Ənənəvi Novruz yeni kontekstdə

 

Hər kəsin bu və ya digər dərəcədə məlumatlı olduğu mövzu ətrafında ilk dəfə olaraq mütəxəssislərin, mədəniyyət yazarlarının iştirakı ilə müzakirə aparıldı

 

Xalq arasında Novruz bayramı qədər həmrəylik ideyası yayan ikinci bir bayram yoxdur. Mədəniyyət Yazarları Klubunun keçirdiyi dəyirmi masanın yekun rəyi belə oldu.

 

Novruz - Yeni gün deməkdir. Yeni gündə təməl qoymaq, yeni işə başlamaq, yeni ideyaları həyata keçirmək uğurlu alınar, deyərlər. “Mədəniyyət” qəzeti də bu inancdan bəhrələnərək Yeni gün ərəfəsində yeni layihələrindən birini gerçəkləşdirdi. Mədəniyyətimizin ən müxtəlif sahələrini bu sahəyə məsul şəxs və onun bilicilərinin, eləcə də mədəniyyəti qələm məhsuluna çevirib, xalqın müzakirəsinə çıxaran yazarların cəmləşəcəyi Mədəniyyət Yazarları Klubunun ilk müzakirəsinə məhz bu mövzunu - Novruzu çıxardı. Hər kəsin bu və ya digər dərəcədə məlumatlı olduğu mövzu ətrafında ilk dəfə olaraq mütəxəssislərin, mədəniyyət yazarlarının iştirakı ilə müzakirə aparıldı. Novruz bayramı ətrafında bildiyimiz və bilmədiyimiz bir sıra maraqlı məqamlara aydınlıq gətirildi.

Dəyirmi masanı “Mədəniyyət” qəzetinin Baş redaktoru İntiqam Hümbətov açaraq iştirakçıları salamladı, redaksiyanın əməkdaşları adından xalqımızı Novruz bayramı münasibətilə təbrik etdi.

Redaksiyanın təşəbbüsü ilə mədəniyyət sahəsində yazarların daha sıx əməkdaşlıq etməsi, davamlı olaraq fikir mübadiləsi aparması üçün təsis edilən Mədəniyyət Yazarları Klubunun ilk toplantısının xalqımızın əziz bayramı ərəfəsində baş tutmasından məmnunluq ifadə etdi: «Layihənin məqsədi ölkəmizin mədəni həyatında baş verən ən mühüm hadisələri mədəniyyət sahəsində çalışan jurnalistlərin, mütəxəssislərin, ekspertlərin, eyni zamanda rəsmi qurumların nümayəndələrinin iştirakı ilə müzakirəsini keçirməkdir. Qərara gəldik ki, ilk mövzumuzu xalqımızın sevimli bayramı olan Novruza həsr edək.

Hamımıza məlumdur ki, Novruz bayramı 2009-cu ildə müvafiq dövlət qurumlarının birgə səyi ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Bu yaxınlarda isə daha bir xoş hadisə baş verdi. Belə ki, BMT Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul edildi. Bu mövzuda daha ətraflı fikirlər eşitmək üçün sözü qonaqlarımıza verirəm”.

 

 

Fikrət Babayev,

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri:

 

- Bizim doğma qəzetimizdə belə bir mövzuda söhbət etmək çox xoşdur. Belə hesab edirəm ki, əlamətdar bayramlarımıza, tarixi günlərə, eyni zamanda mədəniyyət sahəsindəki mövcud problemlərə həsr olunmuş dəyirmi masaların keçirilməsinə ehtiyac var. Çünki mədəniyyət sahəsində həllini gözləyən problemlərin diqqətə çatdırılmasında mətbuatın da öz rolu var. Güman edirəm ki, mədəniyyətimizin ayrı-ayrı sahələri - kitabxanalar, muzeylər, teatrlar, kino sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər, müstəqil ekspertlər bu müzakirələrə cəlb olunsa, bu sahələr də diqqətdən kənarda qalmayacaq. “Mədəniyyət” qəzetinin səhifələrində mədəniyyət müəssisələrinin vəziyyəti, problemləri, uğurları ilə bağlı müxtəlif materialların dərci ilə yanaşı, müxtəlif mövzularda dəyirmi masalara da yer ayrılması təqdirəlayiq haldır.

