Vaqif Mustafazadənin
70 illik yubileyi münasibətilə konfrans
keçirildi
Mədəniyyət və Turizm Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Bakı Caz Mərkəzində görkəmli pianoçu
və bəstəkar,
Dövlət mükafatı
laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illiyinə
həsr olunmuş konfrans keçirildi. Konfransda görkəmli musiqiçilər, tələbələr,
musiqisevərlər iştirak
edirdilər.
Konfransda çıxış
edən Bakı Musiqi Akademiyasının
elm və yaradıcılıq
işləri üzrə
prorektoru, fəlsəfə
elmləri doktoru Gülnaz Abdullazadə, V.Mustafazadənin yaradıcılıq
fəaliyyətinin ideoloji
ziddiyyətləri haqqında
danışdı: «Dünyaşöhrətli
musiqiçinin yaradıcılığında
ümumilikdə Bakının
mənzərəsini görmək
olar. V. Mustafazadə
möhtəşəm şəhərin
gözəlliklərini musiqinin
dili ilə obrazlı şəkildə
tamaşaçılara çox
gözəl çatdırıb.
Yəni musiqinin dili ilə şəhəri
insanlara sevdirib. V.Mustafazadənin yaradıcılıq
yolu o qədər
də hamar olmayıb. Azərbaycan cazına dünya şöhrəti gətirən,
musiqimizi dünyada tanıdan sənətkar bu xidmətlərinin qarşılığını sağlığında ala
bilməyib. Uzun illər o, bir
çox çətinliklərlə
üzbəüz qalıb.
Ancaq bütün bu çətinliklərə
sinə gərərək,
qoyulan qadağaları,
qarşısına çəkilən
sədləri qırmağı
bacarıb. Musiqi onun həyatı idi. O, dərs zamanı tələbələri
ilə məşq edəndə biz saatlarla onun ifasını dinləyirdik”.
Professor, Xalq artisti Tofiq
Bakıxanov, V.Mustafazadə
haqqında uzun illərin xatirələrini
tədbir iştirakçıları
ilə bölüşdü.
Sənətşünaslıq doktoru, Əməkdar incəsənət
xadimi İmruzə Əfəndiyeva, konfransda V.Mustafazadə haqqında səslənən elmi məqalələrin, çıxışların,
xatirələrin bir yerə toplanaraq çap olunmasını və bütün dünyaya yayılmasını
təklif etdi: «V.Mustafazadə qeyri-adi bir insan olub.
O, dünyaşöhrətli pianoçu, cazmen və bəstəkardır.
Vaqif Mustafazadə milli harmoniya ilə caz musiqisini
böyük sənətkarlıqla,
ustalıqla sintez edərək nailiyyətlərə
imza atıb. Digər tərəfdən,
o, rus və
Avropa bəstəkarlarının
ənənələrini milli
ənənələrlə birləşdirib, muğamla
cazın sintezindən
olduqca gözəl, orijinal və təkrarsız vəhdət
alınıb”.
Tədbirdə çıxış edən
digər görkəmli
musiqiçilər də
istedadlı pianoçumuzun
həyat və yaradıcılıq yolundan
danışdılar, onun
caz musiqisində etdiyi yenilikləri xatırlatdılar. Sonra tədbir konsert proqramı ilə davam etdirildi. Konfrans iştirakçıları
“Retro - Sevil” vokal-instrumental ansamblı,
Arif Cahangirovun rəhbərliyi ilə saksofonçular qrupu, pianoçu Əfqan Rəsulov, vokalçı
Aynur İsgəndərli,
saksofonçular Rafiq Seyidzadə, Zaur Mirzəyev və başqalarının ifalarında
musiqi nömrələrini
dinlədilər.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 19 mart.- S. 11.