Sınaqlarla dolu həyat yolu

 

Hənifə Məlikova - bu dəyanətli xanım millətimizin yolunda əsl fədakarlıq göstərib. Tanrı onu xalqına, millətinə işıqlı sabah, maarifçilik ziyası bəxş etmək üçün yaratmışdı.

1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçikdə doğulan Hənifə xanım Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil alıb. Onun adı Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri kimi tarixə düşüb. Həyatı əziyyət, sınaqlar, hətta bəzən təqiblərlə dolu olsa da, mübarizəsindən yorulmayan Hənifə xanım deyirdi: "Həyatımın məqsədi - avam kütlənin, xüsusən qadınların hüquqları istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş olacaqdır. Xoşbəxtəm ki, türk qadınının əsarətdən qurtarması üçün bütün üfüqlərin açıldığı dövrə kimi yaşamışam".

 

 

Məsləkdaşlar

 

1872-ci ildə Tiflisdə Müqəddəs Nina məktəbini bitirən qızların siyahısıQafqazqəzetində dərc olunur. Məktəbi bitirən qızlar içərisində Hənifə xanım Abayevanın da adı vardı. Çoxdan bəri ziyalı bir qadınla ailə qurmaq istəyən Həsən bəy Zərdabi siyahını görüncə təhsilli müsəlman qızı ilə tanış olmaq üçün dərhal Tiflisə yollanır. Həsən bəy Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu anlayır. Evlənmək qərarı hər iki gəncin ürəyincə olur.

Həsən bəy Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşov sonralar bu izdivac barədə yazırdı: "Həsən bəyin həyatında bir vacib məsələ ona qarşı hücumları daha da gücləndirirdi: bu, onun evlənməsi idi. Tale gənc, təhsilli dağlı qız Hənifə xanım Abayevanı həyat yolunda onunla rastlaşdırdı... Bu izdivac müsəlmanlar arasında söz-söhbət doğurmuşdur. Unutmaq lazım deyildir ki, Bakı o vaxt Zaqafqaziyanın müsəlman mərkəzləri içərisində ata-baba ənənələrinə daha çox sadiq idi. Amma bütun adətlərin əksinə olaraq Həsən bəy özü elçi düşdü. Məktəbə molla gətirdi burada kəbin kəsildi. Beləliklə, gənc Hənifə xanım Məlikova-Zərdabi sevimli Balkar dağlarının qoynundan Xəzər dənizi sahillərinə gəldi. Burada onu tale yoldaşı ilə birgə şöhrət gözləyirdi..."

Hənifə xanım Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı oldu.   

 

Uşaqların hamisi

 

Həsən bəy Zərdabda yaşadıqları dövrdə, 1880-ci ildən başlayaraq Hənifə xanımla birlikdə öz evlərində pulsuz məktəb açdı. Onlar təqib təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad öyrədirdilər. Bu kiçik pansionu saxlamaq çox çətin idi. Çünki «Müsəlman şagirdlərinə yardım cəmiyyəti»nin üzvləri Həsən bəyə kömək barədə söz vermələrinə baxmayaraq yavaş-yavaş geriyə çəkilirdilər. Həsən bəy məhkəmə ilə onlardan üzvlük haqlarını tələb edirdi. Bununla belə 1876-cı ildə cəmiyyətin üzvlərinin sayı beş nəfərə endi.

 

Çadrasız müsəlman qadını

 

Bakıda çadrasız gənc müsəlman qadının görünməsi xəbəri ildırım sürətilə şəhərə yayılır. Bu qadının Bakıya özü ilə gətirdiyi maarifçilik işığının gücü ilə ziyalı xanımlarımızın sayı durmadan artır. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanımın ağır təzyiqlər mühitinə düşməsi çətin olsa da, özünə Həsən bəyə qarşı qəddar hücumlar onu zərrə qədər çaşdıra bilmir. Elə bil o, fədakarlığa əvvəldən hazır imiş. Bədxahları yaxşı bilirdilər ki, Hənifə xanımın öz mənzilindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü lap yaxın gələcəyin maarif işığını yandıracaqlar.

Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: "...Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. ...Bu uşaqların biri Qubadan gəlmişdi. O, oxumaq istədiyini qətiyyətlə atama bildirmişdi. Atam onu zarafatla Azərbaycanın Lomonosovu adlandırırdı. Seyidov familiyalı bu uşaq sonra ali hüquqşünas təhsili aldı. Atam bu uşaqlara çox qayğı diqqət göstərirdi. Uşaqlar onun ümid iftixarı idi..."

Gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyəti, çar rejimi narahat idi. Təsadüfi deyildi ki, dövlət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq icazəsini illərcə gecikdirmişdi. Hənifə xanım yazırdı: "Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu... Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.

Hənifə xanım öz mənzilində uşaqlara dərs deməklə bahəm, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi. O, Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas etmişdi.

Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdəƏkinçiqəzetinin nəşrində yaxından iştirak edərək çox əziyyətlərə qatlaşır.

 

Mənəvi ana

 

Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması idi. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə qız məktəbinin binasının tikilib başa çatması Həsən bəyin illərlə ürəyində gəzdirdiyi arzusunu reallaşdırır. Ancaq bu məktəbdə müdirə kimi işləməyə savadlı müsəlman qadın tapılmırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz üstə öldürmüşdülər. Belə bir mühitdə Hənifə xanım heç nədən qorxmadan qız məktəbində müdirə işləməyə razı olur. O, burada oxuyan qızların mənəvi anasına çevrilir. Müsəlman qızlar məktəbi sözün əsl mənasında istedadlı qadınların ocağına çevrilir.

1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda "Nicat" cəmiyyətinin bir şöbəsi olaraq "Bakı xanımlarının ilk təşkilatı" yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin rus-türk (Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində çalışır. Azərbaycanın sovetləşməsindən sonra, 1920-1926-cı illərdə Hənifə xanım Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyir.

Hənifə xanım Məlikova 1929-cu ildə Bakıda vəfat edib. Əvvəlcə şəhər qəbiristanlığında dəfn edilən Hənifə xanımın cəsədi sonralar həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına köçürülüb. Ruhən cismən bir-birinə xalqına bağlı olan bu maarifpərvər insanlardan xalqımıza heç zaman pozulmayacaq maarifçilik ənənələri xoş əməllər yadigar qalıb.

 

 

Təranə Sərdarqızı

 

Mədəniyyət.- 2010.- 5 may.- S. 14.