Bugünkü müzakirəmizdəki Novruz bayramı mövzusuna gəlincə, ilk olaraq qeyd edim ki, 2009-cu ildə YUNESKO tərəfindən Novruz bayramı qeyri-maddi mədəni irs siyahısına qəbul edildi. Tehranda həmin sənədin hazırlanmasında iştirak edən ekspertlərdən biri də mən idim. Məlumat üçün bildirim ki, bu bayramın qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi məsələsi hələ 2002-ci ildə İran tərəfindən irəli sürülmüşdür. Lakin YUNESKO haqlı olaraq bu sənədi geri qaytararaq bildirmişdir ki, Novruz bayramı yalnız İrana məxsus deyil. Bu bayram Azərbaycan, Türkiyə, İran, Əfqanıstan və Pakistanla yanaşı, beş Orta Asiya respublikasında dövlət səviyyəsində qeyd edilir. Eyni zamanda milyonlarla insan Çində və Hindistanda bu bayramı öz bayramı kimi keçirir. YUNESKO-nun bu bayramı çoxmillətli bir layihə kimi qeyri-maddi mədəni irs siyahısına salması doğru addımdır. Sevindirici haldır ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə Novruz bayramı beynəlxalq bayram statusu aldı.

 

 

Həmidə Rüstəmova,

“Mədəniyyət” qəzetinin Baş redaktor müavini:

 

- Fikrət müəllim, Novruzun beynəlxalq miqyasda tanıdılması, mədəni-mənəvi dəyərlərin qorunması istiqamətində iş aparan beynəlxalq təşkilatlarda müzakirəsi işi davam etdirilməkdədir. Bildiyimə görə, bu ayın sonlarında YUNESKO-nun Baş qərargahında Novruz bayramının təqdimat mərasimi keçiriləcək. Təqdimatın məqsədi və arealı barədə fikirlərinizi bölüşmənizi istərdik.

 

 

Fikrət Babayev:

 

- Doğrudur, Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsi ilə əlaqədar, mart ayının sonlarında YUNESKO-nun Baş qərargahında təqdimat mərasimi olacaq. Bu tədbir TÜRKSOY-un təşəbbüsü ilə keçirilir. Azərbaycan təqdimat mərasimində çox fəal iştirak edəcək. Burada fotosərgi təşkil olunacaq, Azərbaycan şirniyyatlarının təqdimatını keçirəcəyik, rəqs və qədim alətlər ansamblları da bu mərasimdə çıxış edəcək. Eyni zamanda Novruz bayramı ilə bağlı atributlar nümayiş olunacaq. Əminəm ki, YUNESKO-nun baş şəhərində - Parisdə Novruz bayramı ilə bağlı bu tədbir xüsusi maraq doğuracaq.

 

 

Bəhlul Abdulla,

Filologiya elmləri doktoru, professor:

 

- Novruz bayramına həsr olunmuş dəyirmi masa təşəbbüsünü bəyənirəm. Çünki bu bayramımız haqqında nə qədər danışsaq, onu ictimaiyyətə düzgün istiqamətdə çatdırsaq, yaxşı iş görmüş olarıq. Fikrət müəllimin qeyd etdiyi kimi, Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildi. Bu uğurun əldə olunmasında Azərbaycan dövlətinin xüsusi rolu var. “Novruz bayramı ensiklopediyası” kitabı latın qrafikası ilə çap olunan əsərlər sıyahısına salınıb. Bu kitabı hazırlamağımızın özü Novruz bayramına nə qədər bağlı olduğumuzu bir daha nəzərə çatdırır.

Bu yerdə məni uzun müddətdir narahat edən bir məqama da toxunmaq istərdim. Bu, əslində mətbuatımızda, televiziyalarımızda Novruzla bağlı qarmaqarışıq, uydurma söhbətlərlə bağlı gileyimdir.

Əzizlərim, birmənalı şəkildə bilməliyik ki, Novruz bayramının qanuni tarixi, məqamı var. Belə ki, Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçməsiylə gecə-gündüz bərabərliyi yaranır. Böyük şairlərimiz, sənətkarlarımız bunu bir neçə gözəl ədəbi nümunələri ilə ifadə ediblər. Heç olmasa, bunlara istinad edək. Məsələn, Abbas Səhət deyir ki:

 

   O gün ki, fəsli yaz olur,

   Gecə-gündüz taraz olur.

 

Füzulidə də belədir, Nizamidə də. Bu bayramın tarixi bilavasitə təbiət dəyişmələri ilə bağlıdır. Bəzən bayramı Cəmşidin, Zərdüştün adı ilə bağlayır, İslam dini ilə əlaqələndirirlər. Sadəcə, atributlarına görə bu bayramı Zərdüştlə, “Avesta” ilə əlaqələndirmək və ya İslam dini ilə bağlamaq qətiyyən yolverilməzdir.

