Bayram ovqatlı şəhər
Redaksiyadan: Hər il olduğu kimi, bu il də Novruz
bayramı möhtəşəm şəkildə qeyd olunacaq.
Ancaq builki bayramın tamam başqa bir özəlliyi var.
Bildiyimiz kimi, Novruz YUNESKO-nun Qeyri- Maddi Mədəni İrs
siyahısına daxil edildi və BMT tərəfindən 21
martın Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına qərar
verildi. Odur ki, budəfəki bayram daha yüksək səviyyədə
keçiriləcək və bayram şənlikləri həmişəki
kimi yalnız İçərişəhəri deyil, həm də
Dənizkənarı Milli parkı əhatə edəcək.
Bayram şənlikləri ilə əlaqədar məşqlər
bu həftə də davam etdirildi. Qəzetimizin əməkdaşları
məşq proseslərinin birində iştirak edərək,
eksklüziv reportaj hazırlayıblar.
Bayram trayektoriyası
... Qız
qalası yanından Paraşüt qülləsinə qədər
- Muzey Mərkəzinin qarşısındakı ərazi Novruz
bayramına uyğun üslubda qurulub-bəzədiləcək.
Bu mizan qədim və çağdaş Azərbaycanın
milli, maddi və mədəni varlığını
qovuşduraraq xalqımızın dünəni, bu günü
və ən müqəddəs adət-ənənəsi
sayılan Novruzu əks etdirən mərasim tamaşaları
üslubunda qurulacaq.
Bayram mərasimi keçirilən
bu meydanlarda Azərbaycanın əl sənəti, kitab, bəzək
əşyaları və suvenirlər, mətbəx nemətləri
və şərbətlərin satışı da təşkil
ediləcək (yarmarka tipində). Novruz bayramı münasibətilə
restoran, kafe və köşklərdə işləyənlər
xüsusi paltarlar geyinəcəklər.
Novruzun nizəli keşikçiləri
Beləliklə, məşq
zamanı bayram trayektoriyasına daha yaxın olduq. Bayram
şənliyi Qız qalasından başlayaraq Dənizkənarı
Milli Parka doğru davam etməkdə idi. İrəlidə sərkərdə
geyimli əsgərlərin Qala divarlarını qoruması isə
insanı bir anlıq da olsa keçmiş əsrlərə
aparırdı. İnsanlar orta əsrlər
döyüşçüləri ilə şəkil çəkdirməyə
can atırdılar. Sütunlarla Qız qalasının
qarşısındakı meydana daxil olan nizəli əsgərlər
bir anın içərisində Qız qalasının ətrafını
və bu qaladan Milli parka düşən yolun hər iki tərəfinə
düzüldülər. Ümumiyyətlə, bayram tədbiri
tam milli ab-havada təşkil olunmuşdu.
Çinlilərin nağara sevdası
Xoreoqrafiya məktəbinin tələbələri
milli rəqslə şənliyə daha da böyük rəng
qatdılar. Bayramın rejissoru Cənnət Səlimova
ifaçıları daha da həvəsləndirirdi. Hələ
məşq olduğu üçün iştirakçılar
adi geyimdə idilər. Bu, tədbirin
canlılığını bir qədər azaltsa da, ətrafdakı
milli ruh ənənəsi hər şeyi üstələyirdi.
Qız qalasının ətrafı əsl bayram aurasına
köklənmişdi. Şəki, Dəvəçi,
Şamaxı kollektivləri zurna-balaban səsində bir-birindən
maraqlı musiqilər ifa edərək insanları əyləndirirdilər.
Bir məqam isə diqqətimizdən yayınmadı.
Musiqiçilərin nağarası təsadüfən yoldan
ötən çinlilərin böyük marağına səbəb
olmuşdu. Hətta aralarında əlləri ilə
nağaraya toxunub, bir-iki dəfə səsini
çıxardıb, onun nə olduğu ilə
maraqlananları da oldu. Şəkili musiqiçilərimiz də
təbii ki, öz şirin ləhcədə turistləri
anlatmağa çalışırdılar.
Dədə Qorqud xeyir-duası
Daha sonra Xalq artisti İlham Əsgərov
Dədə Qorqud obrazında Qız qalasının
qapısında dayanaraq xalqımıza xeyirli günlər
arzuladı:
- Əziz günə xoş
gəldiniz, əzizlərim!
