«Zirvə»dəkilər
Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi mükafatın növbəti təqdimat mərasimi keçirildi
Dünən Bakı Caz Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən təsis
edilən «Zirvə» mükafatının növbəti
təqdimetmə mərasimi
keçirildi. Tədbiri giriş sözü ilə aparıcı Nərgiz Cəlilova açdı. O, 3 yaşlı
mükafat haqqında tədbir iştirakçılarını
məlumatlandırdıqdan sonra sözü Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevə
verdi.
Mədəniyyət və incəsənət xadimlərini Novruz bayramı münasibətilə
təbrik edən nazir bildirdi ki, bayram günlərində
respublikamızın şəhər
və rayonlarında müxtəlif tədbirlər
keçirilir. Bu tədbirlərdə
mədəniyyət və
incəsənət işçiləri
böyük fəallıq
göstərirlər.
«Zirvə»
mükafatının qısa
vaxt ərzində mədəniyyət və
incəsənət xadimləri
arasında böyük
nüfuz qazandığını
diqqətə çatdıran
natiq, bu ödülü sənət
adamları üçün
stimul adlandırdı:
«Sənət adamlarının
əməyi bir çox mükafatlarla dəyərləndirilə bilər.
Amma «Zirvə»nin cəmiyyətdə özünəməxsus yeri
var. Əslində, bu mükafatın təsis edilməsi bir zərurət idi. Mədəniyyət sahəsindəki inkişaf
ölkəmizdəki tərəqqinin
ayrılmaz hissəsidir.
Bu gün müasir Azərbaycanın
inkişafına nəzər
saldıqda hər bir sahədə ayrı-ayrılıqda yüksəlişi
görmək mümkündür.
Hesab edirəm ki, mədəniyyət və incəsənət sahəsində çalışan
insanlar da hörmətli prezidentimiz İlham Əliyevin siyasətinə dəstək
olaraq, mədəniyyətimizi
dünyada layiqli təmsil edirlər». Ə.Qarayevin sözlərinə
görə, «Zirvə»
mükafatı mədəniyyətin
və incəsənətin
müxtəlif bölmələri
üzrə son bir il ərzində
görülən işlərin
dəyərləndirilməsi məqsədilə təqdim
edilir. Bu zaman həmçinin mükafat sahibinin mədəniyyət sahəsində
bütün həyatı
boyu göstərdiyi fədakarlıq nəzərə
alınır.
Nazir son bir il ərzində
əldə edilən uğurlara toxunaraq mükafat alan şəxslərə, mədəniyyət
və incəsənət
sahəsində fədakarlıq
göstərən bütün
insanlara təşəkkürünü
bildirdi.
Sonra «Zirvə-2010» mükafatı
öz sahiblərinə
təqdim edildi. Məlum oldu ki, təsviri sənət sahəsi üzrə mükafatın
builki sahibi Azərbaycan Respublikasının
xalq rəssamı, Prezident təqaüdçüsü,
«Şöhrət» ordenli
Kamil Nəcəfzadədir.
Mükafatı rəssama
Mədəniyyət və
turizm naziri Ə.Qarayev təqdim etdi.
Teatr sahəsi
üzrə «Zirvə»ni yaradıcılıq
uğurlarına görə
Azərbaycan Dövlət
Pantomima Teatrı fəth etdi. Mükafat Teatr Xadimləri İttifaqının
sədri, xalq artisti Azər Paşa Nemətov tərəfindən Pantomima
Teatrının baş
rejissoru, əməkdar
incəsənət xadimi,
Prezident mükafatçısı
Bəxtiyar Xanızadəyə
təqdim edildi.
Xalq artisti,
«İstiqlal» ordenli Əlibaba Məmmədov «Zirvə»nin
musiqi sahəsi üzrə qalibi oldu. Mükafatı hörmətli sənətkarımıza
Bəstəkarlar İttifaqının
katibi, professor Ramiz Zöhrabov təqdim etdi.
«Niyyət» bədii filmi isə mükafatın kino nominasiyasının qalibi oldu. Mükafat filmin
ssenari müəllifi Yavər Rzayevə, quruluşçu rejissoru Samir Kərimova, quruluşçu operatoru Nadir Mehdiyevə təqdim edildi. Bu vəzifəni isə Kinematoqrafçılar
İttifaqının katibi,
xalq artisti Rasim Balayev icra
etdi.
«Azərbaycan mədəniyyətinə
dəyərli töhfə»
nominasiyasının qalibi
Müasir İncəsənət
Muzeyinin yaradılmasına
görə tanınmış
rəssam Altay Sadıqzadə oldu. Mükafat Rəssamlıq
Akademiyasının rektoru,
xalq rəssamı Ömər Eldarov tərəfindən təqdim
olundu.
Azərbaycan Respublikasının xalq artisti, «İstiqlal» ordenli, tanınmış rəqqasə Əminə
Dilbazi «Milli sərvət» bölməsi
üzrə qalib oldu. Mükafatı Milli Konservatoriyanın
rektoru, xalq artisti Səyavuş Kərimi Ə.Dilbazinin oğluna təqdim etdi.
Və nəhayət, sonuncu - «Debüt» nominasiyasının
qalibi istedadlı pianoçu İsfar Rzayev Sarabski oldu. Cazmenə mükafatı Əzizə
Mustafazadə təqdim
etdi.
Sonra tədbir
xalq artisti Azər Zeynalov, xalq artisti Alim
Qasımov və əməkdar artist Fərqanə
Mövlamova, Vüqar Camalzadə, Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri
- Eteri Cəfərova və Şahin Səlimov, Emil Məmmədov
(fortepiano), Mircavad Cəfərov
(ud), İsfar Sarabskinin rəngarəng çıxışları ilə
davam etdi.
Fəxriyyə Abdullayeva,
İntiqam Hacılı
Mədəniyyət.- 2010.- 19 mart.- S. 3.