 

Üç oğru, dörd doğru

 

Söhbətin bu məqamında xalq arasında müxtəlif ritualları ilə xarakterizə olunan çərşənbələr ətrafında da ciddi müzakirə aparıldı.

 

 

Bəhlul Abdulla:

 

- Bir məsələni də qeyd etmək istərdim. Azərbaycanda Novruz bayramı Böyük çillədən başlayır, fevralın 10-da Xıdır Nəbi mərasimi keçirilir, sonra gəlir Boz ay. Boz ayda dörd çillə var. Məhərrəm müəllim yaxşı bilir ki, bizim türk rəqəm sistemində təklik var, cütlük yoxdur.

Əslində çərşənbələrin 7 sayı var və müxtəlif bölgələrdə müxtəlif cür adlandırırlar. Məsələn, Naxçıvan bölgəsində çərşənbələrə «buğ» deyərlər. Deyərlər, üçü oğru, dördü doğru. Biz dediyimiz dörd çərşənbə doğru buğdur.

Televiziya kanallarının birində Hava çərşənbəsi keçirilir, başqa birində Su çərşənbəsi. Əgər havaya buğ gəlmirsə, torpağın canındakı buz isinməyəcək. Soyuqdursa, çaylarımızın buzu sınmayacaq. Birinci Su çərşənbəsini keçiririk, hava hələ qızmayıbdır, yeri necə şumlamaq olar? Hava isti olur ki, əkinçi də tarlaya çıxır.

 

Niyə məhz çərşənbə axşamı?

 

Bəhlul Abdulla:

 

- Çox müşahidələrdən sonra bir məsələni açmışam: çərşənbələr niyə məhz həftənin ikinci günü keçirilir? Deyirlər, ağır gündür, mən də razıyam, ağır gündür. Bəs ağırlığın səbəbi nədir? Bizim ayımız hicri-qəməri təqvimiylə 28 gündür. 28 günün hər yeddi gününə biz cəmlələr deyərik. Boz ayın 4 çərşənbəsi var ki, həmin günlər Ayın forması dəyişir. Aypara Ayın ucları bir dəfə yerə tərəf olur, bir dəfə əksinə istiqamətlənir. Hər yeddi gündən bir Ay öz şəklini dəyişir. Buna faza deyirlər elmi dildə. Ay öz fazalarını dəyişir. Bu fazalarla Ay dəyişəndə deyirlər ki, ay həddən ziyadə ağrı çəkir. Məhz bu günlər şadlıq eləmək, süfrə bəzəmək, od yandırmaq Ayın ağrılarını sovuşdurmaq məqsədi güdür. O yeddi çərşənbə gəlib düşür ikinci günə. Çərşənbələrin məhz o gündə qeyd edilməsi bir astroloji təqvimlə bağlıdır. Başqa bir cəhət axtarmaq lazım deyil.

Bizim belə dəyirmi masalar keçirməyə ehtiyacımız var. Müzakirələr aparaq, hər kəs öz fikrini desin və birlikdə ortaq məxrəcə gələk.   

 

 

Yeni, işıqlı həyat

 

Məhərrəm Qasımlı,

Filologiya elmləri doktoru, professor:

 

- Mən əvvəlcə “Mədəniyyət” qəzetinin “Mədəniyyət Yazarları Klubu” layihəsini alqışlayıram. Çox lazımlı bir məsələdi.

Novruz bayramı ilə bağlı onu deyim ki, Bəhlul müəllim bu məsələlərin həm tarixi kontekstini, həm də etnoqrafik mahiyyətini çox düzgün açıqladı. Novruz bayramı Şimal yarımkürəsində yaşayan xalqların hamısı üçün səciyyəvi olan tipoloji bir hadisədir. Bu xalqların əksəriyyəti yaz növbələşməsinə mərasimlərlə münasibət bildirir. Bir az öncə Çində yaz bayramı olub, indi bizdə olur. Bir az sonra slavyanlarda da olacaq. Onların “paskaliya” (pasxa) dediyi bayram mahiyyət etibarı ilə yeni günün qurulması anlamını ifadə edir. Hərçənd ki, orda İsa çarmıxdan azad edilir. Sıxıntıdan qurtulmaq, rahatlığa, yeni həyata başlama anlamı verir. Əlamətləri də şirniyyatdır, yumurta boyamaqdır və s. çox bənzər şeylərdir. Coğrafi şəraitə uyğun olaraq müəyyən vaxt dəyişikliyi var.