Bayramlar bayramı, Ulu Novruz,
qədəmlərin mübarək!
Göy üzündə
parlayan günəşinə salam olsun, Ulu Novruz!
Torpağımın bərəkəti
aşıb-daşsın, Ulu Novruz!
Yellər əsən uca
göyün aydın olsun, Ulu Novruz!
Duz-çörəkli, mərd
ürəkli oğulların min yaşasın, Ulu Novruz!
Ocaqların gur qalansın,
Ulu Novruz!
“Cip-cip cücələrim”
Hər tərəfdən
mahnı, musiqi səsləri ucalırdı. Dədə
Qorqudun xeyir-duasından sonra bir az irəlidə uşaqlar məşq
edirdi. Belə bir bayramı balacalarsız da təsəvvür
etmək doğru olmazdı. Yaşıl otlar arasında
uşaqlar “Cücələrim” rəqsini məşq edirdilər.
Hava soyuq olsa da, uşaqlar həvəslə oynayırdılar.
Bayramın özüylə gətirdiyi sevinc hissi hər
şeyi unutdururdu.
Od-su-hava-torpaq
Ətrafda
bahar rəmzləri görünməkdədir. Qədim qiyafəli
bahadırın əlində içinə od-köz
yığılmış bir sini var. Bu, ocaq rəmzidir və
həzin-həzin yanır. Dədə Qorqud odun üstünə
üzərlik atır, onun əmrinə müntəzir
bahadır üzərliyin tüstüsünü qonaqların
başına hərləyir.
Burla Xatuna bənzər
xanım əlində tutduğu gümüşü sini
içindəki kuzədən, gümüşü cama
çeşmə suyu süzür, paylayır. Dədə
Qorqud duası səslənir. Ovqata uyğun musiqi uzaqdan
eşidilməkdədir.
Bu dəfə bayan gözəl,
yamyaşıl, iri bir səməni bağlaması ilə
qonaqlara qarşı gəlir. Ovqata uyğun musiqi uzaqdan
eşidilirdi.
Bu dəfə bahadır əlində
iri bir hava şarı ilə qonaqlara yaxınlaşır. Şar
Yer kürəsinin, havanın rəmzidir və göy
qurşağı rəngləri ilə (7 rəng) boyanıb.
Üzərinə “Azərbaycan”, “Novruz” sözləri
yazılıb.
Çal, aşıq, çal...
Üzü aşağıda
- Qız qalasından Milli park tərəfdə
aşıqların səsi gəlirdi.
Meydanda
aşıqlar qərar tutublar. Onlar çalıb-oxuyur və rəqs
edirlər. Sarı Aşıq, Molla Pənah Vaqif və
Aşıq Ələsgərin obrazlarını canlandıran
aktyorlar da buradadır. Sarı Aşıqdan bayatılar, Vaqifdən
və Ələsgərdən qoşmalar səslənir:
Bahar gəldi, çiçək açdı
Güllər qırmızı geyindi.
Çırtıq dəydi, üz qanadı
Xallar qırmızı geyindi.
Mayiləm mina gərdana,
Ağ bədənə, gül əndama.
Zülflərinə yaxdı xına,
Tellər qırmızı geyindi.
Qaş oynatdı, qıya baxdı,
Könlümün evini yıxdı.
Al geyindi, seyrə çıxdı,
Çöllər qırmızı geyindi.
Hüseyn qurban ala gözə,
Dodağı bal, dili məzə.
Yar sallanıb gəldi bizə,
Yollar qırmızı geyindi.
Pələngi
Şəhərdə gedən məşq prosesi
hamının marağına səbəb olmuşdu.
Aşıqların yaxınlığında isə Kosa
(Coşqun Rəhimov) və Keçəl (Rafael İsgəndərov)
uşaqlarla sorğu-sual aparırdı. Kosa isə həmişəki
dəyişməyən həyat hekayəsini
danışırdı. Məzəli yerişlə meydana daxil
olub zurna və nağarada çalınan oynaq musiqi sədaları
altında avazla belə deyir:
Bağçanızda gül ola,
Gül ola, bülbül ola.
Mən gəlmişəm kef görüm,
Zurna görüm, dəf görüm.
