahnı və Rəqs
Ansamblının baletmeysteri Elxan Mailovun quruluşunda rəqs
ansamblının ifa etdiyi «Azərbaycan süitası» ilə
yekun vurdu.
Onu da qeyd edək ki, «Gəncə
- Azərbaycanın Əfsanələr Paytaxtı - 2010»
adı altında tədbirlər silsiləsi il ərzində
davam etdiriləcək.
Mədəniyyət.- 2010.- 12 mart.- S. 3.