 

 

Təranə Məhərrəmova,

“Kaspi” qəzetinin mədəniyyət yazarı:

 

- Məhərrəm müəllim, Novruz bayramının əsas mahiyyəti nədən ibarətdir?

 

Məhərrəm Qasımlı:

 

- Bu bayramın əsas mahiyyəti mərasimlər vasitəsilə təbiətə təsir etmək, onu yumşaltmaq, mülayimləşdirmək, qışı, qara günü, çətinliyi, çilləni, ağrı-acını geridə buraxıb, yeni həyata, işıqlı həyata, bol-bərəkət, bəhrə verəcək həyata başlamaq, Novruzun bütün fəlsəfəsi, mahiyyəti bundan ibarətdir. Bunun üçün yandırılan tonqal da qaranlığı qovub uzaqlaşdırır. Qaranlıq şər ruhların təmsil olunduğu yerdir, qış da şər ruhlarla bağlıdır. Qışı qovub uzaqlaşdırır, günəşi çağırır, səməni yaşıllığı çağırır, qırmizi boyanmış yumurta günəşi çağırır. Bütün bunlarla həm də insan oğlu demək istəyir ki, qışın mənə gücü çatmadı. Yenə də ruzim ortadadır, qışı uzaqlaşdırıram və yeni günümə uğurla başlayıram. Mahiyyət bundan ibarətdir.

Bəhlul müəllimin dediyi bir məsələ də çox mühüm məsələdir. Bir çox xalqlardan fərqli olaraq bizim xalqda bu bayram böyük bir təqvim kompleksidir. Dekabrın 22-dən Böyük çillənin girməsi, sonra Kiçik çillənin girməsi, fevralın birinci ongünlüyündə Xıdır Nəbinin qeyd olunması, sonra yalançı - oğru çərşənbələrin başlanması, Boz ayın gəlişi, Boz ayın tərkibində doğru çərşənbələrin keçirilməsi. Görürsünüzmü, bir-birini növbələyən böyük bir təqvim kompleksi var bu bayramda. Hamısı da sıx şəkildə bir-biri ilə əlaqəlidir.

Çərşənbələr niyə məhz həftənin ikinci günü keçirilir? İkinci günün seçilməsi təsadüfi deyil. İkinci gün ağır gündür. Buna Anadoluda salı gün deyirlər. Bir məsəl də var: Salı gün sallanar. Yəni bir iş görmək istəsən uzanar gedər, başa gətirə bilməzsən. İkinci günün uğursuz olduğuna inanılmışdır. Bizim Azərbaycanda da həmin gün ev binəsi qoymazlar, bu günə toy salmazlar. Yəni belə inanclar var. Çillədən çıxmaq üçün tədricən, mərhələli şəkildə bu çərşənbələr boyu mərasimlər keçirilir, xüsusi ilə ocaqla bağlı mərasimlər... Ocağın təmizləyici, şəfaverici gücünə inanılaraq çillədən çıxılır. Çillə qış anlayışını verir.

Mən düşünürəm ki, bizdə sıx-sıx şəkildə çərşənbənin müqəddəs bir gün olması təbliğatı gedir. Bizim mədəniyyətimiz üçün həmin gün müqəddəs ola bilməz. Bu günü çiləmizi, ağrı-acımızı tökmək üçün seçmişiksə, bunun müqəddəslik anlamında təbliği qəti şəkildə doğru deyil.

Bayramın keçirilməsində də bir məsələyə toxunmaq istəyirəm. Ana qaynaq olaraq bu bayramı türk mədəniyyəti ilə bağlayırıq. Amma sonrakı dönəmlərdə atəşpərəstlərin də təsiri var. Səməninin adı “Avesta”da keçir, İslam dininin də təsiri var. Bunları danmaq olmaz. Təkcə alt qatda sırf təbiətlə, təbiətin oyanışı ilə bağlı bir bayramdır.

 

 

Təranə Məmmədova:

 

- Novruz bayramının mahiyyətində həm də xalqın birliyi dayanır. İstərdim mütəxəssislərimiz bu məsələyə də münasibətlərini bildirsinlər.