Birdən Kosa durduğu yerdə səndirləyir, kimin
üstünə gedirsə, o da qarşı tərəfə
itələyir. Axır ki, Kosa məqam tapıb
yıxılır. Guya ölür. Üzünə bir
dolça su atırlar, diksinib oyanır. Diz üstə dikəlib
özünü toxtatmağa çalışır. Bu zaman
dövrəsindəkilər onu sorğu-suala tuturlar.
- A Kosa, pulunu neylədin?
- Pələng və arvad aldım.
- Arvadı neynədin?
- Döyüb öldürdüm.
- Pələngi neylədin?
- Təhvil verdim zooparka, puluna da arvad aldım.
Bərəkət sərgisi
Bu epizod yaxın ətrafda
“Dirədöymə”, “Bənövşə bəndə
düşə”, “Ənzəli” oynayan qrupların
çıxışları ilə bütövləşir.
Milli parkda üzü Paraşüt qülləsinə sarı
gedincə, xalq sənəti sərgisinə
yaxınlaşırıq. Misgərlər, dəmirçilər,
xalçaçılar, həsir toxuyanlar, boyaqçılar...
iş başındadırlar.
Dəvə karvanı bəzədilib.
Bir yanda xoruz döyüşü, bir yanda sirk, akrobatlar, kəndirbazlar,
pəhlivanlar, jonqlyorlar və s.
Şərq bazarı
meydanında Azərbaycanın ayrı-ayrı bölgələri
- Gəncə, Lənkəran, Qarabağ, Naxçıvan,
Quba, Şamaxı təmsil olunurlar. Onlar yerli Novruz ənənələrini
göstərir, xalq sənəti nümunələrini, ənənəçilik
məhsullarını qonaqlara təklif edirlər.
Maraqlı səhnələrdən
biri də nağara və zurna sədaları altında gözəl
bir ceyranın meydanda rəqs etməsi idi. Ceyran milli musiqinin sədaları
altında rəqs etdikcə sanki özünün bu Novruz
bayramında hamıdan gözəl olduğunu nümayiş
etdirirdi.
Meyxana meydanı
Bütünlükdə
folklor yaradıcılığımızı sərgiləyən
bayram məşqində meyxana sənəti də öz yerini
alıb. Meyxana ustaları dəstələrə
bölünüb qafiyə tuturlar. Meyxanaçı qruplar
növbə ilə öz istedadlarını nümayiş etdirirlər.
Burada da Bakı və Abşeronun meyxana üslubuna uyğun
olaraq 4 qrup yaradılıb, Kərim, Namiq Qaraçuxurlu, Mehman
Əhmədli və başqa söz ustaları deyişirlər.
“Ax, bu evin kiçik qızı,
qoşuldu qaçdı, nənəli...”
Lap qarşıda isə
“Natiq-Ritm” qrupunun ritmləri eşidilir. Bu ritmlərin sədaları
altında güləşçilər növbə ilə
güclərini nümayiş etdirirlər. Başdan-başa
milli koloritlərə boyanmış şəhər insanı
başqa aləmə çəkib aparır. Şəhər
sakinləri maraqla bu mənzərələrə tamaşa
edirdilər.
Bir az irəli getmişdik ki,
qulağımıza “Ax, bu evin kiçik qızı,
qoşuldu qaçdı nənəli, dilim dolaşdı nənəli”
mahnısının sədaları gəlir. Bu ki, el
arasında məşhur olan “Nənələr” qrupudur...
Özlərinə məxsus tərzdə oxuyan nənələrin
qayğısız simalarında bayramın ruhu sezilir. Qrupun
fonunda çobanlar dəvələr ilə xalq oyunları
nümayiş etdirirdilər.
Musiqili Komediya Teatrı at belində
Musiqili Komediya
Teatrının aktyorları isə uzunqulaq, at fiqurlarına
minib dövrə vururdular. Məşq prosesi burada
tamamlandı. Amma martın 21-də Novruz şənliyi Musiqili
Komediya Teatrının aktyorlarının
çıxış etdiyi yerdən bir az aralıda -
Paraşüt qülləsinin yanında Xalq artisti Zülfiyyə
Xanbabayevanın çıxışı ilə və Muzey Mərkəzi
qarşısında düzənlənən tədbirlə bitəcək.
Bayram konsertinin
hazırlıq məşqindən reportaj hazırlayarkən
şəhərə bayram sevgisi hopduğunun şahidi olduq. Belə
günlərin bol olması arzusuyla, bayramınız mübarək!
Yeganə Cansail,
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 19 mart.- S. 8-9.