 

Məhərrəm Qasımlı:

 

- Bütün bayramlarımız mahiyyət etibarı ilə birləşdirici, bütünləşdirici xüsusiyyətə malikdir. Bayram nədir? Bayram hamının ortaq dəyərlər ətrafında yığışmasıdır. Ortaq dəyərlərin ətrafında yığışdıqca millət, dövlət olaraq bütövləşə bilirsən. Tamamilə doğrudur. Mən düşünürəm ki, Novruz bayramının fəlsəfəsi həm də ondan ibarətdir.

 

Bəhlul Abdulla:

 

- Bəli, bu bayram bütün xalqı birləşdirən bir bayramdır. Yadımdadır, biz uşaq olanda kənddə kimin dünyasını dəyişəni vardısa, bayramlar onların həyətlərində tonqal yandırır, onları yasdan çıxarıb hamılıqla bayram edərdik. Bəs birlik, xalqın həmrəyliyi nəyə deyirik? Bu bayram təbliğ edir ki, küsülü olmamalıyıq, kin-küdurət saxlamamalıyıq, barışmalıyıq. Novruz bayramı qədər estetik zövq verən, xalq arasında həmrəylik ideyaları yayan ikinci belə bayram yoxdur.

 

Məhərrəm Qasımlı:

 

- Belə bir bayatı da var:

   

   Orda axan arxdımı,

   Üzündə duvaqdımı?

   Novruz gəlib yetişdi,

   Ayrı duran vaxtdımı?

 

İntiqam Hümbətov:

 

- Fikrət müəllim, Siz Novruzun qeyri maddi-mədəni irs siyahısına salınması ilə bağlı sənədlərin hazırlanmasında yaxından iştirak etmisiniz. Bu bayramın müxtəlif ölkələrdə oxşar və fərqli cəhətləri barədə nə deyərdiniz?

 

Fikrət Babayev:

 

- Novruz bayramını çoxmillətli bir layihə kimi təqdim etdiyimizdən, yalnız bütün xalqlara xas olan müştərək cəhətləri saxladıq. Şirniyyatlar bizdə də var, Novruz bayramının atributları eynidir. Demək istəyirəm ki, sənədlər hazırlanarkən fərqli cəhətləri qırağa qoyub, Novruz bayramının bizi birləşdirən, xarakterizə edən ortaq, müştərək dəyərlərini saxladıq.

10 dəqiqəlik film hazırlanmalıydı və bu on dəqiqənin içində Novruz bayramını dövlət səviyyəsində qeyd edən bütün xalqlar barədə məlumatlar verilməliydi. Film hazırlandı və o qədər oxşar cəhətlər üzə çıxdı ki, elə bil film təkcə bizim bayrammış.

 

Bəhlul Abdulla:

 

- Fikrət müəllim bütün bunları gözəl qeyd etdi. Dedi ki, əgər 10 ölkə bu bayramı qeyd eləyirsə, sən bunu fərdiləşdirə bilməzsən. TÜRKSOY-un əsas məqsədi ortaq dəyərlərimizi üzə çıxarmaqdır. Yəni hər kəsin burda payı var. Qoy bütün dünya türk xalqlarının birliyini görsün.

 

İntiqam Hümbətov:

 

- Qəzetimizdə “Novruz turizm məhsulu kimi” adlı yazı da dərc olunmuşdu. Hazırda bu bayrama turistlərin cəlb olunması, xüsusi turların təşkil edilməsi istiqamətində də işlər gedir.

 

Məhərrəm Qasımlı:

 

- Bu il Novruz bayramı Milli parkda keçiriləcək. Hədsiz çox qonaq gəlir, ən çox da iranlılar. 15 il bundan əvvəl keçirilən Novruz bayramına bu qədər başqa ölkələrdən qonaqlar gəlirdimi? 15 il bundan sonra isə indikindən 15 dəfə çox adam gələcək. Növbəti illərdə qonaq axını çoxalacaq və Mədəniyyət və Turizm Nazirliyi bu istiqamətdə daha böyük işlər görəcək.

Görüşün sonunda “Mədəniyyət” qəzetinin Baş redaktoru İntiqam Hümbətov qonaqlara öz təşəkkürünü bildirdi və bayramlarını təbrik etdi.

Mədəniyyət Yazarları Klubunun ilk müzakirəsi əziz bayramımıza həsr olundu. Növbəti mədəniyyət hadisələrinin müzakirəsini yalnız “Mədəniyyət” qəzetində gözləyin.  

 

 

Söhbəti qələmə aldı: Təranə Məmmədova

 

Mədəniyyət.- 2010.- 19 mart.- S. 12-13.